Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Zəfər Günü böyük coşqu ilə qeyd olunub

08 noyabr 2021 | 16:00

Zəfər Günü münasibətilə noyabrın 8-də Heydər Əliyev adına rayon mədəniyyət və istirahət parkında təntənəli bayram tədbiri təşkil olunub. Tədbirdə şəhər rəhbərliyi, Vətən müharibəsi iştirakçıları və qaziləri, ictimaiyyət nümayəndələri, gənclər iştirak ediblər.
   Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Şəhidlər xiyabanınında  ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin məzarları ziyarət olunub. 
   Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək, Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açıb, tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib. Bildirilib ki, qədim Şuşa şəhərinin rəşadətli Ordumuz tərəfindən işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldı. Qırx dörd günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərin igidliyi və rəşadəti sayəsində əldə olunub.
   Milli Məclisin deputatları Nəsib Məhəməliyev, Kamilə Əliyeva, şəhid atası Tahir Əlisoltanov və Vətən müharibəsi qazisi Hacı Muradov çıxış edərək, 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıblar. Vurğulanıb ki,müzəffər Azərbaycan Ordusunun şanlı Zəfəri ilə başa çatan Vətən müharibəsində Balakən rayonunun igid oğulları da mərdliklə vuruşaraq tarixi Qələbənin qazanılmasına öz töhfələrini veriblər. Müharibənin ilk günlərindən böyük ruh yüksəkliyi ilə cəbhəyə yollanan yüzlərlə balakənli könüllü gənc, həmçinin hərbi xidmətdə olan əsgər və zabitlər torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan Vətən savaşında şərəfli döyüş yolu keçib, qəhrəmanlıq göstəriblər.
   Sonra rayon incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı təqdim olunub. Tədbirdə təqdim olunan ədəbi-bədii kompozisiya, rəqs və mahnılar, şagirdlərin söylədiyi şeirlər, vətənpərvərlik marşlarının sədaları altında hərbi geyimli gənclərin nümunəvi keçidi parka gələnlər tərəfindən maraqla qarşılanıb.
   Zəfər Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib. Katex kəndində torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinə inşa olunan bulağın açılışı olub. Rayon sakinləri avtomobilləri ilə şəhərin küçə və prospektlərində Zəfər yürüş ediblər.                                                                                  

Keçidlər