Şriftin ölçüsü :

Saytın rəngi :

Novruzun gəlişi Balakəndə təntənəli şəkildə qeyd olunub

18 mart 2022 | 16:00

Xalqımızın ən əziz bayram olan Novruzun gəlişi münasibətilə martın 18-də Qabaqçöl qəsəbəsində və rayon Mədəniyyət Mərkəzinin qarşısında təntənəli bayram tədbirləri təşkil olunub.
   Tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev bayram münasibətilə bütün balakənliləri təbrik edib, Novruzun müstəqillik dövründə daha coşqu və təmtəraqla qeyd olunduğunu diqqətə çatdırıb. Milli adət-ənənələrimizin özümüzə qaytarılmasında, milli bayramlarımızın dövlət səviyyəsində qeyd edilərək ümumxalq bayramı səviyyəsinə qaldırılmasında ümummilli lider Heydər Əliyevin, onun siyasi varisi Prezident İlham Əliyevin böyük xidmətlərinin olduğunu vurğulayıb.
   İslam Rzayev qeyd edib ki, Azərbaycan xalqının folklor nümunələrini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini özündə əks etdirən Novruz bayramının tarixi çox qədimdir. Xalqımız bu bayramı keçirərkən niyyət edir, yaxınlarına, doğmalarına ən xoş diləklərini çatdırır. Təbiətin oyanmasının rəmzi sayılan bu bayram hər il yüksək əhval-ruhiyyə və təntənə ilə qeyd edilir.
   Rayon rəhbəri bildirib ki, son iki ildə isə Novruz bayramının qeyd edilməsi xüsusi məna daşıyır. Artıq bu bayram şənliyi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş torpaqlarımızda da keçirilir.
   Sonra rayon mədəniyyət işçilərinin ifasında bir-birini əvəz edən rəngarəng musiqi nömrələri, balacaların rəqsləri, Kosa və Keçəlin şən zarafatları, ədəbi-bədii səhnəciklər iştirakçılarda unudulmaz təəssürat yaradıb.                                                   

Keçidlər