Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda yeni inşa olunan bağçanın açılışı olub

06 may 2016 | 16:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyi ərəfəsində Balakən rayonunda yeni inşa olunmuş bağçanın açılışı olub. Açılış mərasimində Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev bildirib ki, ulu öndər Heydər Əliyevin vaxtında həyata keçirdiyi siyasət sayəsində Azərbaycan surətlə inkişaf etməkdədir.
O  vurğulayıb ki, bu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də çox böyük naliyyətlər qazanılıb. Əldə edilən inkişaf təhsil sahəsinin maddi-texniki bazasının daha da gücləndirilməsini, yeni-yeni təhsil ocaqlarının inşa edilməsini labüd edir. Son illər ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin inkişafı üçün bir sıra tədbirlər görülür. Respublikamızda 100-lərlə uşaq bağçası və körpələr evlərinin tikilməsi, bir çoxunun isə əsaslı təmiri ölkədə uşaqlara göstərilən diqqət və qayğının mühüm tərkib hissəsi olmaqla yanaşı, həm də Azərbaycanın gələcəyinin daha etibarlı təminatına geniş imkanlar açmışdır. Bu istiqamətdə Heydər Əliyev Fondu mühüm layihələr həyata keçirir. Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı icrasına başladığı layihələr mühüm əhəmiyyətə malikdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı” bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən biridir.
Bütün ölkə ərazisində, eləcə də Balakəndə təhsillə bağlı çox böyük uğurların əldə olunduğunu qeyd edən İ.Rzayev rayonda fəaliyyət göstərən bütün məktəb binalarının əsaslı şəkildə təmir olunduğunu, onların maddi-texniki bazasının gücləndirildiyini, eyni zamanda yeni-yeni uşaq bağçalarının tikilərək istifadəyə verildiyini vurğulayıb.
“Bu gün Balakəndə istifadəyə verilən bağça Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rayonumuza və balakənlilərə göstərdiyi diqqət və qayğının təzahürü və nəticəsidir” – deyən İ.Rzayev qeyd edib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan, müasir tələblərə cavab verən bu binada uşaqların təlim-tərbiyəsi, ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb, otaqlar bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub.
Sonra çıxış edən qəsəbə sakinləri qəsəbədə həyata keçirilən abadlıq-quruculuq işlərinə görə, dövlət başçısına öz minnətdarlıqlarını bildiriblər. Fidanlar hazırladıqları musiqi səhnələrini təqdim edib, müxtəlif şeirlər səsləndiriblər.
Daha sonra yeni inşa edilmiş bağçaya baxış keçirilib.

Keçidlər