Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə multikulturalizmlə bağlı tədbir keçirilib

17 may 2016 | 16:00

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Balakəndə “Azərbaycan xalqının multikultural və tolerant dəyərlərinin cəmiyyətdə təbliği” adlı növbəti tədbirini keçirib.
Tədbiri giriş sözü ilə açan RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov qeyd edib ki, multikulturalizm tarixən Azərbaycanda olmuş və yaşam tərzinə çevrilmişdir. Ölkəmizdə yaşayan bütün azsaylı millət və xalqların milli-mənəvi dəyərlərinə, mədəni irsinə hörmətlə yanaşırlar. Bütün bunlar dövlət səviyyəsində aparılan uğurlu siyasətin nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə  2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi multikulturalizmin dövlət siyasətinə və xalqımızın həyat tərzinə çevrildiyini sübut edir.
  Tədbirin əhəmiyyəti barədə danışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, mədəniyyətlərin və dinlərin ənənəvi uğurlu siyasəti nəticəsində Azərbaycan həmişə müxtəlif  millətlərinin nümayəndələrinin mədəniyyətləri və dinlərinin inteqrasiya məkanına çevrilib: “Müsəlman, xristian və yəhudi əhalisinin nümayəndələri arasındakı tolerant və dostluq münasibətləri Azərbaycan xalqının humanistlik ruhuna uyğundur. Prezidenti İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizim ili” elan edilməsi də Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına ən böyük xidmət kimi qəbul olunmalıdır”.
  Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli qeyd etdi ki, Azərbaycanda milli- mənəvi dəyərlərin həqiqi təəssübkeşi Azərbaycan dövlətidir: “Qarabağ müharibəsində başqa dinlərdən və millətlərdən olan vətəndaşlarımızın da Azərbaycan adına qəhramancasına şəhid olması faktı bunu sübut edir ki, ölkəmizdə birlik və bərabərlik qırılmaz tellərlə bağlıdır. Ancaq dövlətin uğurlu tolerant siyasətindən sui-istifadə edən bəzi milli dönüklər, xain təkfirçi vətəndaşlarımız da var. Biz hamılıqla belə zərərli qüvvələrin vaxtında ifşası üçün dövlətin yanında olmağa imanımızla borcluyuq”.
C.Əzimbəyli xüsusilə gənclərin yad və zərərli təsirlərdən qorunması üçün hər bir ailədə, eləcə də məktəblərdə maarifləndirmə işinin sistemli şəkildə aparılmasının zəruri olduğunu bildirib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbə müdiri Mehman İsmayılov və QMİ –nin Zaqatala -Balakən bölgə qazısı Hacı İbrahim İbrahimov mövzu ətrafında çıxış ediblər.
Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və çoxlu sayda fəal gənclər iştirak edib.

Keçidlər