Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Ümumdünya Turizm Günü qeyd olunub

27 sentyabr 2016 | 16:00

Balakən rayon Mədəniyyət Mərkəzində Ümumdünya Turizm Günü münasibətilə tədbir keçirilib. Tədbiri rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Şəfəq Hacıyeva açaraq qeyd etdi ki, 1980-ci ildən başlayaraq Birləşmiş Millətlər Təşkilatı yanında fəaliyyət göstərən Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının qərarı ilə hər il sentyabrın 27-si “Ümumdünya Turizm Günü” kimi qeyd olunur. 2001-ci ildən ölkəmizdə də Ümumdünya Turizm Günü qeyd olunmağa başlayıb.
Ş.Hacıyeva vurğulayıb ki, bu gün Azərbaycanda turizmin inkişafı üçün böyük işlər görülür. Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində respublikamızda turizm sahəsi böyük uğurlar qazanır və inkişaf edir. Məhz bu inkişafın nəticəsidir ki, ölkənin bütün regionlarında yeni turizm obyektləri tikilir, mədəni-tarixi qoruqlar yaradılır və bərpa edilir. Respublikamızın əsas turizm bölgələrindən biri kimi Balakən rayonunda da turizmin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Son illər Azərbaycanın regionlarına, o cümlədən rayonumuza dövlət tərəfindən xüsusi diqqət göstərilir, turizmin inkişafına, bu sahədə zəruri  infrastrukturun  yaradılmasına şərait yaradılır. Azərbaycanda turizmin inkişafını sürətləndirmək, ölkənin daxili turizm potensialını
dünya bazarına çıxarmaq, xarici turistlərin diqqətini gəzməli-görməli guşələrimizə cəlb etmək məqsədilə bölgələr üzrə yeddi turizm marşrutu müəyyənləşdirilib. Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə Balakən rayonu 4 nömrəli turizm marşurutuna daxil edilib.
Tədbirdə çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev bildirdi ki, son illər dövlətimizin ayırdığı diqqət və qayğı sayəsində  turizm inkişafımızın prioritet istiqamətlərindən birinə çevrilib.  Turizmə dair  qəbul edilmiş dövlət  proqramları, davamlı olaraq həyata keçirilən tədbirlər  bu inkişafı şərtləndirən əsas amillərdəndir.  Turizm sahəsində aparılan islahatlar, ölkəmizdə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, dünyanın müxtəlif yerlərində təşkil olunan sərgi və tədbirlər Azərbaycanın yüksək səviyyədə təbliğidir. Bütün bu uğurların qazanılmasında  isə, təbii ki, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi  düşünülmüş inkişaf strategiyasının mühüm rolu var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il Sərəncamı ilə hər il 27 sentyabrın ölkəmizdə “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd edilməsi bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir.
İslam Rzayev qeyd edib ki, Balakən rayonu müxtəlif turizm növlərinin inkişaf etdirilməsi üçün münasibdir. Ekoturizm, tarix və mədəniyyət, inanc və s. turizm növləri üçün geniş potensial vardır.  Qonşu iki ölkə ilə sərhəddə olan Balakən rayonunun malik olduğu turizm potensialı onu yaxın gələcəkdə transsərhəd turizm marşrutlarının mərkəzi ola biləcəyini söyləməyə əsas verir.  Dünya Bankının Şimal-Qərb dəhlizi üzrə regional inkişaf və turizm potensialının inkişaf etdirilməsi layihəsinin ilə əlaqədar 2015-2020-ci illər üçün rayonumuzda görülməsi nəzərdə tutulmuş turizm inkişaf layihəsi hazırlanıb.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı turizm sahəsində çalışanları peşə bayramları münasibətilə təbrik edib, rayonumuzda turizmin inkişafı naminə fəaliyyətlərində uğurlar arzulayıb.
Balakən rayonunun turizm imkanlarının təşviqində, milli, tarixi və mədəni xüsusiyyətlərinin öyrənilməsində və təbliğindəki xidmətləri nəzərə alınaraq turizm sahəsində çalışan 3 nəfər Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilib.
Tədbirdə folklor kollektivlərinin və mədəniyyət işçilərinin çıxışları tamaşaçıların marağına səbəb olub.

Keçidlər