Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda Dövlət Bayrağı Günü qeyd edilib

10 noyabr 2016 | 16:00

Balakən  rayonunda 07 noyabr  2016-cı il tarixdə Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirilib.  Tədbirdə məruzə ilə çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev bayram münasibətilə mərasim iştirakçılarını təbrik edib və bu əlamətdar günün əhəmiyyətindən söz açıb. Natiq bildirib ki, hər bir xalqın qürur mənbəyi və iftixarı, hər bir dövlətin müstəqilliyinin əsas atributlarından və simvollarından olan bayraq Azərbaycan xalqı üçün də müqəddəsdir.
Zəngin tarixi irsdən yaranaraq uğrunda on minlərlə insanın canından keçdiyi üçrəngli bayrağımız tarixi yolumuzun, milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir. Müasir dövrdə isə bayraq xalqın müstəqillik, suverenlik, milli azadlıq, istiqlal ideallarını simvollaşdırır.  Başımız üzərində dalğalanan üçrəngli bayrağımız ilk dəfə 1918-1920-ci illərdə Azərbaycan Xalq Cumhuriyyətinin bayrağı kimi təsdiqlənmişdir.
İslam Rzayev qeyd edib ki, hələ SSRİ dövründə, 1990-cı il noyabrın 17-də milli bayrağımız ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində Muxtar Respublikanın bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət bayrağı kimi tanınması barədə vəsatət qaldırmışdır. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti həmin vəsatətə baxmış və bu bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul olunması haqqında qərar çıxarmışdır.  Prezident cənab İlham Əliyev 2007-ci il noyabrın 17-də “Dövlət Bayrağı Meydanının yaradılması barədə”, 2009-cu il noyabrın 17-də isə “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncamlar imzalamışdır. Dövlət Bayrağı Gününün təsis edilməsi Azərbaycan Prezidentinin müstəqilliyimizə, dövlətimizin atributlarına verdiyi dəyərin bariz nümunəsidir. 2010-cu il sentyabrın 1-də Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanının açılışı olmuşdur. Burada 162 metr hündürlükdə xalqımızın qürur mənbəyi və müstəqilliyimizin simvolu olan milli bayrağımız əzəmətlə dalğalanır.
İslam Rzayev  Azərbaycanın müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən olan bayrağımız barədə, Azərbaycanda mövcud olmuş dövlətlərin bayraqlarının tarixindən, Dövlət Bayrağı Gününün təntənə ilə qeyd edilməsinin həm də gənc nəsildə vətənpərvərlik ruhunun möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
Tədbirdə  mədəniyyət işçiləri tərəfindən ədəbi-bədii kompozisiya nümayiş olunub, mahnılar səsləndirilib.

Keçidlər