Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 43 sahibkara 400 min manat güzəştli kredit verilib

02 dekabr 2016 | 16:00

İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun dekabrın 2-də Balakən rayonunda keçirdiyi işgüzar forumda Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 43 sahibkara 400 min manat güzəştli kredit verilib.

Kreditlər əsasən, heyvandarlıq, arıçılıq, bağçılıq təsərrüfatlarının, çörək, su və meyvə şirələri istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 60-a yaxın yeni iş yerinin açılması mümkün olacaq.

İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Balakəndə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

Səksənə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Balakən rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri taxılçılıq, intensiv bağçılıq, tütünçülük və cins heyvandarlıq təsərrüfatlarının, çörək istehsalı və meyvə emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov bildirib ki, 2016-cı ilin ötən dövrü ərzində 2300-dən çox sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsi məqsədilə 155,4 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6900-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2100-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 98 milyon manat güzəştli kredit verilib.

Forum çərçivəsində Balakən rayonunda güzəştli kreditlər hesabına yaradılmış bağçılıq təsərrüfatlarına baxış keçirilib.

Ümumilikdə, son illər müasir suvarma sistemlərinin tətbiqi ilə 22 bağçılıq və tingçilik təsərrüfatının yaradılmasına 27,5 milyon manat güzəştli kredit verilib.

Keçidlər