Şriftin ölçüsü :

Saytın rəngi :

2016-cı ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

07 fevral 2017 | 16:00

2016-cı ildə Balakən rayonunda ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 4,2 faiz artaraq 140,6 milyon manat təşkil edib. Hesabat dövründə rayonda 62,7 milyon manatlıq kənd təsərrüfatı, 5,4 milyon manatlıq sənaye məhsulları istehsal edilib, 8,3 milyon manatlıq tikinti işləri görülüb. İyirmi illik fasilədən sonra ötən il rayonda yenidən tütün bitkisinin becərilməsinə və barama yetişdirilməsinə başlanılıb. ABAD (Ailə Biznesinə Asan Dəstək) layihəsi çərçivəsində Balakən rayonunda “ABAD park” kompleksinin tikintisi üçün ilkin hazırlıq işləri aparılıb. Sahibkarlığın inkişaf etdirilməsi məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına sahibkarlara 26 layihə üzrə 191 min manat güzəştli kredit verilib.

Bu barədə fevralın 7-də Balakəndə 2016-cı ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə məlumat verilib.

Yığıncaq iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində rayonda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarından və sənətkarların əl işlərindən ibarət sərgilərə baxıblar.

Hesabat məruzəsində bildirilib ki, iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edən Balakən rayonunda ötən il aqrar sahənin mövcud potensialının üzə çıxarılması, əkin sahələrinin, torpaqlardan istifadənin səmərəliliyinin artırılması istiqamətində zəruri işlər görülüb. Bunun nəticəsidir ki, 2016-cı ildə Balakəndə aqrar sahədə məhsul istehsalı əvvəlki illə müqayisədə 4,8 faiz artıb. İstehsal olunan kənd təsərrüfatı məhsullarının 52,2 faizi bitkiçilik, 47,8 faizi isə heyvandarlıq məhsullarının payına düşür.

Qeyd olunub ki, Prezident İlham Əliyevin mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi, ixracyönümlü sahələrin inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlar 2016-cı ildə Balakən rayonunda da uğurla icra olunub. Belə ki, ötən il rayonda 501 hektar sahədə tütün əkilib, 1149,3 ton yaş, 96,3 ton quru tütün istehsal olunub. Baramaçılığın inkişaf etdirilməsi istiqamətində də zəruri işlər görülüb, “Şəki-İpək” ASC ilə bağlanmış müqavilə əsasında 3,2 ton yaş barama istehsal edilərək, müəssisəyə təhvil verilib. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədi ilə yaz və payız mövsümlərində rayon ərazisində 100 min ədəd tut tingi əkilib. Fındıqçılığın inkişaf etdirilməsi üçün 1602 hektar sahədə yeni fındıq bağları salınıb. Katex kəndində 3,5 hektar sahədə qoz ağacları əkilib, damlama üsulu ilə suvarma sistemi quraşdırılıb.

Diqqətə çatdırılıb ki, qarğıdalı bitkisinin əkin sahəsinə görə Balakən rayonu ötən il də respublikada birinci olub. Fermerlər 7244,5 hektar qarğıdalı sahəsindən 44,8 min ton məhsul götürüblər. Dən qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 12 faiz artıb.

Qeyd olunub ki, hesabat dövründə rayonda heyvandarlıq məhsulları istehsalında da dinamik artım qeydə alınıb. Ət istehsalı 2,4 faiz, süd istehsalı 0,5 faiz, yun istehsalı 3,7 faiz, bal istehsalı 1,3 faiz, yumurta istehsalı isə 0,8 faiz artıb.

Məruzədə, həmçinin 2016-cı ildə rayonda həyata keçirilən tikinti-təmir və abadlıq işləri barədə məlumat verilib. Bildirilib ki, ötən il Balakən şəhərində Heydər Əliyev Fondunun vəsaiti hesabına 100 yerlik körpələr evi-uşaq bağçası, həmçinin rayon kənd təsərrüfatı idarəsi və polis şöbəsi üçün yeni inzibati binalar, kəndlərdə Qarabağ müharibəsi əlilləri üçün 3 ev tikilib istifadəyə verilib. Balakən şəhərindəki internat tipli gimnaziya əsaslı təmir olunub, Şərif kəndində 360 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanılıb. Katex kəndindəki soyuducu anbar kompleksində meyvə qurudulması üçün avadanlıq quraşdırılıb.

Əkin sahələrinin suvarılması işini yaxşılaşdırmaq məqsədi ilə uzun illər istifadəsiz qalan və ümumi uzunluğu 40 kilometrə yaxın olan Balakən QES, Balakən-Tuqay və Mazım-Tuqay suvarma kanalları bərpa edilib, kəndlərdə 7 artezian quyusu qazılıb, 31 quyu təmir edilib. Nəticədə yüz hektarlarla sahənin suvarılması üçün əlavə imkanlar yaranıb.

Müşavirədə, həmçinin 2016-cı ildə əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib.

Milli Məclisin deputatları Kamilə xanım  Əliyeva, Nəsib Məhəməliyev, Prezident Administrasiyasının məsul işçisi cənab  Rüfət Əliyev çıxış edərək, 2016-cı ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlar barədə danışıb, tövsiyələrini bildiriblər.

Müşavirə iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Keçidlər