Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə aqrar sahə yeni bir mərhələdə.

21 iyun 2017 | 16:00

Ölkə başçısı cənab  İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə kənd təsərrüfatının inkişafında yeni mərhələ başlanıb. Əsas məqsəd kənd təsərrüfatının müasir texnologiyalar əsasında inkişafına nail olmaq, yerlərdə potensial imkanlardan maksimum yararlanmaq, ixracyönümlü məhsulların istehsalına diqqəti artırmaq, qeyri-neft sektorunu inkişaf etdirmək, əhalinin həyat səviyyəsini yüksəltməkdir.
Respublikanın digər rayonları kimi Balakən rayonu da  kənd təsərrüfatının müxtəlif sahələri üzrə ixtisaslaşmışdır. Möhtərəm Prezidentin tapşırığına əsasən rayonun coğrafi-iqtisadi mövqeyi və  əhalinin kənd təsərrüfatı üzrə ənənələri nəzərə alınaraq tütünçülüyün, baramaçılığın, fındıqçılığın, taxılçılığın və digər sahələrin inkişafına təkan verilmiş, hədəflər müəyyənləşdirilmişdir. 2016-cı ildə  son illərdə ilk dəfə olaraq 501 hektar sahədə tütün əkilmiş, əvvəlki illərdə istehsal edilməməsinə baxmayaraq 3.2 ton barama istehsal olunmuş və bu sahənin daha da inkişaf etdirilməsi üçün 100 min tut tinginin əkilməsi təmin edilmişdir. Qarğıdalı  əkininə nəzər salsaq görərik ki, 2011-ci ildə 4865 hektar sahədən 19919 ton məhsul yığılmışdırsa, 2016-cı ildə 7244.5 hektar sahədən 44788.2 ton məhsul yığılmış, nəticədə son 5 ildə Balakən rayonu qarğıdalı istehsalına görə Respublikada birinciliyini qoruyub saxlamışdır.  Fındıqçılığın inkişaf etdirilməsi üçün 5 min kektar ərazidə fındıq bağının salınması planlaşdırılmış, ilkin olaraq 2016-cı ildə 1602.2 hektar ərazidə fındıq bağının salınması təmin edilmişdir.  Bu dinamik aqrar inkişafı qorumaq məqsədilə cari ildə də hədəflər müəyyən olunmuşdur. Belə ki, cari ildə 528 ha sahədə (241 ha sahədə virciniya, 8 ha sahədə berley, 279 ha sahədə isə yerli itiyarpaq tütün növü) tütün əkini  aparılmışdır.  Hazırda tütün sahələrinə aqrotexniki qulluq işləri  davam etdirilir. Sevindirici haldır ki, bəzi kəndlərdə artıq yerli itiyarpaq tütün növünün  yığımına başlanıb.  Rayon üçün digər ənənəvi sahələrdən biri olan barama istehsalının, keçən ilin müvafiq dövrünə nisbətən 3.6 dəfə artırılaraq 12.5 tona çatdırılması proqnozlaşdırılıb.  18 kənd üzrə 115 ailəyə  cəmi 250 qutu barama toxumu paylanmış, artıq 11 tondan çox barama tədarük edilmişdir.  Bütün bunlarla bərabər qərzəkli meyvəçiliyin də inkişafı diqqətdə saxlanılmışdır. Katex kəndində 3,5 ha sahədə qoz ağaclarının əkilməsi  təmin edilmiş və damlama üsülu ilə suvarma sistemi qurulmuşdur. İntensiv  bağçılığın  inkişafına diqqət verilmiş və  mövcud 187 ha intensiv meyvə bağlarına aqrotexniki qulluq göstərilmişdir.
Cari ildə 662 ha sahədə yeni fındıq bağları salınmış, 940 ha fındıq bağının isə payızlıq əkində salınması planlaşdırılıb. Kənd təsərrüfatının ixtisaslaşdırılmış bu sahələri ilə bərabər digər əkin  işləridə nəzarətdə saxlanılmş, əhalinin ekoloji təmiz kənd təsərrüfatı məhsulu ilə  təminatı diqqətdə olmuşdur.
Eyni zamanda sahibkarlığın inkişafı, əhalinin məşğulluq səviyyəsinin artırılması,  rəqabətqabiliyyətli ailə təsərrüfatlarının və ixrac yönümlü milli ailə biznesi brendlərinin formalaşdırılması məqsədilə rayonda ABAD (ailə biznesinə asan dəstək) layihəsi  gerçəkləşdirilməyə başlanılmışdır. Hazırda bu sosial layihənin icra edilməsi üçün ailə təsərrüfatları ilə görüşlər keçirilmiş, 160 nəfər müxtəlif sahələrlə (heyvandarlıqla, meyvə-tərəvəz məhsullarının tədarükü və konservləşdirilməsi ilə, arıçılıq təsərrüfatı ilə, sənətkarlıqla və.s) məşğul olan təsərrüfatçıların (ABAD-çıların) siyahısı tutulmuş və ilkin olaraq rayona 12 kiçik emal konteynerinin gətirilməsi təşkil  edilmişdir.  Bu konteynerlərdən 1 ədədi ət, 2 ədədi süd məhsullarının emalı üçün, 9 ədədi isə meyvə-giləmeyvə məhsullarının emalı üçün nəzərdə tutulmuşdur. Hazırda şəhərin Heydər Əliyev prospektində “ABAD Mərkəz”in inzibati binası tikilməkdədir. Katex kəndində meyvə qurudulması üzrə Cənubi Koreya istehsalı olan avadanlıq quraşdırılmışdır. Gücü    ayda 10 ton quru meyvə olan avadanlıq artıq istifadəyə verilmiş, burada xurma məhsulunun qurudulması test edilmiş, “Balxurma”  brendi adı ilə satışa başlanılmışdır. Rayonun Katex kəndində “Balxurma” MMC-nin inzibati binasının tikintisinə başlanmışdır.
Aqrar sektorun davamlı inkişaf etdirilməsi üçün ən əsas şərtlərdən biri  olan əkin sahələrinin suvarılması və mühafizəsinin təşkili ilə bağlı əhəmiyyətli işlər görülmüşdür. Uzun illər istifadəsiz qalan və uzunluğu 13 km olan Balakən QES kanalı, 16,5 km olan Balakən-Tuqay, 10 km olan Mazım-Tuqay suvarma kanallarının bərpa edilməsi nəticəsində 100 hektarlarla sahənin suvarılması mümkün olmuşdur. 
Rayon İcra hakimiyyətinin başçısı cənab İslam Rzayev tərəfindən cari təsərrüfat ilində 11 dəfə kənd təsərrüfatı müşavirəsi keçirilmiş,  təsərrüfatlara müvafiq komissiyalar tərəfindən  reydlər olunmuş, hər bir təsərrüfatçının mövcud problemi yerində öyrənilmiş, təklifi nəzərə alınmışdır.
Bütün bu görülmüş işlər deməyə əsas verir ki, ilin sonuna ümumi məhsul buraxılışında kənd təsərrüfatının xüsusi çəkisi  yüksək olacaqdır.

 

Keçidlər