Şriftin ölçüsü :

Saytın rəngi :

“Səyyar kitabxana”nın növbəti ünvanı “Azərbaycanın Gənclər Paytaxtı” Balakən olub

17 iyul 2017 | 16:00

2017-ci il üçün “Azərbaycanın Gənclər Paytaxtı” seçilən Balakəndə “paytaxt ili” çərçivəsində növbəti maraqlı layihəyə start verilib.
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə 2013-cü ildən reallaşdırılan “Səyyar kitabxana” layihəsi bu dəfə Balakən rayonunun gənclərinin, kitabsevərlərinin qonağı olub.
“Səyyar kitabxana”nın açılışı münasibətilə keçirilən tədbirdə Balakən rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova, gənclər və idman idarəsinin rəisi Rasim Paçalov çıxış edərək, yeniyetmə və gənclərin kitaba, mütaliəyə olan marağının artırılmasında, asudə vaxtlarının mənalı və səmərəli təşkilində belə layihələrin əhəmiyyətini vurğulayıblar.
Bildirilib ki, hazırda səyyar kitabxananın fondunda beş minə yaxın kitab və on minədək kitabın elektron versiyası var. Oxucular elektron versiyaları yaddaş kartı vasitəsilə köçürüb götürə bilərlər. Kitabxanada, həmçinin dərsliklər də var. Ali təhsil müəssisələrinə hazırlaşan abituriyentlər onları səyyar kitabxanadan əldə edə bilərlər.
Balakən şəhərinin mərkəzində, Heydər Əliyev adına mədəniyyət və istirahət parkının girişində, kanat yolunun qarşısındakı meydanda fəaliyyətə başlayan “Səyyar kitabxana” 15 gün müddətində günorta saat 12.00-dan axşam saat 20.00-dək balakənli kitabsevərlərə xidmət göstərəcək.

Keçidlər