Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev Balakəndə “ABAD Mərkəz”in açılışında iştirak edib

04 avqust 2017 | 07:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Balakəndə “ABAD Mərkəz”in açılışında iştirak edib.
Prezident İlham Əliyev əvvəlcə rayonun Katex kəndində yerləşən “Balxurma” müəssisəsinin 2016-2017-ci illər üzrə fəaliyyəti və gələcək planları ilə bağlı məlumatları əks etdirən stendlərə baxdı. Qeyd edildi ki, “Balxurma” müəssisəsinin işçilərinin sayı 15 nəfərdən 85 nəfərə çatdırılacaq. İlkin 5 milyon manat kapital qoyulan müəssisəyə əlavə olaraq 12 milyon manat investisiya cəlb ediləcək. Məhsul daxili bazardan əlavə MDB, Avropa və ərəb ölkələrinə ixrac olunacaq. “Balxurma” müəssisəsinin gələcək planlarına yeni korpusların tikintisi, gündəlik istehsal sayının 45 min ədəd xurmadan 150 min ədəd xurmaya, iş yerlərinin sayının isə 200 nəfərə çatdırılması daxildir.
Son illərdə ölkəmizdə kiçik ailə biznesinin və təsərrüfatlarının inkişafını təşviq etmək və regional inkişafa töhfə vermək məqsədilə icra olunan layihələr arasında “ABAD” layihəsinin xüsusi yeri var. “ABAD” Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən və 2016-cı il sentyabrın 23-də yaradılan publik hüquqi şəxsdir. O, Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına dəstək verməyi nəzərdə tutan yeni sosial innovasiya konsepsiyasıdır. Layihənin məqsədi kiçik və orta sahibkarlığın inkişafına, məşğulluq səviyyəsinin artırılmasına, rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına, ölkədə regionların və kənd təsərrüfatının inkişafına dəstək verməkdir.
Balakəndə “ABAD Mərkəz”in yaradılması da olduqca önəmlidir.
Bildirildi ki, ötən ilin oktyabrında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında “ABAD mərkəz”lərin fəaliyyət sahələrində Korporativ Əməkdaşlıq Sazişi imzalanıb. Əməkdaşlıq çərçivəsində Balakən rayonunun “ABAD” layihəsi 2-ci pilot layihə olaraq müəyyən edilib. SOCAR-ın dəstəyi ilə 12 ailəyə 9 meyvə, 2 süd və 1 ət emalı üçün xüsusi istehsal avadanlığı ilə təchiz edilmiş konteynerlər təhvil verilib.
Prezident İlham Əliyev “ABAD” layihəsi çərçivəsində Balakəndə və digər rayonlarda istehsal edilən məhsullara baxdı.
Balakən rayonundan əl işləri hazırlayan dörd sənətkar “ABAD” layihəsinin iştirakçısıdır. Ümumilikdə Balakənin və qonşu rayonların potensialını, layihəyə olan marağı, bu səbəbdən də artan iş həcmini nəzərə alaraq, Balakəndə regional “ABAD Mərkəz”in təsis edilməsi məqsədəuyğun hesab olunub. Burada layihə çərçivəsində 280 kvadratmetrə yaxın sahəsi olan ikimərtəbəli inzibati bina inşa edilib. Binadakı iş otaqları zəruri avadanlıqla təchiz olunub. Burada, həmçinin təqdimat və görüş zalları, laboratoriya da fəaliyyət göstərəcək. Binada ümumi sahəsi 640 kvadratmetrdən çox olan müxtəlif temperaturlu anbar kompleksi də yaradılıb.
“ABAD Mərkəz” ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Tədbir iştirakçılarını salamlayan dövlətimizin başçısı çıxış etdi.

Keçidlər