Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda 2018-ci ilin birinci rübü üzrə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

19 aprel 2018 | 16:00

   İqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edən Balakən rayonunda mövcud iqtisadi potensialdan səmərəli istifadə olunması, ixracyönümlü sahələrin inkişaf etdirilməsi istiqamətində tədbirlər 2018-ci ildə də ardıcıl həyata keçiriləcək. Belə ki, cari ildə rayonda barama istehsalının əvvəlki illə müqayisədə 14 ton və ya 2,7 dəfə artırılaraq 25 tona çatdırılması nəzərdə tutulur. Baramaçılığın yem bazasının yaxşılaşdırılması üçün ötən il rayonun kəndlərində bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində 131,5 min ədəd, cari ilin birinci rübündə isə 8 min ədəd tut tingi əkilib. Eyni zamanda, mövcud tut ağaclarının inventarizasiyası aparılıb, çəkil bağlarının məhsuldarlığının artırılması üçün tədbirlər görülüb, bağlara aqrotexniki qulluq olunub.
   Bu barədə 2018-ci ilin birinci rübünün yekunları ilə əlaqədar aprelin 19-da Balakəndə keçirilən müşavirədə məlumat verilib.
   Rayon icra hakimiyyətinin başçısı İslam Rzayevin hesabat məruzəsində daha sonra bildirilib ki, 2018-ci ildə 535 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Tütün əkini üçün 1002 ədəd sadə şitillik hazırlanıb, 510 hektar sahə şumlanıb. Rayonda 60 kameralı tütünqurutma məntəqəsinin tikintisi üçün Hənifə kəndində 2 hektar torpaq sahəsi ayrılıb və hazırda tikintiyə başlanılması məqsədilə hazırlıq işləri görülür. Kameraların tikintisi tütün istehsalına çəkilən xərclərin azalması, əhalinin məşğulluğunun təmin edilməsi və gəlirlərinin artması üçün yeni imkanlar açacaq. Diqqətə çatdırılıb ki, hesabat dövründə 75 nəfər tütün istehsalçısına emal müəssisələrinə satdıqları yaş və quru tütünə görə dövlət büdcəsinin vəsaiti hesabına 13 min 744 manat məbləğində subsidiya ödənilib.
   Bildirilib ki, rayonda fındıqçılığın inkişaf etdirilməsi istiqamətində də müvafiq işlər görülür. Son iki ildə rayon ərazisində 3968 hektar, o cümlədən cari ilin birinci rübündə 700 hektar sahədə yeni fındıq bağları salınıb. Payız mövsümündə daha 1000 hektar sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulur.
   Birinci rübdə rayonun təsərrüfatlarında 3516 hektar sahədə yazlıq bitkilər əkilib, cari ilin məhsulu üçün payızlıq taxıl əkilmiş 1716 hektar sahəyə aqrotexniki qulluq göstərilib.
   Məruzədə, həmçinin cari ilin birinci rübündə rayonda həyata keçirilən təmir-tikinti işləri barədə də məlumat verilib. Bildirilib ki, hesabat dövründə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 29 kilometr olan Balakən-Mazımçay hissəsinin, 18 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən 29 kilometr uzunluğunda Balakən-Qazbinə-İtitala avtomobil yolunun, həmçinin Balakən şəhərində Uşaq İncəsənət Məktəbinin yeni binasının tikintisi işləri davam etdirilib. Şərif kəndində inşa edilən 360 şagird yerlik yeni məktəb binasının tikintisi yekunlaşıb, Qullar kəndində 130 yerlik uşaq bağçasının təmirinə başlanılıb.
   Müşavirədə, həmçinin 2018-ci ilin birinci rübündə elektrik enerjisi, təbii qaz, suvarma və içməli su ilə təminatın yaxşılaşdırılması, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib.

Keçidlər