Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda Dövlət Bayrağı Günü qeyd olunub.

07 noyabr 2018 | 16:00

   Noyabrın 7-də Balakən rayon Bayraq Muzeyində Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev bayram münasibətilə mərasim iştirakçılarını təbrik edib və bu əlamətdar günün əhəmiyyətindən söz açıb. Natiq bildirib ki, hər bir xalqın qürur mənbəyi və iftixarı, hər bir dövlətin müstəqilliyinin əsas atributlarından və simvollarından olan bayraq Azərbaycan xalqı üçün də müqəddəsdir.

   Başımızın üzərində dalğalanan üçrəngli Azərbaycan dövlət bayrağı 9 noyabr 1918-ci ildə-Xalq Cümhuriyyəti dövründə təsis edilib və həmin tarixdən 100 il ötür. 100 yaşlı Azərbaycan Xalq Cümhuriyyətinin atributlarından biri olan üçrəngli, ay-ulduzlu bayrağımızla hər bir azərbaycanlı fəxr edir.

   Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşadı və 1918-ci ildə qaldırılmış bayraq 1920-ci ildə endirildi. Bir daha 70 il sonra 17 noyabr 1990 – cı ildə ulu öndər Heydər Əliyevin təklifi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız Naxçıvan Ali Məclisinin qərarı ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olundu.Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət bayrağı kimi tanınması barədə vəsatət qaldırmışdır. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti həmin vəsatətə baxmış və bu bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul olunması haqqında qərar çıxarmışdır. Prezident cənab İlham Əliyev 2007-ci il noyabrın 17-də “Dövlət Bayrağı Meydanının yaradılması barədə”, 2009-cu il noyabrın 17-də isə “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncamlar imzalamışdır. Dövlət Bayrağı Gününün təsis edilməsi Azərbaycan Prezidentinin müstəqilliyimizə, dövlətimizin atributlarına verdiyi dəyərin bariz nümunəsidir.

   İslam Rzayev bildirilib ki, 2017-ci ilin avqust ayının 3-də Balakən rayonuna səfər edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir sıra obyektlərlə yanaşı Balakən şəhərində inşa olunan Bayraq Muzeyinin açılışını edib. Balakən rayonunda Bayraq Muzeyinin inşa olunması milli atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Dövlət Bayrağı Muzeyinin yaradılmasının əsas məqsədi dövlətçilik tariximizin geniş təbliğ olunması, cəmiyyət arasında və xüsusən gənc nəsildə vətənpərvərlik hisslərinin daha da yüksəldilməsindən ibarətdir.

   Daha sonra tədbirdə rayon mədəniyyət işçiləri tərəfindən Dövlət Bayrağı Gününə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş olunub.

Keçidlər