Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Elm Gününə həsr olunan elmi-praktiki konfrans keçirilib.

29 mart 2019 | 16:00

   Ölkəmizdə cəmiyyət həyatının digər sahələri kimi, elm də yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu fikir Balakən Rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin (ŞREM) birgə təşkilatçılığı ilə martın 29-da Balakən şəhərində Elm Gününə həsr olunan “Elmsiz, ey dünya, nədir dəyərin?” mövzusunda elmi-praktiki konfransda səsləndirilib.

   Regional Elmi Mərkəzin rəhbər və əməkdaşları əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında, dağüstü yüksəklikdə ucaldılan abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

   Konfransın əvvəlində rayon icra hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova çıxış edərək, Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-nin Azərbaycanda Elm Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb, mühüm əhəmiyyəti olan belə bir tədbirin Balakəndə keçirilməsinə görə rayonun ziyalıları, elm adamları adından Regional Elmi Mərkəzin rəhbərliyinə minnətdarlığını bildirib.

   AMEA Şəki Regional Elmi Mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü ölkəmizdə elmin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, qurumun əsas fəaliyyət istiqamətləri, son illər əldə edilən elmi nailiyyətlər barədə məlumat verib. Elmin inkişafının ölkənin sosial-iqtisadi və mədəni inkişafı ilə sıx bağlı olduğunu vurğulayan Elmi Mərkəzin direktoru dövlət müstəqilliyinin bərpasından sonra elm sahəsinə göstərilən diqqət və qayğının bu sahənin inkişafında müsbət nəticələr əldə etməyə imkan verdiyini diqqətə çatdırıb. Bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan elm və təhsil siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

   Elmi-praktiki konfransın plenar iclasında pedaqoji elmlər doktoru, professor, Rusiya Sosial və Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü Firədun İbrahimovun “Elm və onun inkişaf tendensiyası”, ŞREM-in “Tarixi irs və etnoqrafiya” şöbəsinin rəhbəri Rahim Həsənovun “Azərbaycan Xalq Cümhuriyyətinin elm və təhsil siyasəti”, Mərkəzin “Folklorşünaslıq və el sənətləri” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinovun “Balakən-Şəki ədəbi əlaqələri (Surağat Qurbaninin yaradıcılığı əsasında)”, Azərbaycan Dövlət Pedaqoji Universiteti Şəki filialının baş müəllimi, Yazıçılar Birliyi Şəki şöbəsinin rəhbəri Vaqif Aslanın “Azərbaycan ədəbiyyatında sufi triadası (Əhməd Yasəvi, Yunus Əmrə, Nəsimi)”, ŞREM-in “Tarixi irs və etnoqrafiya” şöbəsinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədlinin “Şimal-qərbi Azərbaycanın XIX-XX əsrlər tarixinin tarixşünaslığı” və digər mövzularda məruzələr dinlənilib.

   Konfransın işində fəal iştirak etdiklərinə görə rayonun bir qrup elm adamına AMEA Şəki Regional Elmi Mərkəzin fəxri fərmanı və qiymətli hədiyyələri təqdim olunub.

   Sonda Balakən Rayon İcra Hakimiyyətinə Şəki Regional Elmi Mərkəzin əməkdaşlarının müəllifliyi ilə nəşr olunan kitablar hədiyyə edilib.              

Keçidlər