Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Müstəqillik Günü qeyd olunub

18 oktyabr 2019 | 16:00

   Oktyabrın 18-də Rayon İcra Hakimiyyətində Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib.

   Tədbiri rayon icra hakimiyyətinin başçısı İslam Rzayev açaraq, ümummilli lider Heydər Əliyevin qurub yaratdığı müasir Azərbaycanın parlaq uğurlarından danışıb. Vurğulayıb ki, Ulu Öndərin əsasını qoyduğu siyasi və iqtisadi kursun, cəmiyyət həyatının bütün sahələrini əhatə edən islahatların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər Azərbaycan dünyada qabaqcıl ölkələr sırasına çıxıb, iqtisadi inkişaf tempinə görə lider ölkələrdən birinə çevrilib.

   Məruzə ilə çıxış edən RİH-nin Hüquq şöbəsinin müdiri P.Qardaşova bildirib ki, 1991-ci ildə Sovetlər birliyinin dağılması nəticəsində Azərbaycan xalqı öz müstəqilliyini yenidən bərpa edib. Həmin il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edib. Konstitusiya Aktı 1991-ci il dekabrın 30-da ümumxalq səsverməsi ilə bəyənilib. 28 il əvvəl qəbul edilən müstəqillik haqqında Konstitusiya Aktı tariximizin ən şanlı səhifəsində öz layiqli yerini tutub. O vaxtkı ağır tarixi şərait, dağılmaqda olan sovet imperiyasının ermənilərə havadarlıq etməsi, bunun nəticəsində torpaqlarımızın işğalı, törədilən təxribatlar, yarıtmaz idarəetmə müstəqilliyimizin ilk illərində ölkəmizdə ciddi problemlərə səbəb olub. 1993-cü ildə xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdan görkəmli dövlət və siyasi xadim Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz edib.

   Çıxışlarda vurğulanıb ki, Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir ölkəyə çevrilib.

   Tədbirə yekun vuran rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Azərbaycanın dövlət müstəqilliyinin əbədi və dönməz xarakter aldığını, Prezident İlham Əliyevin Ulu Öndərin yaratdığı əsaslar üzərində ölkəmizi regionda aparıcı dövlətə çevirdiyini, beynəlxalq miqyasda söz sahibi etdiyini diqqətə çatdırıb.       

Keçidlər