Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə III Xurma festivalına son hazırlıq işləri görülür

24 oktyabr 2019 | 16:00

   Balakən rayonunda oktyabrın 26-da keçiriləcək III Xurma festivalına son hazırlıq işləri görülür. Rayon sakinləri bu kütləvi el bayramının başlanmasını böyük səbirsizliklə gözləyirlər.

   Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı və Mədəniyyət nazirliklərinin, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin, Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının, “Balxurma” MMC-nin dəstəyi ilə reallaşacaq festivalda xurmadan hazırlanmış geniş çeşiddə məhsullar nümayiş etdiriləcək, müxtəlif müsabiqələr, yarışlar təşkil olunacaq.

   Festivalda ölkəmizdə fəaliyyət göstərən bir sıra xarici ölkə səfirliklərinin təmsilçiləri, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, qonşu rayonlardan gəlmiş qonaqlar, xurma istehsalçıları və ixracatçıları, həmçinin rayon sakinləri iştirak edəcəklər.

   Tədbirlərin keçiriləcəyi məkanlar artıq hazır vəziyyətə gətirilib, şəhərin müxtəlif guşələrində, park və meydanlarda festivalla bağlı reklam lövhələri qoyulub. Festivalın təntənəli açılış mərasiminin reallaşacağı ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkı bayramsayağı bəzədilib.

   Tədbirə dəvət olunan qonaqlar əvvəlcə Ulu Öndərin parkda, dağüstü yüksəklikdə ucaldılmış abidəsi önünə gül dəstələri düzəcəklər.

   Sonra Gərəkli kəndinin ərazisində yerləşən xurma bağına ekskursiya olacaq, xurma ağacları əkiləcək.

   Festivalın rəsmi açılış mərasimindən sonra qonaqlar və rayon sakinləri parkda xurmadan hazırlanmış kompozisiyalara və kulinariya məhsullarına baxacaq, rayonda istehsal edilən kənd təsərrüfatı və sənaye məhsullarının sərgiləri ilə tanış olacaqlar.

   III Xurma festivalı konsert proqramı ilə başa çatacaq.                                           

Keçidlər