Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib

05 dekabr 2019 | 16:00

   2019-cu ilin dekabr ayının 5-də Balakən Rayon İcra Hakimiyyətinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşkilatçılığı ilə “Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd əhalini icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq barədə məlumatlandırmaq olub.

  Tədbirdə Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova, Balakən rayon Mərkəzi Xəstəxanasının baş həkimi Dilbər Quliyeva, Agentliyin əməkdaşı Elvin Abbasov çıxış ediblər.

  N.Rüstəmova bildirib ki, ölkə rəhbərliyi tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində bir sıra islahatlar həyata keçirilir. Onlardan biri də ölkə üzrə icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı verilən qərardır.

  D.Quliyeva öz növbəsində xəstəxanaların müasir texnoloji nailiyyətlərə əsaslanan tibbi avadanlıqlarla təchiz olunduğunu, icbari tibbi sığortanın əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində tətbiq olunacağını diqqətə çatdırıb.

   Agentliyin əməkdaşı icbari tibbi sığorta sisteminin məqsədi, sistemin tətbiqi ilə bağlı dünya ölkələrinin təcrübələri, xidmətlər zərfi çərçivəsində göstəriləcək ambulator, stasionar müayinə və müalicələr barədə çıxış ediblər. Bildirilib ki, Milli Məclisin 03 dekabr 2019-cu il tarixində keçirilən plenar iclasında “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) dəyişikliklər qəbul edilib. Dəyişikliyə əsasən, icbari tibbi sığortanın xidmətlər zərfi baza və əlavə hissələrdən ibarət olmayacaq. Zərf vahid toplu şəklində ambulator-poliklinika və stasionar şəraitdə göstərilən tibbi xidmətləri əhatə edəcək. Qanuna görə 2020-ci ilin yanvar ayının 1-dən etibarən mərhələlərə bölünməklə dövlət büdcəsinin vəsaiti hesabına bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqı ayrılacaq. Qanuna edilən dəyişikliyə görə icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə Agentlik tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2020-ci il ərzində mərhələli şəkildə tətbiq olunacaq. Balakən rayonunun da daxil olduğu Şimal bölgəsi üzrə rayonlarda icbari tibbi sığortanın tətbiqi 2020-ci il yanvar ayının 1-dən başlanılacaq.

   Sonda vətəndaşları maraqlandıran suallar Agentliyin əməkdaşı tərəfindən cavablandırılıb.                                                                               

Keçidlər