Şriftin ölçüsü :

Saytın rəngi :

Qoşulmama Hərəkatının Təmas Qrupu formatındakı Zirvə görüşü koronavirusa qarşı mübarizədə beynəlxalq birliyə və həmrəyliyə mühüm töhfədir

13 may 2020 | 16:00

Mayın 4-də Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas qrupunun videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşü keçirildi. Qırxdan çox üzv ölkənin dövlət və hökumət rəhbərləri, eləcə də nüfuzlu şəxslərin qatıldığı videokonfransda əsas mövzu pandemiyaya qarşı birgə mübarizə aparmaq və beynəlxalq səyləri gücləndirməkdən ibarət idi. Məhz belə bir mötəbər tədbirin Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə keçirilməsi ölkəmizin dünyada artan rolundan xəbər verir.
   Azərbaycan 2011-ci ildə bu hərəkata üzv qəbul olunub. Qoşulmama Hərəkatında olduğu qısa müddət ərzində ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazanıb. 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür
   Zirvə görüşünə sədrlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti qlobal təşəbbüsü ilə tarix yazdı. Dövlətimizin başçısı Bakıdan dünayaya çağırış etdi: “Yalnız birgə səylərlə COVİD-19-a qalib gələ bilərik”. Təqdirəlayiq haldır ki, Qoşulmama Hərəkatının bütün üzv dövlətləri bu təşəbbüsü yekdilliklə dəstəkləmişdir. Zirvə görüşündə sammitdə iştirak edən 40-dan çox üzv ölkənin dövlət və hökumət başçılarına BMT-nin Baş katibi Antonio Quterreşin videomüraciəti təqdim olunub. Baş katib bu təşəbbüsə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib. Müraciətdə vurğulanıb ki, bu böhranın miqyası və mürəkkəbliyi əlaqələndirilmiş qlobal cavab tədbirləri tələb edir. Videomüraciətdə habelə   təşkilata üzv olan bir çox ölkələrin dövlət və hökumət başçılarının bütün çıxışlarında pandemiya ilə mübarizədə Azərbaycan Prezidentinin bu təşəbbüsü yüksək qiymətləndirilib. Bu, bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir.
   Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfransı bir daha sübut etdi ki, Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə özünün mühüm töhfəsini verir. Həmçinin zirvə görüşündə bu qədər ölkənin iştirakı, BMT-nin baş katibinin belə bir görüşə görə ölkə başçısına təşəkkürü Azərbaycan Prezidentinin şəxsi nüfuzunun, siyasi təcrübəsi və uğurlu siyasətinin nəticəsi, qəbul olunmuş bəyannamədə dəyərli və vaxtında irəli sürülmuş təşəbbüsə görə Prezidentimizə təşəkkürün öz əksini tapması bunun bariz göstəricisidir.
   Görüşdə cənab Prezident İlham Əliyev dünya ölkələrini pandemiya dövründə “özünəqapanmama”sına, səyləri birləşdirməyə, qeyri-qanuni maliyyə axınlarının qarşısının alınmasında  konkret tədbirləri davam etdirməyə, bu məqsədlə əlavə vəsaitləri səfərbər etməyə çağırıb. Qeyd edib ki, pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlmək mümkündür. Dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək vermiş, ÜST-ə maliyyə yardımı ayırmışdır. Eyni zamanda ölkəmiz əlavə olaraq ÜST-ə bir daha könüllü maliyyə töhfəsi ayıracaqdır ki, bu dəstək zəruri ehtiyacların qarşılanması üçün koronovirusdan ən çox zərər çəkmiş Qoşulmama Hətəkatı üzvlərinə yönəldiləcəkdir. Ölkəmizdə də  infeksiyanın yayılmasına qarşı olduqca çevik reaksiya verilmiş, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmış, dövlət qurumları arasında əlaqələndirmə təmin edilmiş, infeksiyadan qorunmaq üçün əhaliyə sosial məsafə kimi tədbirlərin önəmi geniş izah edilmiş, koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılmış, virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlığı və ləvazimatlar Azərbaycana gətirilmişdir. Ölkədə  iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3.5 milyard manatdan artıq sosial-iqtisadi dəstək paketi qəbul olunmuşdur. Dövlət sektoru üzrə 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanılmaqla, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimumuna uyğun olaraq iki ay ərzində vəsait ödənilir. İşsiz şəxslərin sosial müdafiəsi üçün ilin sonuna qədər 90 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulur. Bu çətin dönəmdə Azərbaycanda həyata keçirilən siyasət bir sıra ölkələr üçün nümunə ola bilər. Sadalanan faktlar Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın dünya miqyasında nüfuzunun daim artdığının göstəricisidir.
   ÜST Baş direktoru COVID-19 pandemiyasının təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin yürütdüyü siyasəti və atılan addımları təqdir etməsi, təşəkkür məktubu ilə koronavirusa qarşı ölkəmizdə aparılan mübarizənin düzgünlüyünü vurğulaması bir daha dövlətimiz onun sosial siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını isbat edir.
   COVİD-19-a cavab olaraq Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn səviyyəli zirvə görüşündə 18 bənddən ibarət bəyannamə qəbul edildi. Sənəddə hərəkat üzvlərinin müxtəlif sahələr üzrə bir-birinə dəstəyi öz əksini tapdı. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan prezidentinin növbəti qlobal təşəbbüsü pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlər arasındakı əməkdalığı daha da dərinləşdirəcəkdir.
   Dünyanın əksər ölkələrində ciddi fəsadlar törədən pandemiyaya qarşı mübarizədə bütün dövlətləri birləşdirməyə çalışmaq Azərbaycanın humanist siyasət yürütdüyünün və dünyada yaşayan bütün insanların sağlamlığının qorunmasına öz töhfəsini verdiyinin əyani göstəricisidir. Çünki pandemiyanın ağır fəsadlarından qurtulmaq üçün bütün ölkələrin və beynəlxalq təşkilatların həmrəyliyi son dərəcə vacibdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşü onun əsas qayəsinin qlobal pandemiya ilə mübarizə məqsədilə beynəlxalq həmrəyliyi daha da möhkəmləndirmək, dünya dövlətlərini bu məqsdlə birliyə dəvət etmək bəşəriyyəti bu dəhşətli bəladan xilas etmək üçün onları bir araya gətirməkdə olduğununun, habelə  Azərbaycanın dünya miqyasında nüfuzunun daim artdığının göstəricisidir.
   Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi qaydaları çərçivəsində Balakən rayonun qəsəbə və kəndlərində koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə zəruri tibbi profilaktik və sosial tədbirlər davam etdirilir. Rayon İcra Hakimiyyəti yanında yaradılan operativ qərargah Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirir.
    Rayonun ərazisində dezinfeksiya işləri ilə yanaşı, əhali arasında təhlükəli infeksiyadan qorunmaqla bağlı təbliğat-izahat işləri aparılır, karantin rejimi qaydalarına riayət edilməsinin vacibliyi onlara izah olunur.

Keçidlər