Şriftin ölçüsü :

Saytın rəngi :

1993-cü ilin 15 iyunu - Azərbaycan xalqının QURTULUŞ tarixi

15 iyun 2020 | 16:00

 Tarixin yaddaşına möhürünü vurmuş şəxsiyyətlərin zəngin, şərəfli və mənalı ömür yolunu nəzərdən keçirmək bütöv bir millətin, dövlətin salnaməsini yazmaq qədər çətindir. Ümummilli liderimiz Heydər Əliyev də Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyətlərdən biri kimi milyonların qəlbində yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən Ulu Öndərin adı Azərbaycan tarixinə silinməz iz qoymuş böyük şəxsiyyət, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb. O, Azərbaycanın inkişaf yolunu müəyyənləşdirib, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlayıb, milli ruhun və ideologiyanın yüksəlişinə təkan verib. Azərbaycan xalqının taleyində dönüş anı olan 1993-cü ilin 15 iyunundan ötən hər il Ümummilli Liderimizin misilsiz xidmətləri daha dərindən dərk olunur. Çünki ulu öndər Heydər Əliyev fərqli siyasi sistemlərdə millətinin qurtuluşuna nail olan dövlət xadimidir.
   1992-ci ildə ölkəmiz artıq müstəqil dövlət olsa da, respublikada gedən hakimiyyət çarpışmaları ermənilər tərəfindən Xocalı soyqırımının törədilməsinə şərait yaradıb, Şuşanın və Laçının asanlıqla işğalına səbəb olub. Bu dövrdə erməni silahlı birləşmələri Naxçıvana qarşı irimiqyaslı hərbi əməliyyatlara başlasa da, Naxçıvanda xalqla rəhbərin vəhdəti düşmənə rəşadətlə sinə gərərək torpaqları qoruyub saxlamağa kömək edib.
   Xalqın böyük təkidli tələbi ilə, respublikada yaranmış böhranlı şərait, hakimiyyətsizlik və özbaşınalıq, ölkəmizin müstəqilliyi üçün real təhlükənin yaranması görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıtmasını zəruri edib. Tarixə “Milli Qurtuluş Günü” kimi daxil olan 1993-cü ilin 15 iyununda ulu öndər Heydər Əliyev Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizi məhv olmaq təhlükəsindən qurtarıb. Azərbaycan parlamentinin iclasındakı çıxışında Ulu Öndər dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özünün əsas vəzifələrindən biri hesab edərək deyib: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.
   15 iyun müstəqil Azərbaycan dövlətinin tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olub. Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci il 27 iyun tarixli Qərarı ilə dahi şəxsiyyətin ölkə rəhbərliyinə qayıdışı gününü rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etmişdir.
   1993-cü il oktyabrın 3-də və 1998-ci il oktyabrın 11-də ölkə Prezidenti seçilən qüdrətli siyasətçi Heydər Əliyev öz siyasi qüvvə və bacarığını Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə, dövlətimizin beynəlxalq aləmin sivilizasiyalı, çağdaş və inkişaf etmiş dövlətləri sırasına çıxmasına, respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının çiçəklənməsinə sərf edib. Müdrik rəhbərin uzaqgörən siyasəti nəticəsində ölkədəki özbaşınalıq, anarxiya aradan qaldırılıb, qanunların aliliyinə, hüquqi-demokratik prinsiplərə əsaslanan idarəçilik sistemi yaradılıb, vətəndaş həmrəyliyi bərpa olunub. Görkəmli dövlət xadiminin tarixi xidmətləri sayəsində Azərbaycanda iqtisadi tərəqqiyə geniş rəvac verən qlobal layihələrin gerçəkləşdirilməsinə başlanılıb. Xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalanıb. Ölkəmiz beynəlxalq təşkilatlarda layiqincə təmsil olunmağa başlayıb, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiya qəbul edilib. Dünya Azərbaycanlılarının qurultayları milli həmrəyliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini nümayiş etdirib.
   Müstəqil Azərbaycanın sosial, siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində ciddi, hərtərəfli, möhtəşəm yüksəlişin baş verməsi ulu öndər Heydər Əliyevin fəaliyyətinin saysız-hesabsız bəhrələrindəndir. Bir sözlə, 1993-2003-cü illərdə ulu öndər Heydər Əliyev müstəqilliyimizin əsl xilaskarı, hər bir vətəndaşın böyük qayğıkeşi, hamisi, Azərbaycanın qurucusu kimi öz sağlığında xalqın qəlbində əbədi yer tutdu.
   Azərbaycan dövlətini labüd fəlakətlərdən, hərc-mərclikdən xilas edən dahi şəxsiyyət Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı İlham Əliyev uğurla davam etdirir. Bunun nəticəsidir ki, Azərbaycan bu gün inkişaf edən dövlətlər sırasında öz layiqli yerini tutub.

Keçidlər