Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq təşkilatlar Ermənistandakı siyasi repressiyalara niyə susur?

19 iyun 2020 | 16:00

Bəzi beynəlxalq təşkilatlar Ermənistanda insanların ifadə azadlığının, azad toplaşma hüququnun və digər mənfi hadisələrin baş verməsinə göz yumurlar. Məhz bunun nəticəsidir ki, həmin təşkilatların qəbul etdikləri qərarlara heç bir məhəl qoymayan işğalçı dövlət beynəlxalq hüquqa meydan oxuyur. Eyni vəziyyət hazırda Ermənistanda baş verən hadisələrə münasibətdə də sərgilənməkdədir.
   Məlum olduğu kimi, Ermənistan parlamenti “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri, milyonçu Qaqik Sarukyanın həbsi barədə baş prokurorun ikinci müraciətini təsdiqləyib. Ermənistan parlamentinin iclasında Q.Sarukyanın deputat toxunulmazlığı da ləğv edilib. Daha əvvəl qanunverici orqan baş prokuror Artur Davtyanın Q.Sarukyanın məsuliyyətə cəlb edilməsi haqqında birinci ərizəsini qəbul etmişdi. Lakin A.Davtyan deputatın öz nüfuzundan istifadə edərək istintaqın gedişatına təsir göstərəcəyindən ehtiyat etdiyi üçün həbsinə icazə istəyib.
  Q.Sarukyan ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb edilib. Onun məhz N.Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu sübut edir. Q.Sarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası 2004-cü ildə yaradılıb. Hazırda partiya parlamentdəki 132 yerdən 25-nə sahibdir.
   Partiya sədri ilə bağlı verilən qərara etiraz əlaməti olaraq Ermənistan parlamentinin binası qarşısında aksiya keçirilib. Hüquq-mühafizə orqanları narazı kütləyə dağılışmaq əmri verib, tabe olamayanlarla sərt davranılıb. Aksiyanı işıqlandıran bir neçə jurnalist vəhicəsinə döyülüb. Parlamentin binası qarşısına əlavə polis qüvvələri və suvuran maşınlar cəlb olunub. Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları “Çiçəklənən Ermənistan” partiyasının ölkə vilayətlərindəki ofislərində də axtarış aparıblar.
   Q.Sarukyan 2017-ci ilin aprelində keçirilən parlament seçkiləri zamanı seçicilərin səsini rüşvətlə almaqda, “gizli səsverməni pozmaq”da ittiham olunur. Bu saxtakarlığın iştirakçısı olmaqda şübhəli bilinən 250 nəfər polis bölməsinə aparılıb. Ölkədəki repressiv addımlara baxmayaraq, nədənsə Qərbin demokratiya institutları baş verənlərlə bağlı mövqe ortaya qoymur. Meydanlardan dövlət başına gətirilən Paşinyanın təcrübəsizliyi və siyasi səriştəsizliyi öz məntiqi sonluğuna yaxınlaşmaqdadır. Narazılıq elə bir həddə çatıb ki, hətta koronavirusun qorxusu belə insanları kütləvi etiraz aksiyalarından çəkindirmir və özünü demokrat elan edən Paşinyan etirazçılara, hətta narazı deputatlara belə polis zorakılığı göstərməkdən çəkinmir. Paşinyan yaxşı bilir ki, onun hakimiyyətinin ömrünə çox qalmayıb. Bunu son vaxtlar ölkədə bir-birinin ardınca verilən istefalar da təsdiqləyir.
   Q.Sarukyanla bağlı son hadisələr fonunda “azadlıq carçısı” olan bir sıra Qərb təşkilatlarının səssizliyi sözsüz ki, heyrət doğurur. Halbuki, baş verən hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmaması, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması və s. kimi Qərbin “əhəmiyyət verdiyi” bütün dəyərlər ayaq altına salınıb.
   Belə olan halda bir sual yaranır: Niyə Azərbaycanda “qarışqadan fil düzəldən” Qərb Ermənistanda fundamental insan hüquqlarının pozulmasına biganə qalır? ABŞ Dövlət Departamenti, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib.
   Xatırladaq ki, Qərbin Ermənistanda baş verən hadisələrə qarşı loyal münasibəti birinci dəfə deyil. Vaxtilə Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada elan etdiyi aclığın ardından vəfat etdikdə Qərb özünü görməməzliyə vuraraq heç bir reaksiya vermədi.  Populist çıxışları ilə tanınan N.Paşinyanın hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə sirr deyildir.
   Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir-bir həbs etdirir. Paşinyan  tərəfindən indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılıb və hazırda istintaq davam edir. Gələcəkdə özünə rəqib olacaq və ya rəqib olma ehtimalı ola bilən istənilən şəxsi korrupsiyaya qarşı mübarizə ittihamı ilə həbs etməsi və bunun fonunda Qərbin sükutu N.Paşinyanın əl-qolunu daha da açır.
   Hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır. Ölkədə siyasi repressiyalar həyata keçirilir. N.Paşinyanın yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdır. Ermənistanda totalitar inqilabi diktatura qurulub. Belə ki, erməni mətbuatında hakimiyyətdən öz şəxsi maraqları üçün istifadə edən N.Paşinyan və onun ailə üzvlərinin dövlət büdcəsindən öz şəxsi məqsədləri üçün istifadə etmələri barədə silsilə məqalələr dərc edilir. Küçə adamından baş nazir pilləsinə kimi irəliləmiş N.Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti (Soros Fondu) tərəfindən dəstəkləndiyi hər kəsə aydındır. Paşinyanın 2018-ci ildə küçə yürüşləri, mitinqləri və kütləvi aksiyalarının arxasında əslində hansı qüvvələrin dayandığı hər kəsə bəllidir. Ermənistanda antisorosçuların həbsi bunun bariz nümunəsidir. Ermənistanın hazırkı hakimiyyəti ilə kilsə arasında ciddi fikir ayrılıqları da mövcuddur. Paşinyanın təsiri altında olan erməni KİV-ləri bunu daha çox kilsənın hazırkı rəhbərliyində təmsil olunan şəxslərin əvvəlki hakimiyyətlərlə sıx işləməsini əsas gətirsələr də, əslində məsələnin məğzi tam başqadır. Məlumdur ki, ermənilərin yaşadıqları bütün ölkələrdə kilsələr fəaliyyət göstərir. İcma üzvləri kilsəyə böyük miqdarda maliyyə yardımı göstərirlər. Bu halda pul axınının böyük hissəsinə nəzarət etmək istəyən Paşinyana kilsənin “yağlı tikə”ni güzəştə getməməsi də təbiidir. Heç kimə sirr deyil ki, koronavirusun Eçmədzində yayıldığı ərəfədə kilsə rəhbərinin qaçması şəklini mətbuata məhz Paşinyan ötürüb.
   Qərbin ikili standartlarının ən bariz nümunəsi isə Ermənistanda keçirilmiş seçkilərə reaksiyalarıdır. 2017-ci ildə Ermənistanda keçirilən parlament seçkilərini müşahidə edən Qərb təşkilatları öz rəylərində bütün başlıca azadlıqlara əməl edildiyini qeyd etmişdi. Lakin az sonra Ermənistanda inqilab baş verdi və seçkiləri uduzmuş N.Paşinyan hakim partiyanı devirdi. 2019-cu ildə BMT Baş Assambleyasında çıxış edən Ermənistanın baş naziri 2018-ci ilin dekabrında keçirilmiş yeni seçkilərə toxunaraq  demişdi: “25 il il ərzində ilk dəfə bu seçkilər və onun nəticələri hamılıqla qəbul edilmiş və heç bir siyasi partiya tərəfindən şübhə altına alınmamışdır.” Yenə həmin çıxışında baş nazir bildirib ki, “hakimiyyətə gələndən dərhal sonra heç vaxt ölkəmizdə olmayan demokratik təsisatların yaradılması üçün ciddi addımlar atmağa başladıq.”
   Bütün bunların fonunda maraqlıdır ki, bəzi beynəlxalq təşkilatlar ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Görünür onların demokratiyasının fəlsəfəsi də budur: “Əgər mənim adamımsansa və mənə işləyirsənsə, deməli demokratsan.”

Keçidlər