Şriftin ölçüsü :

Saytın rəngi :

Əməkdaşlıq, xeyirxahlıq, yardım və dəstək Azərbaycana dostlar qazandırır

09 iyul 2020 | 16:00

Dövlətimizin başçısı İlham Əliyev televiziya kanallarına müsahibəsində bir daha bu reallığı diqqətə çatdırmışdır ki, Azərbaycan hec vaxt hansısa bir ölkənin çətin vəziyyətindən istifadə edib  özü üçün nəyisə əldə etməyə çalışmayıb

   Ümumbəşəri bəla olan COVID-19 hər bir ölkənin hansı imkanlara malik olduğunu, beynəlxalq aləmdə nüfuzunu bir daha açıqladı. Təcrübəsi nümunə  göstərilən Azərbaycan, eyni zamanda, təşəbbüsləri ilə dünyanın diqqətini çəkdi. Koronavirus pandemiyasının qlobal problem olduğunu önə çəkən dövlətimizin başçısı İlham Əliyev birgə səylərin göstərilməsinin vacibliyini irəli sürdüyü təşəbbüsləri ilə nümayiş etdirdi. Türk Şurasının, Qoşulmama Hərəkatının videoformatda Zirvə görüşlərinin keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin, nüfuzunun göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyev koronaviruslu xəstələrin müalicəsi üçün Bakının Xətai rayonunda modul tipli hospitalın açılışı çərçivəsində Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində  keçirilən Zirvə görüşlərini Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi kimi dəyərləndirərək bildirmişdir ki, qəbul edilmiş sənədlərdə Azərbaycanın bu təşəbbüsü və bu sahədə oynadığı rolu, həmrəyliyə hesablanmış addımları yüksək qiymətləndirilmişdir. Azərbaycandan səslənən “COVID-19-a qarşı birlikdəyik” çağırışı bir daha təsdiqlədi ki, ölkəmiz həmrəyliyi sözdə deyil, əməldə təsdiqləyir. Azərbaycanın bu təşəbbüsləri ilə yanaşı, 30-dan çox   ölkəyə humanitar və maliyyə yardımı göstərməsi də beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirildi. “Əlbəttə, məhz çətin günlərdə ölkələr bir-birinə dəstək verməlidirlər. Yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə bilər, yaxşı bəyanatlar verə bilər” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, onsuz da Azərbaycan dünyada çox yüksək imicə malik bir ölkədir.
   Bu humanitar və maliyyə yardımı bir daha onu göstərir ki, ilk növbədə, Azərbaycan ayaqda möhkəm duran ölkədir və çətin dövrdə özünə qapanmır. Əksinə, bu dövr ərzində ölkə daxilində və beynəlxalq müstəvidə təşəbbüslərimiz  əməkdaşlığı təşviq edən təşəbbüslərdir.  Azərbaycan dünya miqyasında çox önəmli rol oynayan ölkə kimi özünü bir daha təsdiqləyib. Ən əsası  əməkdaşlıq, xeyirxahlıq, yardım və dəstək hesabına daha çox dost qazanmaq olar. Azərbaycan  heç vaxt hansısa bir ölkənin çətin vəziyyətindən istifadə edib özü üçün nəyisə qoparmağa çalışmayıb.
   Azərbaycanın koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda həm birlik, həmrəylik təşəbbüsləri və onları realliqda təsdiqləməsi, eyni zamanda,  xeyli sayda ölkəyə humanitar və maliyyə yardımı göstərməsi, müxtəlif beynəlxalq maliyyə qurumlarının rəsmiləri və digər nümayəndələri ilə, üçtərəfli formatda əməkdaşlığa verdiyi önəmdən irəli gələrək təşkil olunan görüşlər və sair təsdiqləyir ki, ən çətin anlarda belə daxili və xarici siyasətin prioritetlərinin müəyyənləşdirilməsi öz aktuallıgını saxlayır. Azərbaycan dünyanı birləşdirən ölkə imicinə yeni əlavələr etməklə tolerantlıq, multikultural dəyərlərə  böyük önəm verdiyini nümayiş etdirir. Düzgün müəyyənləşdirilən, xalqın, dövlətin maraqlarına xidmət edən siyasətin uğurlarının davamlılığı qaçılmazdır.
   Dövlətimizin başçısı İlham Əliyev, həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində iştirak edib. “Avropa İttifaqı ilə əməkdaşlıq  Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir” söyləyən cənab İlham Əliyev qurumun Azərbaycanın yeganə problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyinin dəstəkləməsini yüksək dəyərləndirmişdir. Qeyd edək ki, 2018-ci ildə cənab İlham Əliyevin Belçika Krallığına səfəri zamanı Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədində  hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır. Bildirilir ki, Ermənistan və Azərbaycan arasında münaqişə eyni prinsiplər əsasında həll edilməlidir.
   Göründüyü kimi, COVID-19-a qarşı mübarizə tədbirlərinin gücləndirildiyi, hər bir ölkənin bu bəladan çıxmaq üçün yollar axtardığı zamanda Azərbaycanın təşəbbüsçüsü olduğu Zirvə görüşləri , yaxud hər zaman olduğu kimi, beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etmək üçün ideal məkan kimi secilməsindən irəli gələrək pandemiyanın tələblərinə uyğun olaraq videoformatda keçirilən sammitlər ölkəmizin beynəlxalq münasibətlər sistemində artan mövqeyini daha da möhkəmləndirməklə yanaşı, belə çətin vəziyyətlərdə özünəqapanmadığını, əksinə daha fəal olduğunu nümayiş etdirir.

Keçidlər