Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələrinə və müharibə əlillərinə qayğının təzahürü

24 iyul 2020 | 16:00

Şəhid ailələrinin, müharibə əlillərinin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi dövlət başçısının sosial siyasətinin əsas istiqamətlərindən biridir. Ötən il reallaşdırılan sosial paketlər çərçivəsində bu kateqoriyadan olan vətəndaşlar üçün sosial ödənişlərin də ciddi şəkildə artırılması təmin edilib. 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı proqramı da 100 faizə yaxın icra olunub.
   Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminat proqramı da ildən-ilə gücləndirilir. 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan üç dəfə çox olmaqla 626 ədəd, 2019-cu ildə isə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə bu sahədə rekord göstərici kimi azı 1500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulub. Artıq bu kateqoriyadan olan şəxslərə 430 mənzil təqdim edilib.
   Pandemiyanın məhdudiyyətlərinə baxmayaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən bu il heç bir sosial proqram təxirə salınmadı, əksinə, bu proqramlar uğurla davam etdirilməklə əhəmiyyətli dərəcədə genişləndirilir. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində şəhid olmuş hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
   Şəhidlərin ailələrinə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdlərinin, həmçinin pensiya hüququ olmayan ailə üzvlərinə aylıq müavinətlərin, ailə başçısını itirməyə görə müvafiq sosial təminat ödənişlərinin təyinatı istiqamətində işlər görülüb. Eyni zamanda, onlara dövlət məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri barədə məlumat verilib. Şəhidlərin ailə üzvlərindən işsiz olan şəxslərin özünüməşğuluq proqramına cəlb edilmək üçün potensialları müəyyən edilib. Onların proqram çərçivəsində kiçik ailə təsərrüfatlarını yaratmaları məqsədilə müvafiq işlərə başlanılıb. Həmçinin həmin şəxslərdən bir qismi istəklərinə uyğun olaraq ödənişli ictimai işlərə və digər aktiv məşğulluq tədbirlərinə cəlb edilmələri üçün qeydiyyata götürülüblər. Qarşıdakı dövrdə şəhidlərimizin ailələrinin sosial vəziyyəti diqqətdə saxlanılacaq, müvafiq dəstək tədbirləri ilə əhatə olunacaqlar.
   Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə 62 mənzilin, müharibə əlillərinə 50 avtomobilin təqdim olunması mərasimində dövlət başçısı bu proqramın tezliklə başa çatdırılmasına nail olunacağını bəyan edib. Prezident İlham Əliyev şəhid ailələrinin, müharibə əlillərinin problemlərinin daim diqqət mərkəzində olduğunu qeyd edərək bildirib ki, son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb: “Təkcə onu demək kifayətdir ki, 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir. Hesab edirəm ki, biz bu il də bu sahədə rekord göstəriciyə nail olacağıq, buna şübhə yoxdur. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdədir.”
   Şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparıldığını vurğulayan Prezident İlham Əliyev deyib: “Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail olacağıq. Sirr deyil ki, bu məqsədlər üçün böyük vəsait nəzərdə tutulur və bildiyiniz kimi, dövlət büdcəsinin böyük hissəsi sosial məsələlərin həllinə xərclənir. Bu sosial xərclərin içində şəhid ailələrini, müharibə əlillərini, müharibə veteranlarını, məcburi köçkünləri əhatə edən çox böyük proqramlar icra olunur.”
   Qeyd edək ki, Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində müharibə əlilləri və onlara bərabər tutulanların dövlət tərəfindən minik avtomobilləri ilə təminatı tədbirləri də geniş vüsət alır. Prezident İlham Əliyevin 21 iyul 2020-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar, habelə Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı həmin şəxslərin xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərlə təminatının daha da gücləndirilməsinə şərait yaradır. Sərəncamın icra olunması məqsədlə Prezidentin ehtiyat fondundan 2 milyon 878 min 20 manat ayrılması tapşırılıb. 2018-ci ildə müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 265 avtomobil verilibsə, 2019-cu ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600 avtomobil verilib. Bu il də daha 400 avtomobil verilməsi planlaşdırılıb və artıq 150 avtomobil verilib. Ümumilikdə, indiyədək müharibə əlilləri və onlara bərabər tutulanlara 6900 minik avtomobili verilib.

Keçidlər