Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizdə ardıcıl şəkildə icra edilən infrastruktur layihələri arasında su layihələri xüsusi yer tutur

27 iyul 2020 | 16:00

İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib. Dövlətimizin başçısı müşavirədə çıxış edib.
   Prezident İlham Əliyev çıxışında ölkəmizdə bütün infrastruktur layihələri ardıcıl şəkildə icra edildiyini vurğulayaraq infrastruktur layihələri arasında su layihələrinin xüsusi yeri olduğunu qeyd edib. Bildirib ki, bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib. Enerji sektoruna qoyulan vəsait, bu sahədə aparılan müasirləşmə imkan yaratdı ki, biz nəinki özümüzü artıq uzun müddət ərzində elektrik enerjisi ilə təmin edək, hətta əlavə generasiya güclərimiz nəticəsində ixrac imkanlarımız da yaranıb. Bizim 30-dan çox elektrik stansiyamız enerji təhlükəsizliyini təmin edir.
   Ölkəmizdə qazlaşdırma artıq 96 faizə çatıb. Bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir.
   Nəqliyyat infrastrukturu böyük dərəcədə müasirləşib. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 27-ci yeri tutur. Bütövlükdə infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir. Təbii ki, bu infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri də öz yerini tapıbdır. 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idisə bu gün bu rəqəm 70 faizə çatıbdır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faizə çatıbdır. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. İndi bu gün bu rəqəm 63 faizdir;
   Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır. Son illərdə Azərbaycanda nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişib. Onların arasında Oğuz-Qəbələ-Bakı su kəməri xüsusilə qeyd edilməlidir.
  Taxtakörpü su anbarının tikintisi tarixi layihədir. Çünki bu anbarın su tutumu kifayət qədər böyük -  270 milyon kubmetrdir. Buradan təqribən 30 min hektar suvarılmayan torpaqlara su verilir. Digər böyük layihə Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsidir. Şəmkirçay su anbarı əhəmiyyəti  böyükdür. Anbarın su tutumu 165 milyon kubmetrdir və qərb zonasının bir neçə rayonu bu imkanlardan faydalanır. Cənub zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarları da inşa edilib. Son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir.
Ölkə başçısı müşavirədə qeyd edib ki, keçən il yaşanan quraqlıq böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyyəti qurumların düzgün müəyyən edə bilmədiyini göstərdi. Axı su həyat deməkdir. İlk növbədə, insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır. Su itkilərinə yol verilir, suyun mənbəyi düzgün təhlil edilmir. Xərclərə nəzarət çox aşağı səviyyədədir. Suyun çatışmazlığı iqtisadiyyatımıza, kənd təsərrüfatının inkişafına, fermerlərin gəlirlərinə böyük ziyan vurur. Taxılçılıqda və pambıqçılıqda məhsuldarlıq daha yüksək olmalıdır. Suya qənaət olunmalı, bura xarici mütəxəssislər cəlb edilməlidir. Bütün qanunsuz qoşulmalar tezliklə aradan qaldırılmalıdır. Yerli və mərkəzi icra orqanları, lazım gələrsə, hüquq mühafizə orqanları bu işlərə cəlb edilməli, itkilərin kəskin azaldılması ilə bağlı kompleks tədbirlər görülməlidir. İtkilərin əsas mənbəyi torpaq kanallardır. Digər mərhələlərdə də itkilərə yol verilir. Bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir.
   İçməli su və meliorasiya layihələrinə böyük vəsait qoyulur. İndi müasir texnologiyalar mövcuddur. Həmçinin boruların istismar müddətinin uzadılması üçün yeni texnologiyalar var, onlardan istifadə etmək lazımdır.
   22 kanalın yenidən qurulması nəzərdə tutulur. Bunun nəticəsində təqribən 300 min hektara yaxın əkin sahəsinin su ilə təminatını tam həll ediləcək.
   Prezident İlham Əliyev müşavirənin sonunda bir sıra ciddi tapşırıqlar verib. Bildirib ki, su ehtiyatlarımızın qiymətləndirilməsində və su ehtiyatlarını artırma ehtimalının dəyərləndirilməsində, eləcə də bütün digər işlərdə alimlər mütləq yaxından iştirak etməlidirlər. Belə işlərə ekologiya üzrə mütəxəssislər mütləq cəlb olunmalıdır. Bu işləri səmərəli şəkildə davam etdirmək üçün vahid idarəetmə mexanizmi işlənməlidir. Bu gün su təsərrüfatında fəaliyyət göstərən dörd qurum var - “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Ona görə bu qurumlara bundan sonra geniş ictimaiyyət, alimlər, ekoloqlar, Prezident Administrasiyası, Nazirlər Kabineti ümumi rəhbərlik etməlidirlər ki, bütün bu işlər planlı şəkildə həll olunsun və yaxın gələcəkdə su təhlükəsizliyində olan problemlər aradan götürülsün.

Keçidlər