Şriftin ölçüsü :

Saytın rəngi :

Sosial layihələrin icrası uğurla davam etdirilir

07 avqust 2020 | 16:00

Avqustun 6-da ölkə Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi  müşavirədə COVID-19-la  mübarizənin nəticələrindən, sosial və iqtisadi fəsadların aradan qaldırılmasından bəhs etmişdir.
   “Ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb” söyləyən Prezident İlham Əliyev bildirib ki, həm pandemiya, həm də neftin qiymətinin aşağı səviyyədə olması bizim gəlirlərimizə çox mənfi təsir göstərib, ancaq nəzərdə tutulmuş bir dənə də olsun sosial layihə yarımçıq qalmayıb, yaxud da ixtisar edilməyib.
   Sözsüz ki, dövlətimiz tərəfindən həyata keçirilən islahatlar Azərbaycanın sosial dövlət olduğunu təsdiqləyir. Bu da təsadüfi deyil. Çünki insanların sosial şəraitinin yaxşılaşdırılması iqtisadi-sosial islahatların həyata keçirilməsinə, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etməyə müsbət təsir göstərir.
   Bu məqamda onu da qeyd edə bilərik ki, bu ilin ilk yarısında bütün sosial ödənişlər vaxtında, hətta bir sıra hallarda cədvəl üzrə nəzərdə tutulduğundan həyata keçirilib. Sosial ödənişlər çərçivəsində ötən ilin analoji dövrü ilə müqayisədə 24 faiz artıq, yəni 436 milyon manat çox vəsait ödənilib. Pensiyaların indeksasiyası ilə bağlı müvafiq qərara əsasən 1,2 milyon pensiyaçının pensiyaları 16,6 faiz artırılıb. Bunun nəticəsində isə orta pensiya ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz artaraq 297 manata, yəni, faktiki olaraq 300 manata yaxınlaşıb. Eyni zamanda, pandemiya dövründə 750 min şəxsə müavinət və təqaüdlər də vaxtından əvvəl ödənilib. Bu məqsədlər üçün ötən ilin 6 ayı ilə müqayisədə 151 milyon manat və ya 45 faiz artıq vəsait xərclənib. Habelə pensiya, müavinət, təqaüd ödənişlərinin elektronlaşdırılması xüsusi karantin rejimində əhalinin mobilliyinin azaldılması baxımından çox böyük önəm kəsb edib. Hazırda Azərbaycan minimum pensiyanın məbləğinə görə alıcılıq qabiliyyəti üzrə MDB-də birinci yeri, orta pensiyanın alıcılıq qabiliyyəti üzrə isə ikinci yeri tutur. Sosial ödənişlərin digər vacib bir istiqaməti isə məhz sosial təminatla bağlıdır və burada da dövlət başçısının tapşırığına uyğun olaraq ünvanlı sosial yardım proqramının ödənişinin, prosedur qaydalarının sadələşdirilməsi üzrə genişmiqyaslı iş aparılıb. Artıq hazırda 84 min ailənin 350 min üzvünə ünvanlı sosial yardım ödənişləri həyata keçirilir. Pandemiya dövründə artım 14 min ailənin 58 min üzvünü əhatə edib və orta məbləğ burada 225 manata bərabər olub.
   Sosial təminatın digər bir istiqaməti məcburi köçkünlər, aztəminatlı ailələrə dəstək layihələri və şəhid ailələrinə, müharibə əlillərinə mənzil, habelə avtomobillərin verilməsi proqramı oldu ki, bu da uğurla davam etdirilir. Prezident İlham Əliyevin çıxışında onu da qeyd edib ki, bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu il bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq. Bu il rekord sayda - 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcəkdir. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Yəni, bütövlükdə ən azı 9 minə yaxın ailə bu il dövlət tərəfindən mənzillərlə təmin ediləcəkdir. Bütün bu mənzillər keyfiyyətli mənzillərdir, demək olar ki, onların hamısı yeni tikilmiş binalarda yerləşir. Beləliklə, əgər biz bir ailənin üzvlərini orta hesabla beş nəfər götürsək, deməli, bir il ərzində ölkəmizdə 45 min insan dövlət tərəfindən pulsuz, keyfiyyətli mənzillərlə təmin edilir. Mən tam əminliklə deyə bilərəm ki, adambaşına düşən saya görə bu, dünyada ən yüksək nailiyyətdir.

Keçidlər