Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib

05 oktyabr 2020 | 16:00

Cənab Prezident İlham Əliyev oktyabrın 3-də “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib. Müsahibəsində Dağlıq Qarabağ münaqişəsinə toxunan ölkə başçısı Ermənistanın müharibə istədiyini, Azərbaycan  torpaqlarını həmişəlik işğal altında saxlamaq arzusunda olduğunu vurğulayaraq bildirmişdir ki: “Onlar status-kvonun dəyişməsini istəmirlər və bu da münaqişənin bu qədər uzun çəkməsinin səbəbidir. Əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı.”
   BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr kağız üzərində qalmaqdadır. Münaqişənin həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupunun 28 ildir ki, fəaliyyətinin  heç bir nəticəsi yoxdur. Bunun əsas səbəbi Ermənistanın mövqeyidir deyən Ali Baş Komandan, ikinci səbəb kimi isə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən işğalçıya təkid göstərilməməsi və təzyiqin olmamasını vurğulamışdır.
   Müsahibədə beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərar və qətnamələri baxımından çox geniş dəstəyin olduğunu diqqətə çatdıran ölkə başçısı  Beynəlxalq ali orqan olan BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının geri çəkilməsini tələb edən qətnamələr qəbul etdiyini bildirmişdir: “Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar və başqaları eynisini edib, lakin bu, kifayət etmir.”
   Həmçinin ölkə rəhbəri qeyd etmişdir ki münaqişənin həlli üçün hüquqi çərçivə var. Təcavüzkara kifayət qədər praktiki təzyiq yoxdur. Beynəlxalq hüquq və reallıqda baş verənlər arasında ziddiyyət mövcuddur. Ermənistanın beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəl qoymaması beynəlxalq hüququn işləmədiyinin və ya selektiv üsulla işlədiyinin göstəricisidir. Ermənistanın müzakirələri pozan tərəfdir. Son iki ildə “inqilab”dan sonra Ermənistanın bəyanatlarına nəzər saldıqda görünür ki onlar həmişə təhrik və yeni müharibəyə başlamağı hədəfə alıblar və bunun səbəbi tamamilə danışıqları pozmaqdır. Prezident İlham Əliyev son aylarda cəbhə bölgəsindəki təxribatlara toxunaraq bildirdi ki: “Onlar Azərbaycana qarşı bir neçə hərbi təxribat törədiblər. İyulun 12-də onlar münaqişə regionundan çox uzaqda olan Tovuz rayonunda, Azərbaycanın qərbində, Ermənistan-Azərbaycan sərhədindəki kəndlərə və hərbi mövqelərə hücum ediblər.”
   Müsahibəsində Azərbaycanın Ermənistanın ərazisində heç bir hərbi məqsədi yoxdur deyən ölkə başçısı bildirdi:” Toqquşmalar yalnız dörd gün davam etdi. Sonra avqustun 23-də Ermənistan ordusu tərəfindən Azərbaycan ərazisinə daxil olmaq və terror aktlarını törətmək üçün göndərilmiş diversiya qrupu dağıdıldı və bu diversiya qrupunun başçısı yaxalandı.”
   Ermənistanın daxilindəki hərc-mərcliyi diqqətə çatdıran ölkə rəhbəri qeyd etdi ki: “Onlar danışıqlar prosesini tamamilə məhv etmək istəyirdilər. Onlar Azərbaycanı günahlandırmaq və “baxın, Azərbaycanla danışıqlar aparmaq mümkün deyil” söyləmək istəyirdilər. Səbəblərdən biri də onların daxili çətinlikləri ola bilər. Çünki indi Ermənistanda baş verənləri bilirik. Onlar çox ciddi siyasi böhrandan əziyyət çəkirlər. Hücuma keçməmişdən iki gün əvvəl əsas müxalifət partiyasının rəhbəri həbs edilmişdir. Sabiq iki prezident barədə cinayət araşdırması aparılır.”
   Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır və Azərbaycanın tələb etdikləri tamamilə beynəlxalq hüquqa müvafiqdir, çünki bütün dünyanın Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi “Dağlıq Qarabağ respublikası”nı tanımır. Cənab Prezident qətiyyətlə bildirdi ki:“Onlar ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaq.”
   Paşinyanın “Qarabağ Ermənistandır” ifadəsindən bir daha göründü ki danışıqlar üçün heç bir imkan qalmayıb. Bununla belə Minsk qrupunun həmsədrləri Ermənistan hakimiyyətinin yeni olduğunu,  emosiyalarına və sözlərinə tam hakim ola bilmədiyi üçün Azərbaycandan daha çox anlayış göstərməsini xaiş edirdilər.
   Ali Baş Komandan qətiyyətlə qeyd etdi ki, Azərbaycan sülh yolunu tapmaq istəyir. Ona görə də uzun illərdir gözləyirdi və bu yayındırıcı yanaşma olmasaydı, yəqin danışıqlar davam edəcəkdi. Bu bəyanatdan sonra Prezident İlham Əliyevin Ermənistanın baş naziri ilə görüşü oldu. Lakin görüşlər tamamilə mənasız idi, formal xarakter daşıyırdı. Onlar, əraziləri geri qaytarmayacaqlarını deyirdi.
   Ermənistanın baş nazirinin ilkin şərtlər irəli sürdüyünü bildirən dövlət başçısı bunu da növbəti təxribat adlandırdı: “Bir neçə ay öncə o, Azərbaycan üçün yeddi ilkin şərt irəli sürmüşdü. Əslində, o, öz gündəliyini Azərbaycana və Minsk qrupuna diktə etmək istəyirdi. Bu ilkin şərtlərdən biri də ondan ibarət idi ki, Azərbaycan “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalıdır. Bunu təkcə Azərbaycan yox, həm də Minsk qrupu rədd etdi.”
   Cənab Prezident bildirdi ki Şuşa şəhərində qondarma “Dağlıq Qarabağ lideri”nin qondarma “andiçmə” mərasiminin təşkil olunması təxribat idi. Heç bir digər digər qondarma “Dağlıq Qarabağ lideri” bunu etməmişdir .O, bunu azərbaycanlıların hisslərini təhqir etmək üçün edib. Sonra onlar qondarma “Dağlıq Qarabağın parlamenti”ni Xankəndidən Şuşaya köçürməyi qərara aldılar.
   Atəşkəsin birtərəfli qaydada əldə olunamayacağını qeyd edən Prezident İlham Əliyev qeyd etdi ki: “Hərbi əməliyyatlara başlayan Azərbaycan tərəfi olmayıb. Azərbaycan özünü müdafiə etməli idi. Əgər Azərbaycan bu dəfə etdiyi kimi cavab verməsəydi, bu gün mülki şəxslərimiz arasında yüzlərlə itki olacaqdı. Hələ də itkilərimiz çoxdur. Mülki şəxslər arasında 19 itkimiz var, onlardan 2-si uşaqdır. Mülki insanlar arasında 54 yaralı var. Ermənilərin artilleriya hücumu nəticəsində 300-dən çox evə ziyan dəyib və ya tamamilə dağılıb”
   “Bu ərazilər azərbaycanlıların tarixən yaşadığı ərazilərdir və onlar ermənilər tərəfindən işğal olunub və dağıdılıb”-deyən Ali Baş Komandan Füzulidə, Ağdamda və Azərbaycanın başqa şəhər və kəndlərində, işğal olunmuş ərazilərin cənub-şərqində baş verənlərlə bağlı internetdə çoxsaylı şəkillərin olduğunu bildirdi.“ Onların bir neçə qanunsuz yaşayış məntəqələrinin olduğu Laçın və Kəlbəcər rayonlarında da dağıntılar var, lakin bu ərazidə olduğu qədər ağır deyil. Bu, Azərbaycan torpağıdır. Onu geri almışıq, onu güc yolu ilə geri qaytarmışıq, onları itkilər verərək geri qaytarmışıq, heç vaxt bundan geri dönməyəcəyik. Orada yaşayacağıq.”

Keçidlər