Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm səhifəsini yaşayır

12 dekabr 2020 | 16:00

Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib.
   “Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər Paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.
   Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.
   Azərbaycan Ermənistanı məğlub etdi, işğala son qoydu. 44 günün hər günü şanlı tarixdir. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın.
   Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Azərbaycan oğulları Ermənistanı döyüş meydanında məhv etdi. Ermənilərin uzun illər yaratdıqları mifi darmadağın oldu. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək mif yaratmışdılar, guya Ermənistan ordusu yenilməz ordudur. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi.
   Uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində tərəfimizdən böyük işlər aparılmışdır və bu işin səmərəsi oldu. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı təbliğatına son qoyuldu və bütün dünya gördü ki, Qarabağ əzəli tarixi torpağımızdır.
   Azərbaycan xalqı Qələbəni 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib.
   Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik.
   Ölkəmiz üçün yeni dövr başlayır - quruculuq dövrü. Mənfur düşmən işğal edilmiş bütün torpaqları yerlə-yeksan edib. Bütün binalar, bütün tarixi abidələr, məscidlər, qəbirlər, məzarlıqlar mənfur düşmən tərəfindən dağıdılıb. Onlar hamısı bərpa ediləcək.

Keçidlər