Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil

  Son illər Azərbaycan təhsili özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bütün sahələrdə olduğu kimi təhsildə də davamlı islahatlar aparılır, nəticədə onun keyfiyyəti yüksəlir və yeni-yeni uğurlar əldə edilir. Balakən rayonunda təhsil yüksələn xətt üzrə inkişaf edir, rayon təhsil şöbəsi və onun tabeliyində olan təhsil müəssisələri gənc nəslin təlim-tərbiyəsi və kamil şəxsiyyət kimi formalaşması  sahəsində  uğurlu nəticələr  əldə etmək üçün səylə çalışırlar.

  Balakən rayonunda Rayon Təhsil Şöbəsinin tabeliyində 48 ümumtəhsil məktəbi, 35 tam, 9 ümumi orta, 4 ibtidai məktəb və 25 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Rayonda İnteqrasiya təlimli internat tipli gimnaziya və xüsusi qabiliyyətli şagirdlərin istedad və qabiliyyətlərinin daha da inkişaf etdirilməsinə xidmət edən Humanitar və texniki təmayüllü lisey mövcuddur.

   Balakən rayonunda son illər məktəblərin maddi-texniki və tədris bazasının yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirilib. Yeni məktəb binalarının tikintisi və təmiri ilə yanaşı təhsil ocaqlarının avadanlıq və tədris vəsaitləri ilə təchizatına da diqqət yetirilib. Müasir cəmiyyətdə təhsilin ayrılmaz komponentinə çevrilmiş İKT-nin təhsil müəssisələrində tətbiqi nəticəsində hər 17 nəfərə şagirdə 1 ədəd  kompüter düşür və 227 kompüter sürətli internet şəbəkəsinə qoşulub.
   2016-2017-ci tədris ilində ümumtəhsil məktəblərində 11918 şagird məktəbə cəlb edilib, məktəblərdə onların təlim və tərbiyəsi üçün normal şərait yaradılıb.
2017-ci ildə fənn olimpiadalarının  I rayon turu mütəşəkkil hazırlıqla keçirilib. Qalib gələn 59 nəfər II turda iştirak edib. II turda yüksək nəticə göstərərək olimpiadanın respublika turunda iştirak etmək hüququ qazanan  Nizami adına şəhər 1 saylı tam orta məktəbin 2 nəfər şagirdi - Qardaşov Afər coğrafiya fənnindən (Respublika üzrə II nəticə), Hüseynov Nurlan riyaziyyat fənnindən (Respublika üzrə  IV nəticə) mükafata layiq yerlər tutublar.
   2016-2017-ci tədris ilində “Kiçik Akademiya”ların üzvlərinin Təhsil Nazirliyinin keçirdiyi “Sabahın alimləri” VI  respublika müsabiqəsində Nizami adına şəhər 1 saylı tam orta məktəbin şagirdləri Qardaşov Afər, Əliyev Kamil, Nəsimi adına şəhər 2 saylı tam orta məktəbin şagirdi Saramanova Emilya, Qabaqçöl qəsəbə tam orta məktəbin şagirdı Süleymanova Milana iştirak edib və yüksək uğura imza atıblar. Dibirova Fərəh (X rus) “Sabahın alimləri” müsabiqəsində kimya nominasiyası üzrə  qalib olaraq İngiltərə və ABŞ-da  təhsil almaq hüququ qazanıb.
   Təhsil Nazirliyi və Gənclər İdman  Nazirliyinin birgə  keçirdiyi “Vətənimizi tanıyaq” Respublika coğrafiya fənni üzrə keçirilən müsabiqədə Nizami adına şəhər 1 saylı tam orta məktəbin XI sinif şagirdi Afər Qardaşov Respublikada II yerin qalibi olaraq  Təhsil Nazirliyinin diplomu və qiymətli hədiyyələri ilə təltif edilib.
   Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin Respublika müsabiqəsində “Meyvəçilik” nominasıyası üzrə I yer tutduğuna görə rayonun Nizami adına şəhər 1 saylı tam orta məktəbinin X sinif şagirdi Abdullayev Məzahir, IX sinif şagirdi Əliyeva Elza, “Arıçılıq” nominasıyası üzrə I yer tutduğuna görə Həsənov Yusif  Təhsil Nazirliyi tərəfindən qızıl medala layiq görülüb.
   Balakən rayon Tülü kənd 1 saylı tam orta məktəbin VIII sinif şagirdi Gülər Bayramlının  rəsm əsəri Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçirilən “Don Kixot və Utopiyanın gücü-Gələcəyə hazırıq” mövzusunda keçirilən müsabiqədə iştirak edib və diploma layiq görülüb.
   2016-2017-ci tədris ilinin buraxılış imtahanlarında həm IX, həm də XI siniflərdə nəticələr əvvəlki illərlə müqayisədə yüksək olub.
   2017-ci ildə ümumtəhsil məktəblərinin XI sinfini 771 nəfər şagird bitirib.  Məzunlarımızdan 2 nəfəri xüsusi nümunəli attestat və qızıl medala layiq görülmüşlər. 2017-ci ildə tam orta məktəb pilləsini bitirənlərin  221 nəfər tələbə adını qazanıb ki, onlardan  13 məzun 600-dən, 28 məzun isə 500-dən yuxarı bal toplayıb.

      Balakən rayon Humanitar və Texniki təmayüllü lisey

  Balakən rayon Humanitar və Texniki təmayüllü liseyi 1994-cü il 1 sentyabr tarixində 58 şagird, 20 müəllim və 2 texniki işçi ilə fəaliyyətə başlayıb. 2006-cı ildə liseyin hal-hazırda fəaliyyət göstərdiyi 240 şagird yerlik yeni binası tikilərək şagirdlərin istifadəsinə verilib. 2017-18-ci tədris ilində  liseydə 329 şagirdin təlim-tərbiyəsi ilə 48 müəllim və pedaqoji işçi məşğul olur.

   Yarandığı 1994-cü ildən bu günədək lisey öz yüksək uğurları və nəticələri ilə seçilib. Ali məktəblərə qəbul zamanı liseyçilərdən 40 nəfəri 600-dən yuxarı, 107 nəfəri 500-dən yuxarı bal toplayıb. 2 nəfər Prezident təqaüdçüsü adına layiq görülüb.  2012-ci ildən bu günə qədər 12 nəfər liseyi “Qızıl medal”la bitirib. Fəaliyyətdə olduğu dövrlərdə liseyin 66 şagirdi Respublika Fənn Olimpiadalarının, 36 şagirdi respublika səviyyəli yarış və müsabiqələrin qalibi olub. Hal-hazırda 21 nəfər lisey məzunu liseydə müəllim və pedaqoji işçi kimi fəaliyyət göstərir.

   Balakən rayon Humanitar və Texniki təmayüllü liseyi Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 2 dəfə 2007-2008-ci və 2013-2014-cü tədris illərində keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin qalibi olub.
   Fəaliyyət göstərdiyi 1994-2017-ci illərdə liseyi bitirən 934 şagirddən 787 nəfəri respublikanın ən qabaqcıl ali məktəblərinə qəbul olunublar.

      Balakən rayon İnteqrasiya təlimli internat tipli gimnaziya

   Balakən rayonu Ümumi orta internat məktəbi 1966-cı ildə fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2016-cı il tarixli 17/17/1718-11 nömrəli razılığına və Azərbaycan Respublikası Təhsil Nazirinin 06 avqust 2016-cı il tarixli 30 nömrəli əmrinə  əsasən Balakən rayonu Ümumi orta internat məktəbinin bazasında Balakən rayonu İnteqrasiya təlimli internat tipli gimnaziya yaradılıb.
   2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin vəsaiti hesabına əsaslı təmir olunan məktəb binası şagird və müəllimlərin istifadəsinə verilib. 450 yerlik məktəbdə 120 nəfər şagirdin yatılı olaraq təhsil alması üçün hər cür şərait yaradılıb. Hazırda məktəbdə 157 şagird təhsil alır. Şagirdlərin təlim tərbiyəsi ilə 21 müəllim və 9 tərbiyəçi məşğul olur.

     1 nömrəli Balakən Peşə məktəbi

   1 nömrəli Balakən Peşə məktəbi 1973-cü ildən fəaliyyət göstərir. Məktəbin 480 yerlik əsas və yardımçı tədris korpusları vardır.
   Məktəb Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2011-ci il tarixli 178 №-li qərarı ilə təsdiq edilmiş “İlk peşə-ixtisas təhsili üzrə ixtisasların təsnifatı” na uyğun olaraq  müvafiq kadr və maddi-texniki baza yaratmaqla əsas təhsil bazasına malik olan gənclərə 2, tam orta təhsilli gənclərə 1 il ərzində peşə təhsili verir.
   Məktəbin müvafiq texnikası, 9 fənn kabineti, laboratoriya və emalatxanası, təlim təsərrüfat sahəsi vardır.
   Şagirdlərin təlim- tərbiyəsi ilə 22 nəfər müəllim və istehsalat təlimi ustası məşğul olur.
   Məktəbdə aşağıdakı peşələr üzrə ixtisaslı kadrlar hazırlanır:

1.Kompüter ustası
2.Laborant mikrobioloq
3.Traktorçu maşinist
4.Aqroservis mütəxəssisi
5.Elektrik qaz qaynaqçısı
6.Tomat və tərəvəz konservləri hazırlayan usta
7.Qənnadçı, şirniyyatçı
8.Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik mantyoru
9.Əməliyyatçı-mühasib
10.Meyvə-tərəvəz ustası
11.Dərzi

   Məktəb öz fəaliyyətində “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” ni əsas tutur.

  2 nömrəli  Balakən Peşə Məktəbi


  2 nömrəli Balakən Peşə məktəbi 1979-cu ildən fəaliyyət göstərir. Məktəb binası 2 tədris korpusundan ibarət olmaqla 240 şagird yerlikdir. Məktəbdə şagirdlərin təlim tərbiyəsi ilə 10 nəfər müəllim, 9 nəfəri istehsalat  təlimi  ustası məşğul olur. Məktəbdə  8 fənn kabineti, 2 təlim emalatxanası, 2 tədris laboratoriyası, kənd təsərrüfatı    texnikası və  aqreqatları  şagirdlərin  biliklərə yiyələnməsinə  xidmət edir.
   2 nömrəli  Balakən Peşə məktəbi aşağıdakı peşə ixtisasları üzrə tədris həyata  keçirir:

1.Geniş profilli traktorçu maşinist, təmirçi çilingər
2.Tikiş avadanlığının operatoru, tikişçi
3.Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru
4.Elektrik qaz qaynaqçısı
5.Bənna
6.Tütünçü
7.Ərzaq və qeyri ərzaq malları  satıcısı, nəzarətçi  xəzinədar

   Məktəbəqədər təhsil müəssisələri

   Azərbaycan Respublikasının bugünkü inkişafı əhalinin rifah halının yüksəldilməsinə, sosial problemlərinin həllinə və yetişməkdə olan gənc nəslin formlaşmasına mühüm təsir göstərir. Bu gün uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir.
   Balakən rayonunda 25 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Məktəbəqədər təhsil müəssisələrində 1370 uşağın təlim tərbiyəsi ilə məşğul olunur. Son illərdə rayonda 5 uşaq bağçası-körpələr evi üçün yeni binalar inşa olunub, 5 uşaq bağçası-körpələr evi isə əsaslı təmir olunub.


Balakən rayonundan olan tanınmış ziyalılar

Yaqub Mikayıl oğlu Mahmudov- AMEA-nın tarix institutunun direktoru, AMEA-nın müxbir üzvü, Millət vəkili.
Tofiq Yusif oğlu Baharov – Azərbaycan Dövlət Neft Akademiyası, Kafedra müdiri, geologiya və mineralogiya elmləri doktoru.
Şəhrəddin Mühiddin oğlu Məmmədov – Azərbaycan Dövlət Neft Akademiyası, professor.
Rzaqulu Zeynal oğlu Sadıqov – Azərbaycan Milli Elmlər Akademiyası, fizika İnstitutu, fizika-riyaziyyat elmləri doktoru.
Zeynəddin Camaləddin oğlu Hacıyev – Bakı Dövlət Universiteti, fəlsəfə elmləri doktoru professor.
Əli Ömər oğlu Hüseynov – Bakı Dövlət Universiteti,iqtisad elmləri doktoru,professor.
Hacı İsa oğlu Heydərov- Azərbaycan Tibb Universiteti, fəlsəfə elmləri doktoru.
Qurban Müzaməddin oğlu Əhmədov- Milli Elmlər Akademiyası, fizika institutu, baş elmi işçi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru.
Mustafa İsmayıl oğlu Mustafayev –Azərbaycan Neft Akademiyası-dosent, texniki elmlər namizədi.
Həqiqət M.Hacı qızı Hacıyeva – Azərbaycan Dövlət Pedaqoji Universiteti-müəllimə, biologiya elmləri doktoru.
Qurban Zeynalabid oğlu Əzizov – Azərbaycan Milli Elmlər Akademiyası , Torpaqşünaslıq institutu , biologiya elmlər üzrə fəlsəfə doktoru.
Nigar Tələt qızı Qarayeva – Hərbi qospitalda həkim, tibb elmlər namizədi.
Şaban Məhəmməd oğlu Abdurahmanov-Azərbaycan İqtisad Universiteti, kimya elmlər namizədi.
Leyla Qalib qızı Əfəndiyeva - Tibb elmlər namizədi ,Azərbaycan Tibb Universitetində müəllimə.
Gülnarə Əsəbəli qızı Əzizova-İqtisadiyyat üzrə fəlsəfə doktoru, İqtisadiyyat Universitetində müəllimə.

 

Keçidlər