Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatı

     Kənd  təsərrüfatı sahəsində 2019-cu ildə görülmüş işlər və növbəti ildə bu sahədə qarşıya qoyulmuş vəzifələrə dair

   2019-cu ildə rayonun əsas sosial-iqtisadi göstəriciləri yüksəlmiş,  ümumi məhsul buraxılışı 226,0 milyon manat təşkil etmiş, 2018-ci illə müqayisədə artım  1,2 faiz olmuşdur. 79,0 milyon  manatlıq kənd təsərrüfatı məhsulu, 48,2 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş, 16,6 milyon manat dəyərində tikinti işləri görülmüşdür. 2018-ci illə müqayisədə kənd təsərrüfatı məhsulu istehsalı 8,2 faiz, ödənişli xidmətlərin həcmi 1,0 faiz, pərakəndə əmtəə dövriyyəsi 3,0 faiz artmış, ümumi məhsul buraxılışının rayon əhalisinin hər nəfərinə düşən həcmi 2283 manat olmuşdur. Kənd təsərrüfatında istehsal olunan məhsulun  53,0 faizi bitkiçilik, 47,0 faizi isə heyvandarlıq məhsullarının payına düşmüşdür. Rayonun sənaye müəssisələri tərəfindən istehsal olunan 20 milyon manatlıq quru meyvə və tərəvəz ixrac olunmuşdur.
   2019-cu ildə rayonda kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin göstərilməsi və bu sahədə müvafiq  tədbirlərin həyata keçirilməsi kənd təsərrüfatının daha da inkişaf etdirilməsinə geniş şərait yaratmışdır. Baramaçılığın, tütünçülüyün və fındıqçılığın daha da inkişaf etdirilməsi istiqamətində ardıcıl işlər aparılmış, bələdiyyə, dövlət  və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin səmərəli istifadə edilməsi üçün tədbirlər görülmüşdür. 2019-cu ilin məhsulu üçün  13685,7 ha sahədə  payızlıq və yazlıq əkinlərin aparılması təmin olunmuş,  taxıl biçini optimal müddətdə başa çatdırılmışdır. Sahələrdən 4715,5 ton məhsul istehsal edilmiş, hər hektardan məhsuldarlıq göstəricisi  28,2 sentner olmuşdur.
   Rayonun kənd təsərrüfatının ənənəvi sahələrindən olan barama istehsalı sahəsində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi məqsədilə barama toxumu rayonda dirildilmiş, 1075 qutu ipəkqurdu  kümçülərə paylanılmışdır. Nəzərdə tutulan 43,0 ton barama istehsalı proqnozuna qarşı 311 kümçü tərəfindən 44,1 ton barama istehsal olunmuş, proqnoza 102,6% əməl edilmişdir.
   Ötən il 450 ha sahədə tütün əkilməklə  512.3 ton quru tütün istehsal edilmişdir. Emal müəssisələri olan “Azərtütün ASK” MMC-yə 1766,3 ton yaş Virciniya növ, “Azəri” Korporasiyasına 846 ton yaş və 110,4 ton quru,  “ İlham-M” MMC-yə isə 22 ton quru tütün təhvil verilmişdir. 2018-ci ilə nisbətən əkin sahələri azaldılmaqla daha məhsuldar torpaqlar seçilmiş,  nəticə etibarı ilə keyfiyyətli tütün istehsalı  artmışdır. Balakən tütün istehsalı və emalı məntəqəsinin fəaliyyətinin təhlili göstərir ki, müəssisədə  2018-ci ildə emal olunan tütünün cəmi 40.8 faizi  I növ olmuşdursa, 2019-cu  ildə bu rəqəm  60.1 faiz təşkil etmişdir.
   Cari təsərrüfat ilində 450 ha sahədə tütün əkini proqnozlaşdırılmışdır ki, bununda 242 hektarını “Azərtütün ASK” MMC ilə, 167.5 hektarını “Azəri” Korporasiyası ilə, 40.5 hektarını isə “ İlham-M” MMC ilə  müqavilə bağlanaraq  əkini təmin olunacaqdır.
   Rayon üzrə quru şəkildə ən çox tütün Qazbinə kənd sakini Dadayeva Ayparə Şaban qızı (74,1 ton), Talalar kənd sakini Cumayev İmran Ələkbər oğlu (33,0 ton) və Püştətala kənd sakini Bayramova Şamsu Müzaməddin qızı (21,0 ton) tərəfindən  istehsal edilmişdir.
   2019-cu ildə  772,0 hektar sahədə fındıq bağları salınmaqla yeni salınan bağların sahəsi 5050,0 hektara, rayon üzrə fındıq bağlarının ümumi sahəsi 10716,1 hektara çatdırılmışdır.
   Rayonda bitkiçiliyin digər sahələrinin-qarğıdalıçılığın, tərəvəzçiliyin, kartofçuluğun, bostançılığın inkişaf etdirilməsi məqsədilə istehsalçıların toxuma, mineral gübrələrə, pestisidlərə, texniki vasitələrə olan tələbatının  ödənilməsi təşkil edilmiş, məhsuldarlığın artırılması üçün tədbirlər görülmüş,  il ərzində 44173,5 ton qarğıdalı, 28845 ton tərəvəz, 5596 ton kartof, 3628 ton bostan, 415 ton lobya və.s məhsullar istehsal edilmişdir.
  Taxılçılıq sahəsində fermerlər tərəfindən  cari ilin məhsulu üçün 1499,1 ha sahədə taxıl səpilmiş, onun 547 hektarını  arpa, 896,1 hektarını buğda, 56 hektarını isə xəsil təşkil etmişdir.
   Rayonda bitkiçiliklə yanaşı heyvandarlığın inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılmışdır. 1 yanvar 2020-ci il tarixinə iribuynuzlu mal-qaranın sayı 36939 baş, xırdabuynuzlu malın sayı  36999 baş olmuşdur. Ət istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə eyni qalmış, süd istehsalı 0,4 faiz, yumurta istehsalı  6,6 faiz, yun istehsalı 10,4 faiz, bal istehsalı isə 27,7 faiz artmışdır.
   Heyvandarlığın inkişaf etdirilməsinə, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına, xaricdən idxal olunan cins malların güzəştlə satılmasına diqqət artırılmışdır.
   Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq Sərəncamlara əsasən təsərrüfarçılar tərəfindən emal müəssisələrinə təhvil verilmiş tütün məhsuluna, süni mayalanma yolu ilə  alınmış hər baş buzova, fiziki şəxslərə saxladıqları arı ailəsinə (pətəyə) və barama istehsalına görə subsidiyaların  hesablanılması və  təsərrüfatçıların cari hesablarına köçürülməsi  təmin edilmişdir.
   Ötən dövr ərzində rayon üzrə bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçılarına pul ifadəsində göstərilən dövlət dəstəyi ümumilikdə  939,2 min manat olmuşdur ki, bu da 2018-ci ildə göstərilən yardımdan 320,1 min manat çoxdur.
   Kənd təsərrüfatında yeni subsidiya mexanizminin tətbiqi ilə əlaqədar fermerlərin qeydiyyata alınması və payızlıq əkinlərə görə  bəyannamələrin təqdim edilməsi  təşkil  edilmiş və  8409   nəfər təsərrüfatçı qeydiyyatdan keçirilmişdir.
   Mal-qaraya baytarlıq xidmətlərinin göstərilməsinə nəzarət artırılmış, xəstəliklərə qarşı mübarizə məqsədi ilə profilaktiki və müalicə tədbirləri həyata keçirilmiş, epizootik vəziyyət sabit qalmışdır. Rayonda torpaq analizlərinin aparılması istiqamətində işlər davam etdirilmiş,  834 hektar sahədən 140 torpaq nümunəsi götürülmüş və torpaq sahibləri alınmış nəticələr barədə  məlumatlandırılmışdır.
   Rayonda meyvəçiliyin inkişafını stimullaşdırmaq, rəqabət qabiliyyətli və ixrac yönümlü yerli məhsulların xarici bazarlarda satışını təşviq etmək, xurma və ondan hazırlanan məhsulları nümayiş etdirmək üçün 27 oktyabr 2019-cu ildə  üçüncü “Xurma” festivalı keçirilmişdir. Qeyd olunmalıdır ki,  festival milli adət-ənənələrimizin təbliği ilə yanaşı rayonda istehsal olunan digər kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılmasında  önəmli rol oynayır.
   Rayonun Qazbinə kənd sakini Dadayeva Ayparə Şaban qızı kənd təsərrüfatının inkişafında xidmətləri olan təsərrüfatçı kimi ölkə Prezidenti cənab İlham Əliyevin  25 dekabr 2019-cu il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunmuşdur.

   Rayonun iqtisadiyyatında əsas yer tutan kənd təsərrüfatı sahəsində uğurlarımız diqqət cəlb edəndir.  Baramaçılıq sahəsində sıfır tondan son üç ildə barama istehsalının 44.1 tona qalxması, tütünçülük sahəsində sıfır hektardan son üç ildə 500-550 hektaradək tütün əkini aparmaq  kənd təsərrüfatı tarixinin Balakəndə yenidən canlanmasından bəhs edir. Aqrar siyasətin artan tendensiya ilə inkişafını təmin etmək üçün mütəmadi torpaq mülkiyyətçiləri ilə görüşlər keçirilməli, onların problem və təklifləri dinlənilməlidir.                                   

Keçidlər