Kənd təsərrüfatı
Kənd təsərrüfatı
Kənd təsərrüfatı sahəsində 2022-ci ildə görülmüş işlər və növbəti ildə bu sahədə qarşıya qoyulmuş vəzifələrə dair
2022-ci ildə rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərüfatının inkişaf etdirilməsi, bu sahədə dövlət proqramlarının icrası, məhsul istehsalının artırılması, istehsalçılara dövlət dəstəyinin göstərilməsi, subsidiyaların verilməsi, xaricdən idxal olunan mal qaranın, mineral gübrələrin və pestisidlərin güzəştlə satılması, fermerlərə və torpaq mülkiyyətçilərinə təsərrüfatların qurulmasına köməklik göstərilməsi, onların texnikaya, mineral gübrələrə, toxuma və dərman preparatlarına olan tələbatının ödənilməsi, məhsul satışına köməklik göstərilməsi, aqrar sahədə “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”nin tətbiq edilməsinin genişləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür.
2022-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 115805,7 min manat olmaqla 2021-ci illə müqayisədə 4,5 faiz artmışdır. İstehsal olunmuş 115805,7 min manat məhsulun 69801,8 min manatı və ya 60,3 faizi bitkiçilik, 46003,9 min manatı və ya 39,7 faizi isə heyvandarlıq məhsulları olmuşdur.
Rayonda əkin altında olan torpaq sahələri 15585 hektara çatmış, onun 1672,9 hektarı payızlıqlar (920,3 ha buğda, 732,6 ha arpa, 20,0 ha xəsil), 11816,0 hektarı isə yazlıq bitkilər olmuşdur. Yazlıq əkinlərin 2037 ha tərəvəz, 360 ha bostan, 618 ha kartof, 181 ha lobya, 7667 ha qarğıdalı, 851 ha yonca və 102 ha tütün sahələridir. 2022-ci ildə taxıl biçini mövsümündə kombaynlara olan tələbat ödənilmiş, biçin optimal müddətdə basa çatdırılmış, sahələrdən 5520 ton məhsul yığılmışdır. Məhsuldarlıq göstəricisi isə əvvəlki ilə nisbətən 0,7 sentner artaraq 33,4 sentnerə çatmışdır. İstehsal olunmuş taxılın 3322 tonu buğda, 2198 tonu isə arpa olmuşdur. Təsərrüfatlarda taxıl biçinindən sonra 465 ha sahədə təkrar qarğıdalı və 35 ha soya əkilməsi də təmin edilmişdir. Əkin sahələrinə normal aqrotexniki qulluq göstərilmiş, zərərvericilərə və alaq otlarına qarşı mübarizə tədbirləri həyata keçirilmuş, yazlıq və təkrar əkin sahələrində məhsuldarlığın artırılması üçün əlavə işlər görülmüşdür.
Hesabat dövründə əhəmiyyət kəsb edən sahələrdən hesab olunan baramaçılığın, tütünçülüyün və fındıqçılığın inkişaf etdirilməsi və bu sahədə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində ardıcıl işlər aparılmış, bələdiyyə, dövlət və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin səmərəli istifadə edilməsi üçün tədbirlər görülmüşdür. İlin əvvəlindən etibarən barama, tütün istehsal edəcək, eləcə də, yeni fındıq bağları salacaq istehsalçılar müəyyən edilmiş, əkin sahələri seçilmiş, dondurma şumu aparılmış və seçilmiş sahələrdə nəzərdə tutulan əkinlərin aparılması təmin olunmuşdur.
2022-ci ildə rayona 885 qutu ipəkqurdu gətirilərək 271 kümçüyə paylanılmış, kümçülər tərəfindən 31,6 ton yaş barama istehsal olunaraq “Azəripək” MMC-yə təhvil verilmişdir. Baramaçılığın inkişaf etdirilməsi və onun yem bazasının yaxşılaşdırılması məqsədi ilə Çindən gətirilən və yerli tut ağaclarına xidmət göstərilmiş, əlavə 25000 ədəd Çin mənşəli tut tingləri rayona gətirilərək əkilməsi təmin olunmuşdur.
Hesabat dövründə tütünçülüyün inkişaf etdirilməsinin dövlət proqramı çərçivəsində əlaqədar işlər görülmüş, bu məqsədlə torpaq sahələri seçilmiş, sahələrin torpaq analizləri aparılmış, istehsalçılarla müqavilələrin bağlanması təmin edilmişdir. Lakın, buna baxmayaraq tütün tədarükü ilə məşğul olan şirkətlər tərəfindən müqavilələrin tam bağlanılması və tütünçülərin kreditlərə olan tələbatın ödənilməsi sahəsində lazımı işlərin görülməsi təmin olunmamış və nəticədə, proqnoza tam əməl edilməsi mümkün olmamışdır. Digər tərəfdən buna əvvəlki ildə tütünün qəbul edilməsində fermerlərin bir sıra çətinliklərlə üzləşməsi, məhsulun aşağı keyfiyyətdə qəbul edilməsi, istehsalçıların aldıqları kreditləri banka qaytara bilməməsi və ziyan etməsi kimi hallar da öz təsirini göstərmişdir. Beləliklə, 2022-ci ildə cəmi 102 ha sahədə tütün əkilmişdir ki, onun 34 hektarı Zaqatala Aqro İndustriya ilə, 4 hektarı Azərbaycan Sənaye Kooperasiyası “Azər tütün” MMC ilə, 24 ha “İlham” MMC ilə, 40 ha isə “Aydınoğlu” MMC ilə müqavilə bağlanılaraq əkilmişdir. Lakin, şitil sahələrə köçürüldükdən sonra 27-28 iyul tarixlərində yağan leysan yağışları nəticəsində 7,5 ha sahə su altında qalmış və təbii fəlakətin nəticələri aktlaşdırılmışdır. Eyni zamanda, iyul, avqust aylarında uzun hökm sürən quraqlıq da məhsuldarlığa öz mənfi təsirini göstərmişdir. Rayonda cəmi 138 ton tütün istehsal olunmuş və onun 134,8 tonu tədarükçü təşkilatlara təhvil verilmişdir.
Hesabat ilində rayonda bitkiçiliyin kartofçuluq, tərəvəzçilik, qarğıdalıçılıq, bostançılıq kimi sahələrinin də inkişaf etdirilməsi istiqamətində ardıcıl işlər aparılmış, istehsalçıların toxuma, mineral gübrələrə, pestisidlərə, texnika və texniki vasitələrə olan tələbatı ödənilmiş, məhsuldarlığın artırılması üçün aqrotexniki tədbirlər görülmüşdür. Nəticədə, kartof, tərəvəz, bostan, qarğıdalı və digər məhsulların istehsalı sahəsində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi mümkün olmuşdur.
Təsərrüfatlarda 31717,0 ton tərəvəz, 48816,0 ton qarğıdalı, 6065 ton kartof, 4348 ton bostan, 400 ton lobya, 34627 ton meyvə, o cümlədən 6370,7 ton fındıq istehsal edilmişdir. Eyni zamanda təkrar əkini sahələrindən 1852 ton qarğıdalı və 40 ton soya da istehsal edilmişdir.
Rayonda toxum istehsalı sahəsində “Balakən toxum” MMC tərəfindən 169 ton buğda və 1848 ton arpa toxumu istehsal edilərək istehsalçılara satılması təmin olunmuşdur.
Əkin sahələrinin suvarılmasının təşkili ilə bağlı Suvarma Sistemləri İdarəsi ilə birgə ardıcıl işlər aparılmış və il ərzində 8400 ha sahənin suvarılmasının təşkili ilə bağlı tədbirlər görülmüşdür. Suvarılan sahələrin 2252 hektarı əkin, 3778 hektarı həyətyanı, 2370 hektarı isə çoxillik əkmələrdir. Bununla yanaşı, mövcud suvarma kanallarında 357 min kub metr həcmində təmizləmə işləri görülmüşdür. Digər tərəfdən suvarma işlərinin yaxşılaşdırılması üçün 12 ədəd subartezian quyusu təmir olunmuş, Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən əlavə 6 ədəd artezian quyusunun, o cümlədən, 5 əd. subartezian və 1 əd. artezian quyusunun qazılması təmin edilmişdir.
Rayonda bitkiçiliklə yanaşı heyvandarlığın da inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmış, 01.01.2023-cü il vəziyyəti iribuynuzlu mal-qaranın sayı 36328 başa, xırdabuynuzlu malın sayı isə 40667 başa çatdırılmışdır. Hesabat dövründə ət istehsalı 36713 ton, süd istehsalı 16605 ton, bal istehsalı 250 ton, yumurta istehsalı 7861 min ədəd, yun istehsalı 83 ton olmuşdur. Ət istehsalı 1,0 faiz aşağı düşmüş, süd istehsalı 1,3 faiz, yumurta istehsalı 0,6 faiz, bal istehsalı 22 faiz, yun istehsalı 0,6 faiz artmışdır.
2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli 1364 nömrəli Sərəncamına uyğun olaraq süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi ilə bağlı müafiq tədbirlər həyata keçirilmişdir. Ötən ildə 1425 baş mal süni yolla mayalandırılmış və 1061 baş sağlam buzov doğulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-ci il tarixli “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərmanına uyğun olaraq fermerlərin Elektron Kənd Təsərrütatı İnformasiya Sistemində qeydiyyata alınması, əkin sahələrinin və bağların və təhvil verilmiş məhsulun bəyan edilməsi ilə bağlı tədbirlər görülmüşdür. Hesabat dövründə cəmi 7982 fermer tərəfindən 7119 ha fındıq bağı, 2138 ha qarğıdalı, 212 ha meyvə bağı, 888 ha buğda, 563 ha arpa, 953 ha meyvə bağı və 182 ha intensiv bağ sahələri bəyan edilmiş və onlara qanunvericiliyin tələblərinə uyğun subsidiya ödənişləri aparılmışdır.
Barama istehsalçılarına istehsal etdikləri yaş baramaya görə vəsaitin ödənilməsi istiqamətində də işlər görülmuş, kümçülərin EKTİS-də qeydə alınması təşkil edilmiş və 30633.3 kq normal yaş baramaya görə subsidiyaların ödənilməsi təmin olunmuşdur.
Təhvil verilmiş məhsula görə istehsalçılara 254458 ton yaş tütün üçün 6615,8 manat subsidaya ödənişlərinin aparılması təmin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli 3747 nömrəli “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Sərəncamına uyğun olaraq rayonda arıçılıq fəaliyyəti ilə məşğul olan arıçılara hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi ilə bağlı əlaqədar işlər həyata keçirilmişdir.Belə ki, 1209 arıçının bəyan etdiyi 38609 arı ailəsinə görə subsidiya ödənişləri AKİA tərəfindən aparılmışdır.
Hesabat dövründə mal-qaraya baytarlıq xidmətlərinin göstərilməsinə nəzarət artırılmış, epizootik tədbirlər planına uyğun xəstəliklərə qarşı mübarizə tədbirləri həyata keçirilmişdir. Hal-hal rayonda epizootik vəziyyət sabit olaraq qalır.
Zərərvericilərə və xəstəliklərə qarşı mübarizə aparılması sahəsində fermerlərlə birgə 822,6 ha sahədə “Sinkfosfid” preparatı ilə siçanabənzər gəmiricilərə qarşı mübarizə aparılmışdır. Təsərrüfatlarda karantin və digər alaq otlarına qarşı aparılan müşahidə zamanı 1699,8 hektarda alaq otları ilə sirayətlənmə aşkar olunmuş, 1406,2 ha ərazidə mexaniki, 7556,1 ha sahədə isə kimyəvi üsulla mübarizə aparılmışdır.
Rayonda torpaq analizlərinin aparılmasına və analizin nəticələrinə görə əkinlərə aqrotexniki xidmətlərinin göstərilməsi ilə bağlı fermer və mülkiyyətçilərlə görüşlər keçirilmiş, onlara müvafiq tövsiyələr verilmiş və torpaq analizinin aparılmasının əhəmiyyəti izah edilmişdir. Rayonda 456,2 hektar sahədən 185 torpaq nümunəsi götürülmüş və analizi aparılmış, alınmış nəticələr barədə torpaq sahibləri məlumatlandırılmışdır. Analiz nümunələrinin 53 hektarı qarğıdalı, 70 hektarı taxıl, 37 hektarı fındıq, 1 hektarı tərəvəz, 20 hektarı isə meyvə sahələrinə aid olmuşdur.
2022-ci il ərzində “Aqrolizinq” ASC-nin rayon nümayəndəliyi tərəfindən istehsalçıların texnikaya, mineral gübrələrə, pestisidlərə olan tələbatının ödənilməsi sahəsində işlər görülmüş, 861,5 ton mineral gübrələrin və 16,4 litr herbisidin 70% güzəştlə fermerlərə satılması təmin olunmuşdur.
Rayonda kənd təsərrüfatı məhsullarının emalı və qurudulması sahəsində də işlər görülmüş, 2022-ci ildə “Balxurma” MMC tərəfindən 379 ton yaş və quru xurma istehsal edilmiş, onun 359 tonu isə xarici bazarlarda satılmışdır.