İCTİMAİ ŞURA
İCTİMAİ ŞURA
İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu.
İctimai iştirakçılıq haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.
1-ci fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
1.0.1. ictimai iştirakçılıq – dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının (bundan sonra – mərkəzi icra hakimiyyəti orqanları), yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyət institutlarının bu Qanunla müəyyən edilmiş formalarda iştirakı, dövlət və yerli özünüidarəetmə orqanlarının ictimaiyyətlə məsləhətləşməsi və ictimai rəyin nəzərə alınması;
1.0.2. vətəndaş cəmiyyəti institutları – qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar), kütləvi informasiya vasitələri, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri;
1.0.3. ictimai şura – bu Qanunda nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurum;
1.0.4. ictimai müzakirə – ictimai əhəmiyyətli qərarların qəbulu zamanı müvafiq məsələlər barəsində əhalinin müxtəlif təbəqələrinin təkliflərinin hazırlanması üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin iştirakı ilə təşkil olunmuş yığıncaq;
1.0.5. ictimai dinləmə – hüquqi aktların layihələrinə, dövlət və cəmiyyət həyatının ayrı-ayrı məsələlərinə dair ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi və vətəndaşların məlumatlandırılması üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin iştirakı ilə təşkil olunmuş yığıncaq;
1.0.6. ictimai rəyin öyrənilməsi – dövlət və cəmiyyət həyatının ayrı-ayrı məsələlərinə dair əhalinin müxtəlif təbəqələrinin rəyinin öyrənilməsi məqsədi ilə sosioloji sorğuların və digər oxşar tədbirlərin keçirilməsi;
1.0.7. hüquqi aktların layihələrinin ictimai müzakirəsi – hüquqi aktların layihələrinin onların hazırlanmasında iştirak edən şəxslərin, habelə vətəndaş cəmiyyəti institutlarının, ayrı-ayrı vətəndaşların, ekspertlərin və mütəxəssislərin iştirakı ilə araşdırılması, təhlil edilməsi və qiymətləndirilməsi;
1.0.8. yazılı məsləhətləşmə – hüquqi aktların layihələrinə dair vətəndaş cəmiyyəti institutlarının rəylərinin öyrənilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən onlara müraciət edilməsi və yazılı formada təqdim olunmuş rəy, irad və təkliflərin təhlil edilməsi, ümumiləşdirilməsi və qiymətləndirilməsi.
Maddə 2. İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən və bu Qanundan ibarətdir.
2.2. Bu Qanunun müddəaları vətəndaş cəmiyyəti institutlarının və ayrı-ayrı vətəndaşların ictimai iştirakçılığın həyata keçirilməsi ilə bağlı bu Qanunda nəzərdə tutulmamış digər hüquqlarını məhdudlaşdırmır.
Maddə 3. İctimai iştirakçılığın məqsədləri
3.0. İctimai iştirakçılığın məqsədləri aşağıdakılardır:
3.0.1. vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi;
3.0.2. mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi;
3.0.3. mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili;
3.0.4. mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması;
3.0.5. dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması;
3.0.6. əsas insan və vətəndaş hüquqlarının müdafiəsi.
Maddə 4. İctimai iştirakçılığın prinsipləri
4.0. İctimai iştirakçılıq aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
4.0.1. qanunçuluq;
4.0.2. könüllülük;
4.0.3. şəffaflıq;
4.0.4. plüralizm;
4.0.5. bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi.
Maddə 5. İctimai iştirakçılığın formaları
5.1. İctimai iştirakçılığın formalarına aşağıdakılar aiddir:
5.1.1. ictimai şura;
5.1.2. ictimai müzakirə;
5.1.3. ictimai dinləmə;
5.1.4. ictimai rəyin öyrənilməsi;
5.1.5. hüquqi aktların layihələrinin ictimai müzakirəsi;
5.1.6. yazılı məsləhətləşmə.
5.2. Bu Qanun ictimai iştirakçılığın digər formalarda həyata keçirilməsini məhdudlaşdırmır.
2-ci fəsil
İctimai şuralar
Maddə 6. İctimai şuranın yaradılması qaydası
6.1. İctimai şura 5-15 üzvdən ibarət tərkibdə bu Qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əsasnaməyə uyğun olaraq vətəndaş cəmiyyəti institutları tərəfindən seçilir. Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir vətəndaşı ictimai şuranın üzvü ola bilər.
6.2. İctimai şuranın səlahiyyət müddəti iki ildir.
6.3. Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanı öz internet səhifəsi və mövcud olan digər vasitələrlə ictimai şuraya namizədlərin irəli sürülməsi, onların qeydiyyatının başlanması və başa çatması vaxtını elan edir. Namizədlərin irəli sürülməsi və qeydiyyatı üçün nəzərdə tutulan müddət iyirmi iş günündən az ola bilməz.
6.4. Hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər. Namizədlərin irəli sürülməsi başa çatdıqdan sonra bir ay müddətində ictimai şuraya seçkilər keçirilir.
6.5. Namizəd irəli sürməyən vətəndaş cəmiyyəti institutları da ictimai şuranın üzvlərinin seçilməsində iştirak edə bilərlər.
6.6. İctimai şuranın üzvləri irəli sürülmüş namizədlər içərisindən vətəndaş cəmiyyəti institutlarının (onların ərazi təşkilatlarının), yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına münasibətdə isə müvafiq ərazidə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda gizli səsvermə yolu ilə seçilir.
6.7. İctimai şuradakı fəaliyyətinə görə üzvlərə əmək haqqı, qonorar, kompensasiya və başqa ödənişlər verilmir.
6.8. İctimai şuranın fəaliyyətinin texniki (mərkəzi və yerli icra hakimiyyəti orqanı və yerli özünüidarəetmə orqanının maliyyə vəsaitlərindən istifadə istisna olmaqla) və informasiya təminatı ilə bağlı məsələlər müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanı və yerli özünüidarəetmə orqanı tərəfindən həll edilir.
6.9. Mərkəzi və yerli icra hakimiyyəti orqanı və yerli özünüidarəetmə orqanı tərəfindən ictimai şuranın sərbəst fəaliyyəti üçün şərait yaradılır.
Maddə 7. İctimai şuranın hüquqları və vəzifələri
7.1. İctimai şuranın aşağıdakı hüquqları vardır:
7.1.1. mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından öz fəaliyyəti üçün zəruri olan məlumatları, ictimaiyyətlə məsləhətləşmələr tələb edən məsələlər üzrə hüquqi aktların layihələrini almaq;
7.1.2. ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi barədə mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanına təkliflər vermək;
7.1.3. müvafiq ərazidə və sahədə dövlət siyasətinin formalaşması və həyata keçirilməsi barədə təkliflərlə çıxış etmək;
7.1.4. müvafiq sahədə dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi barədə hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı təkliflər vermək;
7.1.5. ictimai əhəmiyyət kəsb edən məsələlərin həllinə dair vətəndaş cəmiyyəti institutlarının təkliflərini toplamaq, ümumiləşdirmək və mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanına təqdim etmək;
7.1.6. dövlət və cəmiyyət həyatının ayrı-ayrı məsələlərinin müzakirəsi üçün açıq tədbirlər (ictimai müzakirələr, dinləmələr, seminarlar, konfranslar, dəyirmi masalar və digər tədbirlər) təşkil etmək;
7.1.7. ictimai rəyin öyrənilməsi üçün sorğular keçirmək və ya müvafiq təşkilatlara sorğu keçirilməsi barədə təkliflər vermək;
7.1.8. hüquqi aktların layihələrinin ictimai müzakirəsini keçirmək;
7.1.9. şuranın işinə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının nümayəndələrini, vətəndaş cəmiyyəti institutlarını, ekspertləri və elmi təşkilatların, o cümlədən beynəlxalq təşkilatların nümayəndələrini, ayrı-ayrı mütəxəssisləri cəlb etmək;
7.1.10. öz məqsədlərini həyata keçirmək üçün daimi və müvəqqəti işçi orqanlar (komitələr, komissiyalar, ekspert qrupları, işçi qruplar və s.) yaratmaq.
7.2. İctimai şura üzvlərinin mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının yerləşdiyi binaya müvafiq orqan tərəfindən müəyyən olunmuş qaydada daxil olmaq hüququ vardır.
7.3. İctimai şuranın aşağıdakı vəzifələri vardır:
7.3.1. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, habelə digər normativ hüquqi aktlara riayət etmək;
7.3.2. şuranın fəaliyyəti barədə əhalini məlumatlandırmaq;
7.3.3. öz fəaliyyətinə dair illik hesabat hazırlamaq və dərc etdirmək;
7.3.4. müzakirə olunan məsələlərə qərəzsiz yanaşmaq.
Maddə 8. İctimai şuranın iclasları
8.1. İctimai şuranın iclasları ildə dörd dəfədən az olmayaraq keçirilir. Növbədənkənar iclaslar ictimai şura sədrinin təşəbbüsü və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.
8.2. İctimai şuranın iclasları açıq keçirilir.
8.3. İctimai şuranın iclasının gündəliyinin layihəsi ictimai şura sədrinin və üzvlərinin təklifləri əsasında formalaşır və iclasda təsdiq olunur. Mərkəzi və yerli icra hakimiyyəti orqanı və yerli özünüidarəetmə orqanı ictimai şuranın müzakirəsinə məsələlər təklif edə bilər.
8.4. İctimai şura üzvlərinin yarısından çoxu iştirak etdikdə iclaslar səlahiyyətlidir. İctimai şuranın iclaslarını onun sədri aparır. Sədr olmadıqda isə iclasa sədrlik onun müavini tərəfindən həyata keçirilir.
8.5. İctimai şuranın aktları iclasda iştirak edənlərin sadə səs çoxluğu ilə qəbul edilir və sədrlik edən tərəfindən imzalanır. Səslər bərabər olarsa sədrin səsi həlledici olur.
8.6. Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanının nümayəndələri ictimai şuranın iclaslarında iştirak edə bilərlər.
Maddə 9. İctimai şuranın sədri, sədr müavini və katibi
9.1. İctimai şuranın sədri şuranın iclasında şuranın üzvləri arasından iki il müddətinə seçilir.
9.2. İctimai şuranın sədri:
9.2.1. ictimai şuranın fəaliyyətinə rəhbərlik edir;
9.2.2. dövlət və yerli özünüidarəetmə orqanları, vətəndaş cəmiyyəti institutları ilə münasibətlərdə ictimai şuranı təmsil edir;
9.2.3. ictimai şuranın fəaliyyətinin prioritet istiqamətlərini müəyyənləşdirir;
9.2.4. ictimai şuranın iclaslarına sədrlik edir.
9.3. İctimai şura sədrinin müavini şuranın iclasında şuranın üzvləri arasından iki il müddətinə seçilir.
9.4. İctimai şuranın katibi şuranın iclasında şura üzvləri arasından iki il müddətinə seçilir.
9.5. İctimai şuranın katibi:
9.5.1. ictimai şuranın cari fəaliyyətini təmin edir;
9.5.2. ictimai şura üzvlərinin fəaliyyətini əlaqələndirir;
9.5.3. ictimai şuranın aktlarını aidiyyəti üzrə təqdim edir;
9.5.4. ictimai şuranın kargüzarlıq işini təşkil edir.
Maddə 10. İctimai şuranın reqlamenti
10.1. İctimai şuranın iş qaydası onun iclasında qəbul edilən reqlament ilə müəyyən edilir.
10.2. İctimai şuranın reqlamentində aşağıdakılar nəzərdə tutulur:
10.2.1. ictimai şuranın iclaslarının keçirilməsi vaxtı və qaydası;
10.2.2. ictimai şuranın aktlarının qəbul edilməsi qaydası;
10.2.3. ictimai şuranın sədrinin, sədrin müavininin və katibin seçilməsi qaydası;
10.2.4. ictimai şuranın daimi və müvəqqəti işçi orqanlarının (komitələr, komissiyalar, ekspert qrupları, işçi qruplar və s.) yaradılması və onların vəzifələri;
10.2.5. ictimai şuranın üzvlüyünə xitam verilməsinin əsasları və qaydası;
10.2.6. ictimai şuranın mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətinin təşkili məsələləri;
10.2.7. ictimai şuranın işinə mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının, ekspertlərin və elmi təşkilatların, o cümlədən beynəlxalq təşkilatların nümayəndələrinin, ayrı-ayrı mütəxəssislərin cəlb olunması qaydası;
10.2.8. ictimai şuranın strukturu və fəaliyyətinin təşkili ilə bağlı digər məsələlər.
Maddə 11. İctimai şuranın aktları
11.1. İctimai şura təşkilati məsələlər üzrə qərarlar, digər məsələlər üzrə isə rəy və təkliflər qəbul edir.
11.2. İctimai şuranın rəy və təkliflərinə həmin sənədlərin ünvanlandığı mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanı tərəfindən “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılmalıdır.[1]
11.3. İctimai şuranın rəy və təkliflərinin nəzərə alınmaması müvafiq orqan və ya vəzifəli şəxs tərəfindən əsaslandırılmalıdır.
3-cü fəsil
İctimai dinləmə və ictimai müzakirə
Maddə 12. İctimai dinləmə və ictimai müzakirə təşəbbüsü
Dövlət və yerli özünüidarəetmə orqanları, vətəndaş cəmiyyəti institutları, ictimai şuralar və ayrı-ayrı vətəndaşlar ictimai dinləmə və ictimai müzakirənin təşəbbüsçüsü ola bilərlər.
Maddə 13. İctimai dinləmənin və ictimai müzakirənin təşkilinə və keçirilməsinə dair əsas tələblər
13.1. İctimai dinləmənin və ictimai müzakirənin təşkili və keçirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır:
13.1.1. ictimai dinləmənin və ictimai müzakirənin məqsədinin və mövzusunun dəqiq müəyyən edilməsi;
13.1.2. dinləmənin və müzakirənin mövzusu barədə maraqlı tərəflərin məlumatlandırılması;
13.1.3. dinləmələrə və müzakirələrə ekspertlərin və mütəxəssislərin cəlb edilməsi;
13.1.4. problemin müstəqil və geniş təhlilinin aparılması;
13.1.5. tələb olunduğu hallarda alternativ layihələrin və təkliflərin müzakirəyə çıxarılması;
13.1.6. dinləmənin və müzakirənin mövzusuna aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin iştirakının təmin edilməsi;
13.1.7. dinləmənin və müzakirənin nəticələri haqqında maraqlı tərəflərin məlumatlandırılması.
13.2. İctimai dinləmə və ictimai müzakirə açıq keçirilir. İstənilən şəxs dinləmələrdə iştirak edə və müzakirə olunan məsələ barəsində öz mülahizəsini bildirə bilər.
Maddə 14. İctimai dinləmənin və ictimai müzakirənin təşkili
14.1. İctimai dinləmənin və ictimai müzakirənin təşkilatçısı:
14.1.1. dinləmənin və müzakirənin mövzusunu dəqiqləşdirir və təsdiq edir;
14.1.2. əsas məruzələrin mövzusunu və məruzəçiləri müəyyən edir;
14.1.3. dinləmənin və müzakirənin keçirilməsi proqramının layihəsini hazırlayır;
14.1.4. dinləmənin və müzakirənin keçirilməsi yerini, vaxtını və müddətini müəyyən edir;
14.1.5. iştirakçıların seçilməsi prinsiplərini və dəvət edilməsi formalarını müəyyənləşdirir, onları dəvət edir;
14.1.6. kütləvi informasiya vasitələri və ictimaiyyət üçün elan xarakterli məlumatlar hazırlayır və həmin məlumatları hamının tanış ola biləcəyi yerlərdə yerləşdirir;
14.1.7. dinləmənin və müzakirənin yekun sənədinin (sənədlərinin) ilkin layihəsini hazırlayır.
14.2. İctimai dinləmənin və ictimai müzakirənin keçirilməsi barədə elan təşəbbüskarın internet səhifəsində və ya kütləvi informasiya vasitələrində tədbirdən ən azı yeddi iş günü əvvəl dəqiq vaxt və yer göstərilməklə yerləşdirilir.
Maddə 15. İctimai dinləmənin və ictimai müzakirənin yekun sənədi
15.1. Vətəndaş cəmiyyəti institutları tərəfindən keçirildiyi təqdirdə ictimai dinləmənin yekun sənədi dinləmə zamanı açıqlanmış əsas fikir, rəy və təkliflərin icmalı formasında hazırlanır, ictimai dinləməyə sədrlik edən tərəfindən imzalanır və dinləmə başa çatdıqdan sonra ən geci üç iş günü müddətində aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarına və kütləvi informasiya vasitələrinə təqdim olunur.
15.2. Vətəndaş cəmiyyəti institutları tərəfindən keçirildiyi təqdirdə ictimai müzakirənin yekun sənədi rəy və təkliflər formasında qəbul edilir, iclasın sədri tərəfindən imzalanır və müzakirə başa çatdıqdan sonra ən geci üç iş günü müddətində aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarına və kütləvi informasiya vasitələrinə təqdim olunur.
15.3. İctimai dinləmənin və ictimai müzakirənin yekun sənədlərinə bu Qanunun 11.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada baxılır.
4-cü fəsil
Yazılı məsləhətləşmə
Maddə 16. Yazılı məsləhətləşmənin təşkili
16.1. Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları hazırladıqları hüquqi aktların layihələri barədə yazılı məsləhətləşmələrin başlanması haqqında məlumatı öz internet səhifəsində və ya kütləvi informasiya vasitələrində yerləşdirir.16.2. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əldə edilməsi məhdudlaşdırılmış informasiyanı nəzərdə tutan hüquqi aktların layihələri və ya onların müvafiq struktur elementləri yazılı məsləhətləşmə üçün dərc olunmur.
Maddə 17. Yazılı məsləhətləşmələrin müddəti
17.1. Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları hazırladıqları hüquqi aktların layihələri barədə vətəndaş cəmiyyəti institutlarının rəy, irad və təkliflər verə bilməsi üçün azı yeddi iş günü nəzərdə tutur.
17.2. Daxil olmuş rəy, irad və təkliflər mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən müzakirə edilib qiymətləndirildikdən sonra onların nəzərə alınmasına və ya rədd edilməsinə dair on dörd gün ərzində əsaslandırılmış qərar verilir və dərc edilir.
5-ci fəsil
Hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirə
Maddə 18. Qanun layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin təşkili
18.1. Azərbaycan Respublikasının Konstitusiyasının 96-cı maddəsinin I hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilən qanun layihələrinə dair ictimai dinləmə və ictimai müzakirə Azərbaycan Respublikası Milli Məclisinin Aparatı tərəfindən təşkil edilir.
18.2. Qanun layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin təşkili üçün Azərbaycan Respublikası Milli Məclisinin Aparatı:
18.2.1. Azərbaycan Respublikası Milli Məclisinin internet səhifəsində xüsusi bölmə ayırır;
18.2.2. Azərbaycan Respublikası Milli Məclisinin Aparatında qeydiyyata alınmış bütün qanun layihələrini müvafiq komitəyə göndərdikdən sonra üç gün ərzində Azərbaycan Respublikası Milli Məclisinin internet səhifəsinin xüsusi bölməsində yerləşdirir;
18.2.3. Azərbaycan Respublikası Milli Məclisinin internet səhifəsinin xüsusi bölməsində qanun layihəsi ilə birlikdə onu təqdim edən subyekt, layihənin qeydiyyat nömrəsi, göndərildiyi komitə (komitələr), ictimai dinləmələrin qrafiki və keçiriləcəyi yer və ictimai müzakirənin müddəti, keçirilməsi qaydaları, rəy, irad və təkliflərin təqdim olunması qaydası, onlara baxılması və nəticələrin açıqlanacağı müddətlər barədə məlumatı yerləşdirir;
18.2.4. qanun layihələrinə dair təqdim olunmuş rəy, irad və təkliflərin nəzərə alınmasının nəticələri barədə ictimaiyyəti məlumatlandırır;
18.2.5. birinci və ikinci oxunuşlardan sonra qanun layihəsinin yenilənmiş mətnlərini dərc edir.
18.3. Qanun layihələrinə dair ictimai dinləmələrin keçirilməsi qaydası Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilir.
Maddə 19. Digər hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi
Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada keçirilir.
6-cı fəsil
Yekun müddəalar
Maddə 20. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Maddə 21. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2014-cü il iyunun 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 noyabr 2013-cü il
№ 816-IVQ
“İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar 2014-cü il iyunun 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur RASİ-ZADƏ
Bakı şəhəri, 30 may 2014-cü il
№ 171
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra — Qanun) 6.1-ci maddəsinə əsasən hazırlanmışdır və ictimai şuraların vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsi qaydalarını müəyyən edir.
1.2. İrqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə, mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan ictimai şuralara münasibətdə isə müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli vətəndaşı ictimai şuranın üzvü ola bilər.[1]
1.3. Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının işçiləri həmin orqanlarda yaradılan ictimai şuraya üzv ola bilməzlər.
1.4. İctimai şuranın səlahiyyət müddəti iki ildir.
1.5. Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ictimai şuranın sərbəst və bütün tərəflərə bərabər münasibət göstərməklə formalaşdırılması üçün tam şərait yaratmalıdırlar.
2. İctimai şuraya seçkilərin təşkili
2.1. Qanunun 6.1-ci maddəsinə uyğun olaraq, ictimai şuralar vətəndaş cəmiyyəti institutları tərəfindən seçilir.[2]
2.2. İctimai şuralara seçkilərin təşkili həmin mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçirilir.
2.3. İctimai şuralara seçkilərin təşkili məqsədi ilə mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının yanında 9 nəfərdən ibarət seçki komissiyaları yaradılır.
2.4. Seçki komissiyalarının tərkibi mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən isə 5 üzv (mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan ictimai şuralara münasibətdə müvafiq sahə üzrə ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarının nümayəndələri) olmaqla təşkil edilir.
2.5. Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının yanında fəaliyyət göstərəcək ictimai şuranın üzvlərinin say həddi həmin orqanın fəaliyyət istiqamətlərinin genişliyi və iş həcmi nəzərə alınmaqla, 5-15 üzvdən ibarət tərkibdə seçki komissiyaları tərəfindən müəyyən edilir.
2.6. Seçki komissiyalarının fəaliyyəti yalnız ictimai şuralara seçkilərin təşkili və ictimai şuranın üzvlərinin say həddinin müəyyən edilməsi ilə məhdudlaşır.
2.7. İctimai şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilir. Seçki komissiyalarının üzvləri bu səsvermədə iştirak edə bilməzlər.
2.8. Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları rəsmi internet səhifəsi ilə və ya mövcud olan digər vasitələrlə (kütləvi informasiya vasitələri, məlumat lövhəsi və s.) ictimai şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatının başlanılması və başa çatması vaxtını elan edirlər.
2.9. Namizədlərin irəli sürülməsi və qeydiyyatı üçün nəzərdə tutulan müddət iyirmi iş günündən az, otuz iş günündən artıq ola bilməz.
2.10. Hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.
2.11. Vətəndaş cəmiyyəti institutu müraciətinə ictimai şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidir:
2.11.1. şəxsiyyət vəsiqəsinin surətini;
2.11.2. namizədin tərcümeyi-halını;
2.11.3. namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surətini.
2.11.4. mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan ictimai şuralara namizədlərə münasibətdə şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər).[3]
2.12. Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər.
2.13. İctimai şuraya namizədliyini irəli sürmək istəyən şəxsin qeydiyyatı məsələsinə seçki komissiyası tərəfindən üç iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir.
2.14. Yalnız bu Əsasnamənin 1.2-ci, 1.3-cü və 2.10-cu bəndlərində göstərilən şərtlərə uyğun olmayan şəxslərin namizədliyinin qeydiyyatından imtina edilir.[4]
2.15. Şəxsin namizədliyi qeydiyyata alınmadıqda, onun elektron ünvanına səbəbləri göstərilməklə imtina barədə dərhal bildiriş göndərilməli və ya şəxsən təqdim edilməlidir.
2.16. İctimai şuraya namizədliyi qeydiyyata alınmamış şəxs bundan müvafiq mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanına müraciət etmək və (və ya) məhkəməyə şikayət vermək hüququna malikdir. [5]
2.17. İctimai şuraya seçkilər namizədlərin irəli sürülməsi prosesi başa çatdıqdan sonra bir ay müddətində keçirilir.
2.18. Seçki komissiyası rəsmi internet səhifəsi ilə və ya mövcud olan digər vasitələrlə (kütləvi informasiya vasitələri, məlumat lövhəsi və s.) ictimai şuraya seçkilərdə iştirak edəcək namizədliyi qeydə alınmış şəxslərin siyahısını elan edir.
2.19. Seçki komissiyası namizədliyi qeydə alınmış şəxslərə bərabər imkanlar yaratmaqla, rəsmi internet səhifəsi ilə və ya mövcud olan digər vasitələrlə (kütləvi informasiya vasitələri, məlumat lövhəsi və s.) namizədlərin özləri barədə əlavə məlumat vermələrinə şərait yaradır, həmçinin rəsmi internet səhifəsində onlar barədə məlumat verən səhifələrə keçidi təmin edir.
2.20. Namizədliyi qeydə alınmış şəxslər namizədlərin irəli sürülməsi prosesi başa çatdıqdan sonra seçki gününə bir gün qalanadək, seçkiqabağı təşviqat məqsədi ilə təşviqat materialları yaya bilərlər.
2.21. İctimai şuraya seçkinin vaxtı və keçiriləcəyi yer barədə məlumat rəsmi internet səhifəsi ilə və ya mövcud olan digər vasitələrlə (kütləvi informasiya vasitələri, məlumat lövhəsi və s.) elan edilir.
2.22. İctimai şuranın səlahiyyət müddətinin başa çatmasına iki ay qalmış yeni ictimai şuranın formalaşdırılması məqsədi ilə mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının rəsmi internet səhifəsi ilə və ya mövcud olan digər vasitələrlə (kütləvi informasiya vasitələri, məlumat lövhəsi və s.) növbəti seçki barədə məlumat verilir və ictimai şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatının başlanılması və başa çatması vaxtı elan edilir.
2.23. İctimai şuranın səlahiyyətləri yeni seçilmiş ictimai şuranın ilk iclas günü başa çatır.
3. İctimai şuralara seçkilərin keçirilməsi
3.1. Namizəd irəli sürüb-sürməməsindən asılı olmayaraq, vətəndaş cəmiyyəti institutlarının (onların ərazi təşkilatlarının), yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına münasibətdə isə həmin ərazidə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda ictimai şuranın üzvləri irəli sürülmüş namizədlər içərisindən gizli səsvermə yolu ilə seçilir.
3.2. Birgə yığıncaqda təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları seçki gününə on gün qalanadək, həmin şəxslər barədə zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) göstərməklə, seçki komissiyasına müraciət etməlidirlər.
3.3. Seçki komissiyası vətəndaş cəmiyyəti institutlarının müraciəti əsasında birgə yığıncaqda iştirak edəcək təmsilçilərin qeydiyyatını aparır.
3.4. Birgə yığıncaq zamanı vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinə seçki komissiyası tərəfindən hazırlanmış və namizədlərin adı qeyd olunmuş seçki vərəqələri (seçki bülleteni) paylanılır.
3.5. Birgə yığıncağın keçirildiyi otağın mərkəzində, hamının sərbəst görə biləcəyi yerdə seçki qutusu qoyulur.
3.6. Birgə yığıncaqda iştirak edən vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri fəaliyyət göstərəcək ictimai şuranın üzvlərinin say həddinə uyğun və ya bundan az sayda namizədə səs verirlər.
3.7. Səsvermə təmsilçilərin seçki vərəqəsində lehinə səs verəcəkləri namizədlərin soyadından sağdakı xanalarda işarə qoyub həmin vərəqəni seçki qutusuna atmaları ilə həyata keçirilir.
3.8. İşarə qoyulmuş xanaların sayı ictimai şura üzvlərinin say həddindən çoxdursa və ya boş xanalarda heç bir işarə qoyulmamışdırsa, seçki vərəqəsi etibarsız sayılır.
3.9. Birgə yığıncaqda iştirak edənlərin yarıdan çoxunun səsini toplamış şəxslər ictimai şuranın tərkibinə seçilmiş hesab olunurlar.
3.10. İctimai şuraya seçilmək üçün yetərli səs toplamış namizədlərin sayı fəaliyyət göstərəcək ictimai şuranın üzvlərinin say həddindən az olduqda, üç gün müddətində boş qalan yerlər üçün təkrar seçkilərin keçirilməsi barədə qərar qəbul edilir. Təkrar seçkilər zamanı ən çox səs toplamış namizədlər boş qalmış yerlərə seçilmiş hesab olunurlar.
3.11. Səsvermə prosesi başa çatdıqdan sonra birgə yığıncaq iştirakçılarının müşahidəsi ilə seçki komissiyasının üzvləri tərəfindən seçki qutuları açılır və seçki vərəqələri sayılır.
3.12. Seçkilərin nəticələri seçkilər keçirilən gün elan edilir və seçki komissiyası tərəfindən nəticələrə dair protokol tərtib olunur.
3.13. İctimai şuraya seçilməmiş namizədlərin seçkilərin nəticəsi və ya keçirilmə prosesi ilə bağlı iradları olarsa, bu barədə müvafiq mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına müraciət edə və (və ya) məhkəməyə şikayət verə bilərlər.
3.14. Seçki komissiyası tərəfindən seçkilərin nəticələrinə dair protokol tərtib olunduğu gündən iyirmi gün müddətində ilk iclasını keçirməklə ictimai şura fəaliyyətə başlayır.
4. Yekun müddəalar
4.1. İctimai şuraya seçilmiş namizədlərə şuraya üzvlüyü təsdiq edən vəsiqələr verilir. İctimai şura üzvlərinin vəsiqələrinin forması mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən təsdiq edilir.
4.2. İctimai şuradakı fəaliyyətinə görə üzvlərə əməkhaqqı, qonorar, kompensasiya və başqa ödənişlər verilmir.
4.3. Seçkilər nəticəsində formalaşdırılmış ictimai şuralar Qanunun 7-ci-11-ci maddələri ilə müəyyən olunmuş qaydada fəaliyyət göstərirlər.
AZƏRBAYCAN RESPUBLİKASI
Balakən Rayon İcra Hakimiyyəti başçısının
S Ə R Ə N C A M I
№ 33 19 aprel 2021-ci il
Balakən RİH yanında İctimai Şuraya
seçkinin təşkili məqsədi ilə komissiyanın
yaradılması haqqında
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.3-cü və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci bəndlərini rəhbər tutaraq Qərara alıram:
1. Rayon icra hakimiyyəti yanında İctimai şuraya seçkinin təşkili məqsədi ilə 9 nəfərdən ibarət (rayon icra hakimiyyətinin əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən isə 5 üzv) olmaqla aşağıdakı tərkibdə seçki komissiyası təşkil edilsin:
Komissiyanın sədri:
Nəzakət Rüstəmova -RİH başçısının müavini-İctimai-
siyasi və humanitar məsələlər
şöbəsinin müdiri
Komissiyanın üzvləri:
1. Pirdas Qardaşova -RİH başçısı Aparatının Hüquq şöbəsinin
müdiri
2. Nərgiz Hacıxanova -RİH başçısı Aparatının Sənədlərlə və
vətəndaşların müraciətləri ilə iş
şöbəsinin müdiri
3. Aynurə Ələkbərova - RİH başçısı aparatında Ərazi idarəetmə
və yerli özünüidarəetmə orqanları ilə iş
şöbəsinin böyük məsləhətçisi,
4. Şəmsəddin Tuhumov - QMƏVŞA İctimai Birliyinin rayon
şöbəsinin üzvü, şəhid atası
5.Zəminə Həsənova -Təhsil İşçiləri Həmkarlar İttifaqı rayon
Komitəsində məsləhətçi
6. Ömər Osmanov - Balakən YAP Aparatının rəhbəri
7. Könül Mustafayeva -Səhiyyə İşçiləri Həmkarlar İttifaqı
rayon Komitəsinin sədri
8.Sevda Yusubova -Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar
İttifaqı rayon komitəsinin sədri
2. Seçki Komissiyası;
-Rayon icra hakimiyyətinin fəaliyyət istiqamətlərinin genişliyini və iş həcmini nəzərə almaqla ictimai şura üzvlərinin say həddini müəyyən etsin.
-Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsindən (www.balaken-ih.gov.az), “Balakən” qəzetindən və mövcud olan digər vasitələrdən istifadə etməklə İctimai Şuraya seçkilərin təşkili ilə əlaqədar olaraq namizədlərin irəli sürülməsi, qeydiyyatının başlanması və başa çatması vaxtını elan etsin.
-Balakən Rayon İcra Hakimiyyəti yanında İctimai şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatını 24 iş günü müddətinə başa çatdırsın.
-Seçkilərin “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin etsin.
3. Balakən Rayon İcra Hakimiyyəti başçısının 27 dekabr 2018-ci il tarixli, 135 nömrəli, “Rayonda fəaliyyət göstərəcək ictimai şuraya seçkilərin təşkili məqsədilə komissiyanın yaradılması haqqında” Sərəncamı qüvvədən düşmüş hesab edilsin.
4. Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nərgiz Hacıxanovaya tapşırılsın ki, aidiyyatı şəxsləri sərəncamla tanış etsin.
5. Sərəncamın icrasına nəzarət RİH başçısının 16 sentyabr 2020-ci il tarixli, 103 nömrəli əmrinə əsasən İctimai Şuraya seçkilərin təşkili ilə bağlı məsul şəxs təyin olunmuş RİH başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehparə Əliyevaya tapşırılsın.
Balakən Rayon İcra
Hakimiyyətinin başçısı: İslam Rzayev
E L A N
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Balakən Rayon İcra Hakimiyyəti başçısının 19 aprel 2021-ci il tarixli 33 saylı Sərəncamı ilə Balakən Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla 9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.
İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilir.
Bununla əlaqədar olaraq 03 may 2021-ci il tarixdən etibarən 20 iş günü müddətində Balakən Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur və 03 iyun 2021-ci il saat 1800-da başa çatacaqdır. Hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız 1 nəfər namizəd irəli sürə bilər.
Seçki ilə bağlı əlavə məlumatların (hansı sənədlərin təqdim olunması və.s) əldə olunması üçün Rayon İcra Hakimiyyəti başçısı Aparatının ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinə müraciət oluna bilər.
Balakən Rayon İcra Hakimiyyəti
E L A N 2
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Balakən Rayon İcra Hakimiyyəti başçısının 19 aprel 2021-ci il tarixli 33 saylı Sərəncamı ilə Balakən Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə seçki komissiyası yaradılmışdır. Seçki komissiyası tərəfindən vətəndaş cəmiyyəti institutlarını təmsil edən 11 nəfərin namizədliyi qeydə alınmışdır.
18 iyun 2021-ci il tarixdə saat 11:00-da Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının inzibati binasında Balakən Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilər keçiriləcəkdir.
Seçki ilə bağlı əlavə məlumatların əldə olunması üçün Rayon İcra Hakimiyyəti başçısı Aparatının ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinə müraciət oluna bilər.
Balakən Rayon İcra Hakimiyyəti