Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın illər üzrə hesabatı

Balakən Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın
2024-cü ildə gördüyü işlərə dair

HESABATI

Son illər respublikamızın ictimai-siyasi həyatına daxil olmuş yeniliklərdən biri də dövlət qurumları yanında ictimai şuraların yaradılması olmuşdur. Sosial sifarişdən qaynaqlanan bu yenilik nəticəsində vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti genişlənmiş, QHT-lərin dövlət idarəçiliyi və qanun yaradıcılığı prosesində iştirakçılığı artmışdır.
Balakən Rayon İcra Hakimiyyəti yanında 7 nəfər vətəndaş cəmiyyəti nümayəndəsindən ibarət İctimai Şura fəaliyyət göstərir. İctimai Şura öz işini “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında qurmuşdur. Hesabat dövründə İctimai Şura ilə rayon icra hakimiyyəti arasında əlaqələr daha da möhkəmlənmiş, vətəndaşların qarşılaşdıqları problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi üçün zəruri iş aparılmışdır.
2024-cü ildə İctimai Şura üzvləri rayon icra hakimiyyəti başçısının təşkil etdiyi vətəndaş qəbullarında, ümumrayon və digər ənənəvi tədbirlərdə, xüsusən şəhidlərimizə həsr olunmuş yığıncaqlarda iştirak və çıxış etmişlər. Şəhid ailələrini ziyarət etmək, kədərlərinə şərik olmaq, onların sosial problemlərinin həllinə, malik olduqları imtiyazlardan maksimum istifadə edilməsinə dəstək olmaq Şuranın əsas fəaliyyət istiqamətlərindən biri olmuşdur.
Şura üzvləri vaxtaşırı kəndlərdə yaşayan, sosial cəhətdən həssas ailələrlə görüşmüş, şəhid ailələri, qazilər, müharibə iştirakçılarının evlərində olmuşlar. Bu zaman aşkar edilən və qaldırılan problemlərin həlli rayon icra hakimiyyətinin müvafiq şöbələri ilə birgə araşdırılmış, əksəriyyəti mövcud qanunvericilik çərçivəsində öz həllini tapmışdır. Operativ fəaliyyət üçün şura üzvlərinin mobil nömrələri vətəndaşlara verilmiş, onların müraciətlərinin dərhal cavablandırılması üçün bu imkandan səmərəli istifadə edilmişdir. Eyni zamanda İctimai Şuraya vətəndaşlar tərəfindən işlə təminat, maddi köməklik və digər məsələlərlə bağlı 14 müraciət daxil olmuşdur. İctimai Şura tərəfindən qaldırılan məsələlərə və təşəbbüslərə rayon icra hakimiyyətində həsasslıqla yanaşılmışdır.
Hesabat dövründə İctimai Şuranın 9 iclası keçirilmişdir. İclaslarda Şuranın fəaliyyət istiqamətləri, səmərəliliyin artırılması, əhali ilə rayon icra hakimiyyəti arasında əlaqələrin daha sıx qurulmasında vətəndaş cəmiyyətinin dəstəyi, maarifləndirmə tədbirlərinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılmışdır.
Balakən Rayon İcra Hakimiyyəti tərəfindən 2024-cü il ərzində kollegial qərarların qəbulu zamanı, komissiyalar və işçi qrupları yaradılarkən, eyni zamanda RİH başçısı tərəfindən keçirilən vətəndaş qəbullarında və səyyar görüşlərdə İctimai Şuranın üzvləri iştirak etmişlər. Həmçinin RİH başçısı yanında yaradılmış 2 komissiyanın tərkibinə İctimai Şuranın üzvləri daxil edilmişdir.
İctimai Şura tərəfindən cəmiyyəti narahat edən müxtəlif məsələlər- korrupsiyaya qarşı mübarizə, narkomaniya və onun fəsadları, erkən nikah, qızların təhsildən yayındırılması, dini radikalizm, eyni zamanda ictimai iştirakçılıq haqqında qanunvericlik, ictimai şura və onun fəaliyyət istiqamətləri, ictimai nəzarət mexanizmləri ilə bağlı maarifləndirmə tədbirləri keçirilmişdir.
İctimai şuraının fəaliyyəti, şuralarda müzakirə edilən məsələlərlə bağlı maarifləndirmə, təbliğat işlərinin genişləndirilməsi məqsədilə rayon icra hakimiyyətinin rəsmi internet saytında “İctimai Şura” adlı bölmə yaradılmış,(balaken-ih.gov.az), bu istiqamətdə keçirilən tədbirlər barədə məlumatlar həmin bölmədə, eyni zamanda facebook sosial şəbəkəsində (https://www.facebook.com/BalakenRIH) yerləşdirilmişdir.
Qeyd etmək lazımdır ki, müasir günümüzdə sosial şəbəkələr digər informasiya mənbələrini üstələmişdir. Bu gün sosial şəbəkələr gündəlik həyatımızın bir parçasına çevrilib. Hər kəs sosial şəbəkə istifadəçisidir və bütün məlumatları məhz oradan alır, öyrənir və paylaşır. Bu baxımdan İctimai Şura üzvləri sosial şəbəkələrdəki fəaliyyətini daha da gücləndirməlidir. Bu bizə gördüyümüz işləri daha da təkmilləşdirməyə, çatışmamazlıqları aradan qaldırmağa və vətəndaşları narahat edən məsələlərin operativ öyrənilməsinə şərait yaradacaqdır.
Balakən Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şura 2025-ci ildə də öz fəaliyyətini günün tələbləri səviyyəsində quracaq, ictimai nəzarət funksiyasını həyata keçirəcək, vətəndaşlarla dövlət qurumları arasında qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

 

Keçidlər