Balakəndə il ərzində 112 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
Balakən Rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin təşkilatçılığı ilə Nizami adına şəhər 1 nömrəli tam orta məktəbdə “Gəncliyimizi narkomaniyadan qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Karantin qaydalarına uyğun təşkil edilən tədbirdə məktəbin müəllim heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Şagirdlərlə görüşdə çıxış edən rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Çingiz Aslanov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə tədbirləri barədə iştirakçıları məlumatlandırıb. Bildirilib ki, 2021-ci ilin əvvəlindən bu günədək rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə tədbirləri nəticəsində 47-si saxlama, 25-i satış, eləcə də 16-sı kultivasiya olmaqla, 88 fakt aşkarlanıb. Aşkarlanmış faktlar üzrə 70 cinayət işi başlanılıb. Ümumilikdə, 112 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarıldığı diqqətə çatdırılıb.
Tədbirdə digər çıxış edənlər “Ağ ölüm”ə qarşı mübarizədə maarifləndirmə işinin də vacibliyini qeyd edərək gəncləri zərərli vərdişlərdən uzaq tutmaq üçün təhsil müəssisələrində bu formada tədbirlərin həyata keçirildiyini bildiriblər.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.