Balakən rayonunun iki kəndinə təbii qaz verilmişdir
Balakən rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər uğurla davam etdirilir.
“Azəriqaz” İstehsalat Birliyi tərəfindən rayonun Yeni Şərif və Şambul kəndlərinin qaşlaşdırılması işi artıq başa çatdırılmış və sentyabrın 18-də bu kəndlərə “mavi yanacağın” verilməsinə başlanmışdır.
Bu münasibətlə keçirilən mərasimlərdə rayon əhalisinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edilmişdir. Bildirilmişdir ki, cari ildə rayonda 4722 abonentə qaz xətti çəkilmişdir. Hazırda rayonda 19 min 756 abonent təbii qazdan istifadə edir. Bütün abonentlərə qaz sayğacları quraşdırılmışdır. Rayonda əhali abonentləri üzrə qazlaşma 97 faiz təşkil edir. Hazırda rayonun iki yaşayış məntəqəsinə qaz xətlərinin çəkilişi davam etdirilir. Cari ilin sonunadək rayonun bütün yaşayış məntəqələri təbii qazla təmin olunacaqdır.
Bildirilmişdir ki, Yeni Şərif kəndinin qazlaşdırılması üçün 65 min 970 metr, Şambul kəndinin qazlaşdırılması üçün isə 39 min 653 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmişdir. Yeni Şərif kəndində 618, Şambul kəndində isə 512 abonentə təbii qaz verilmişdir.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılmış və mənzillərə “mavi yanacaq” verilmişdir.