“Dünyada Azərbaycanın tolerantlıq modeli ” mövzusunda konfrans
22 dekabr 2021- ci il tarixdə Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının inzibati binasında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Dünyada Azərbaycanın tolerantlıq modeli ” mövzusunda konfrans keçirilmişdir.
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilmiş, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova bildirmişdir ki, Azərbaycan ilk insan məskənlərindən biri olmaqla yanaşı, həm də dözümlülük mədəniyyətinin formalaşdığı ərazi və tolerantlığın beşiyidir. Prezident İlham Əliyev Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, ana dilinin inkişafı və saflığının qorunması, gənclərin vətənpərvərlik tərbiyəsi, xalqımızın tarixi irsinin yaşadılması, ölkə daxilində tolerantlıq mühitinin və multikultural dəyərlərin möhkəmləndirilməsi və s bu kimi məsələləri dövlət siyasətinin tərkib hissəsinə çevirməyi bacarmışdır. Məhz buna görə də bugün Azərbaycan dünyada multikultural dəyərlərin qorunması, təbliği və inkişaf etdirilməsi nümunəsi ilə tanınıb.
Həmçinin N.Rüstəmova qeyd etmişdir ki, milli və dini ayrı-seçkiliyin heç zaman müşahidə edilmədiyi, hər kəsə eyni münasibətin sərgiləndiyi Balakən rayonunda da multikultural dəyərlər diqqət mərkəzindədir. Rayonda azərbaycanlılarla yanaşı, avarlar, ingiloylar, ləzgilər, ruslar və digər millətlərin nümayəndələri də yaşayır, işləyir, mədəniyyətlərini, adət-ənənələrini qoruyub saxlayırlar. Onlar rayonun ictimai-siyasi, mədəni həyatında yaxından iştirak edirlər.
Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hacıyev qeyd etmişdir ki, tolerantlıq Azərbaycanda dövlət siyasətinin prioritetidir. Ölkəmizdə gənclər arasında azərbaycançılıq, dövlətçilik, dünyəvilik ideyalarının təbliği ilə bağlı Gənclər və İdman Nazirliyi tərəfindən də müxtəlif tədbirlər hazırlanır və həyata keçirilməsi üzrə davamlı addımlar atılır. Bunun nəticəsidir ki, gənclərimizin ötən dövr ərzində 44 günlük Vətən Müharibəsində göstərdikləri qəhrəmanlıqlar azərbaycançılıq ideologiyası əsasında aparılan vətənpərvərliyin təbliği siyasətinin real nəticələrini əks etdirir.
Tədbirdə avar xalqının nümayəndəsi, II Vətən Müharibəsi şəhidi Sarkayev Nəcməddinin anası Tinay Sarkayeva, Vətən Müharibəsi iştirakçısı Həmzət Xoçberov çıxış edərək dövlət tərəfindən onlara öz adət-ənənələrini, dillərini qoruyub saxlamaq üçün bütün imkanların yaradıldığını, rayonda yaşayan milli azlıqların, etnik qrupların hüquqlarının qorunmasına, onların mədəni irsinin, adət-ənənlərinin qorunub saxlanılmasına xüsusi diqqət yetirildiyini bildirmişlər.
Rayon Gənclər və İdman İdarəsinin, Dini Qurumlarla iş üzrə Dövlət Komtəsinin Zaqatala şöbəsinin əməkdaşları da öz çıxışlarında ölkəmizin bütün bölgələrində olduğu kimi, Balakən rayonunda da gənclər arasında azərbaycançılıq ideologiyasının, milli adət-ənənələrimizin, dilimizin, dinimizin və mədəniyyətimizin təbliği istiqamətində müxtəlif tədbirlərin görüldüyünü qeyd etmişlər.
Tədbirin sonunda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin istehsalı olan “ Biz birlikdə güclüyük” sənədli filmi nümayişi olmuşdur.