31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə “Ulu Öndər Heydər Əliyevin Həmrəylik ideyaları” adlı dəyirmi masa
29 dekabr 2021-ci il tarixdə Balakən rayon Heydər Əliyev Mərkəzi və Balakən rayon İcra Hakmiyyətinin birgə təşkilatçılığı ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə “Ulu Öndər Heydər Əliyevin Həmrəylik ideyaları” adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə Balakən rayon Heydər Əliyev Mərkəzi, Balakən rayon İcra Hakimiyyəti, Balakən rayon Təhsil Şöbəsi, Balakən Gənclər və İdman İdarəsi, Balakən GİKM və Balakən rayon Gənclər Evi sosial xidmət müəssisəsinin əməkdaşları, Zərifə Əliyeva adına şəhər 3 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.
Tədbiri giriş sözüylə açan Balakən rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva qeyd etmişdir ki, 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi.
Balakən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər, şöbəsinin baş məsləhətçisi Türkan Əliyeva çıxışında qeyd etmişdir ki, yorulmaz fəaliyyəti ilə Heydər Əliyev siyasi fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir, dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır.
Daha sonra çıxış edən Balakən rayon Təhsil Şöbəsinin metodisti Cavanşir Alqayev, Balakən Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Nurlan Şibliyev, Balakən GİKM-nin direktoru Şahin Qarakişiyev, Balakən rayon Gənclər Evi sosial xidmət müəssisəsinin əməkdaşı və müharibə veteranı Osman Əliyev çıxışlarında bildirmişdilər ki, birlik və həmrəyliyimizi dünyaya bəyan edən 44 günlük Vətən müharibəsində xalq-ordu-iqtidar birliyi şanlı qələbənin əldə edilməsində mühüm rol oynamış, döyüş meydanında, diplomatiyada , informasiya müharibəsində birlik və həmrəylik göstərən Azərbaycan xalqı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə öz tarixi missiyasını şərəflə yerinə yetirərək torpaqlarımızı düşməndən azad etmişdir.
Sonda Həmrəylik Gününə həsr olunmuş “Həmrəyliyin Azərbaycan nümunəsi” adlı videoçarx nümayiş olunmuşdur.