Balakən şəhərində səyyar qəbul keçirilib
Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev vətəndaşların problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə Balakən şəhərində səyyar qəbul keçirib.
Görüşdə rayonun idarə, müəssisə və təşkilatlarınn, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Səyyar qəbulda çıxış edən İslam Rzayev bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütəmadi keçiriləcəyini bildirib. Bildirib ki, vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəblərinin, bu sahədə nəzərəçarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə vətəndaş məmnunluğunun təmin edilməsidir. Rayon rəhbəri Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək, onların problemlərinin yerində həll olunması barədə tapşırıqlarının Balakən rayonunda daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.
Rayon icra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan, sosial-iqtisadi sahədə qazanılan uğurlardan, bölgəyə göstərilən xüsusi diqqət və qayğıdan, rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib.. Yaranan problemlərin vaxtında həlli istiqamətində bütün zəruri addımların atıldığını vurğulayan rayon icra hakimiyyətinin başçısı bütün yaşayış məntəqələrində, eləcə də Balakən şəhərində əhalini narahat edən məsələlərin həlli ilə bağlı həyata keçirilən tədbirlərin, infrastruktur layihələrinin bundan sonra da davam etdiriləcəyi, eyni zamanda rayon ərazisində koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş qaydalara əməl olunmasının vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırıb.
Səyyar qəbulda iştirak edən şəhər sakinləri çıxış edərək küçələrin asfaltlanması, çoxmənzilli yaşayış binalarının təmir olunması, sel sularının ötürürlməsi məqsədilə arxların təmir edilməsi, şəhərin 28 May küçəsinə elektrik və qaz xətlərinin çəkilməsi, səkilərinin təmiri, bəzi küçələrin işıqlandırılması və digər problemlərinin həllinə köməklik göstərilməsini xahiş ediblər.
Səyyar qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilib, digərlərinin həlli ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.