Yaponiya hökumətinin dəstəyi ilə Kortala kəndində tibb məntəqəsi istifadəyə verilmişdir
Oktyabrın 19-da Balakən rayonunun Kortala kəndində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində həyata keçirilən “Tibb məntəqəsinin tikintisi” layihəsinin başa çatması münasibətilə mərasim keçirilmişdir.
Tədbirdə Yaponiyanın Azərbaycandakı səfirliyinin müşaviri xanım Hüdeko Ono, rayon rəhbərliyi və kənd sakinləri iştirak etmişlər.
Mərasimdə dövlət müstəqilliyinin bərpasından ötən 22 ildə Azərbaycanda bütün sahələr kimi, səhiyyənin inkişafına da dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyi qeyd olunmuşdur. Vurğulanmışdır ki, 2010-cu ildə Balakən şəhərində yüksək standartlara uyğun yeni xəstəxana kompleksinin tikilib istifadəyə verilməsi ölkəmizdə insanların sağlamlığının qorunmasına göstərilən qayğının bariz nümunəsidir.
Bildirilmişdir ki, sözügedən layihə üzrə 2013-cü ilin iyununda Yaponiya səfirliyi ilə “Gənclərin İnkişafı” İctimai Birliyi arasında qrant müqaviləsi imzalanmışdır.
Layihənin əsas məqsədi əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yaxşılaşdırmaqdır. Ümumi dəyəri 121 min 726 ABŞ dolları olan bu layihədən Kortala və qonşu kəndlərin 8 min nəfərə yaxın sakini faydalanacaqdır.
“Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində Azərbaycanda həyata keçirilən layihələr barədə məlumat verən xanım Hideko Ono tibb, təhsil, ətraf mühit, sosial müdafiə və digər sahələri əhatə edən bu layihələrin əhalinin yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi daşıdığını bildirmişdir. Qeyd olunmuşdur ki, bu, proqram çərçivəsində Balakən rayonunda reallaşdırılan sayca ikinci layihədir.
Tibb məntəqəsinin açılışını bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları məntəqədə yaradılmış şəraitlə tanış olmuşlar. Məlumat verilmişdir ki, tibb məntəqəsi indiyədək ötən əsrin 30-cu illərində tikilmiş yararsız, qəzalı binada fəaliyyət göstərmişdir. Müasir standartlara uyğun inşa edilən birmərtəbəli yeni binada stomotoloji kabinet, qadın məsləhətxanası, laboratoriya və həkim otaqları fəaliyyət göstərir.
Kənd sakinləri tibb məntəqəsinin tikintisinə görə Yaponiya hökumətinə, eləcə də dost ölkənin Azərbaycandakı səfirliyinin əməkdaşlarına minnətdarlıqlarını bildirmişlər.