Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar görüş Mahamalar kəndində keçirilib

31 mart 2022 | 16:00

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin Mahamalar kəndində növbəti qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
   RİH başçısı İslam Rzayev hər həftə səyyar qəbulların keçirildiyini qeyd edərək, yerlərdə yaranan problemlərin dərindən araşdırıldığını və onların həlli istiqamətində proqramların hazırlandığını vurğulayıb.
   Rayon rəhbəri bildirib ki, 31 mart-Azərbaycanlıların soyqırımı günüdür. 104 il əvvəl erməni vəhşiləri tərəfindən Bakıda, Qubada, Şamaxıda və başqa bölgələrdə 10 mindən çox azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilmişdir.  Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Bugün bütün şəhidlərimizin ruhu şaddır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımız azad edildi. Dövlətçiliyimizə, ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı yönələ biləcək bütün addımlar yerindəcə zərərsizləşdiriləcək.
   31 Mart soyqırımları və ondan sonra da azərbaycanlılara qarşı törədilən cinayətlərin qisası döyüş meydanında alındı. Bu gün hər bir azərbaycanlı 31 Mart soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir. Həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayır.
   Qeyd edilib ki, bütün respublika ərazisində olduğu kimi, Balakən rayonunda da yaşayan şəhid ailələri və Vətən müharibəsi iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daimi diqqət və qayğısı ilə əhatə olunublar.
   Daha sonra çıxış edən kənd sakinləri Balakənçayın sol sahilində 400 p/m uzunluğunda daş-beton mühafizə bəndlərinin inşasına, Mahamalar kənd bağçasının yerləşdiyi inzibati binanın dam örtüyünün dəyişdirilməsinə, bağçanın həyətindəki  transformatorun ətrafının bağlanılaraq mühafizəsinin təşkilinə, 1778 ha sahənin suvarılmasına xidmət edən “Ges” kanalın təmizlənməsinə və digər problemlərin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.
   Sakinlər tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll olunub, müəyyən vaxt tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.                                                                  

Keçidlər