“Mənim ana dilim-mənim kimliyim” adlı tədbir keçirilib
Bu gün ölkəmizdə milli dövlətçiliyin başlıca rəmzlərindən biri olan Azərbaycan dilinin əsaslı tədqiqi və dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılmışdır. Eyni zamanda elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı dövr Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Respublikada dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəldilməsi məqsədilə dövlət başçısı tərəfindən mühim tədbirlər görülür.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli 2837 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” da Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli inkişafı baxımından gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsi, o cümlədən dilçilik elminin müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanmasına xidmət edir.
07 aprel 2022-ci il tarixdə Rayon Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın icrasına dair Tədbirlər Planına uyğun olaraq dövlət müəssisələrində kargüzarlıq vəzifəsində çalışan şəxslərin, sosial aktiv gənclərin və müəllimlərin iştirakı ilə “Mənim ana dilim-mənim kimliyim” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva respublikada dil siyasətinin formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolunun yüksəlməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əvəzsiz rolu olduğunu qeyd edib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fariz Nəcəfov bildirib ki, Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etməkdir.
Həmçinin Fariz Nəcəfov yetişməkdə olan gənc nəslə Azərbaycan dilinin lüğət tərkibinin və qrammatik normalarının mənimsədilməsi, onların dil və nitq mədəniyyətinin yüksəldilməsi istiqamətində maarifləndirmə işlərinin aparılmasının vacib olduğunu vurğulayıb.
Daha sonra Balakən şəhər Nizami adına 1 saylı tam orta məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Gövhər Mehdili tərəfindən tədbir iştirakçılarına Azərbaycan dilinin Orfoqrafiya lüğətinə yeni daxil olmuş yeni sözlər haqqında geniş məlumat verilib, sözlərin düzgün orfoqrafik və orfoepik qaydaları izah olunub.
Sonda mövzu ətrafında tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.