Balakəndə iftar süfrəsi təşkil edilib
Aprelin 28-də Balakəndə iftar süfrəsi təşkil edilib. Balakən Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilən iftar süfrəsində rayon icra hakimiyyətinin başçısı İslam Rzayev, rayonun hüquq-mühafizə orqanlarının, Rayon Ağsaqqallar Şurasının rəhbərləri, din xadimləri, Vətən müharibəsi şəhidlərinin ailələri, qaziləri və aztəminatlı ailələr iştirak ediblər.
Mərasim “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb. Balakən rayon qazısı İbrahim İbrahimov müqəddəs kitabımız olan “Qurani Kərim”in bizə nazil olduğu bu ayın fəzilətindən danışıb.
Mərasimdəki çıxışında Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Ramazanın həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayı olduğunu bildirib. Ölkəmizdə vicdan azadlığı və tolerantlığın ulu öndər Heydər Əliyev tərəfindən təməlinin qoyulduğunu və bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb. Rayon rəhbəri dövlətimizin başçısının apardığı siyasət nəticəsində ölkəmizdə tolerantlıq ənənələrinin daha da möhkəmlənməsindən, bir çox məscid və dini ibadət yerlərinin əsaslı təmir olunmasından danışaraq deyib ki, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir. O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın azərbaycançılıq naminə, milli-mənəvi irsimizin qorunması istiqamətində, ölkə daxilində və xaricində uğurlu fəaliyyətini qeyd edib. Milli-mənəvi dəyərlərimizə göstərilən dövlət qayğısı barədə ətraflı məlumat verib.
Bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandı, ədalət bərqərar oldu və bu gün şəhid olan övladların ruhları şaddır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda övladlarını itirən analara öz ehtiramını bildirərək, şəhidlərimiz kimi, onların analarının, ailələrinin də hər kəs üçün çox dəyərli olduqlarını diqqətə çatdırıb.
Tədbirdə iştirak edənlər Azərbaycanın bugünkü sabitlik və iqtisadi inkişaf yolunda yorulmadan çalışan Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.