Cari ilin 9 ayında rayonda tikinti işlərinin həcmi üç dəfədən çox artmışdır
2013-cü ilin doqquz ayı ərzində Balakən rayonunda ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 45 faiz artaraq 142,1 milyon manat təşkil etmişdir. O cümlədən 4,5 milyon manatlıq sənaye, 47,9 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmiş, 54,5 milyon manat həcmində tikinti işləri görülmüşdür. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulu 6 faiz, kənd təsərrüfatı məhsulu 13 faiz, tikinti işlərinin həcmi isə 3,1 dəfə artmışdır.
Bu faktlar Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələr və 9 ayda rayonda görülmüş işlərlə bağlı Balakən Mədəniyyət Mərkəzində keçirilən müşavirədə təqdim olunan hesabat məruzəsində səsləndirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Prezident İlham Əliyevin cari ilin avqustunda Balakən rayonuna səfərini və bu səfər zamanı istifadəyə verilən sosial obyektlərin açılışını əks etdirən filmə baxmışlar.
Məruzədə qeyd olunmuşdur ki, hesabat dövründə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış vəsait hesabına inşa edilən Balakən-Qazma-Darvazbinə avtomobil yolunun, “Aqrolizinq” ASC-nin Balakən filialının inzibati və anbar binalarının, məcburi köçkünlər üçün inşa edilən çoxmənzilli yaşayış binasının, təhsil şöbəsinin yeni inzibati binasının tikintisi başa çatdırılmış, şəhərin Heydər Əliyev prospektində yeni seyrangah salınmışdır. Həmçinin Mədəniyyət Mərkəzi, Qaracabinə, Hənifə, Qazma, Qullar, Qazbinə və Şambul kəndlərində yeni məktəb binaları, YAP rayon təşkilatının yeni inzibati binası və Katex kəndində soyuducu anbar kompleksi istifadəyə verilmişdir. Hazırda “Balakən-1” su-elektrik stansiyasının tikintisində son tamamlama işləri aparılır, Talalar kəndində 2 saylı tam orta məktəb üçün 280 şagird yerlik yeni binanın layihəsi hazırlanır.
Qeyd olunmuşdur ki, 2012-ci ilin mayında və oktyabrda baş vermiş zəlzələlərin nəticələrinin aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ümumiyyətlə, indiyədək Balakən rayonunda zəlzələ nəticəsində qəzalı vəziyyətə düşdüyü müəyyən olunmuş 842 fərdi evdən 739-u sökülərək yenidən tikilmişdir və daha 103 evin tikintisinə hazırlıq görülür. Bundan əlavə, Qarahacılı və Püştətala kəndlərində yeni məktəb binaları, Gərəkli kəndində 8 mənzilli yaşayış evi tikilib istifadəyə verilmiş, Katex kəndində uşaq bağçasının tikintisi başa çatdırılmışdır.
Bildirilmişdir ki, iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edən Balakən rayonunda 2013-cü ilin 9 ayında aqrar sahədən 47,9 milyon manat gəlir əldə edilmişdir. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,4 milyon manat çoxdur. İndiyədək təsərrüfatlarda 21 min 868 ton qarğıdalı, 21 min 27 ton tərəvəz, 7 min 91 ton kartof, 3 min 438 ton bostan məhsulları, 9 min 937 ton meyvə istehsal olunmuşdur. Habelə meyvəçiliyin inkişaf etdirilməsi üçün zəruri işlər görülmüş, Katex kəndində 48 hektar sahədə yeni meyvə bağları salınmışdır.
Diqqətə çatdırılmışdır ki, cari ilin doqquz ayında 4969 evə qaz xətti çəkilmiş, bununla da rayon üzrə abonentlərin ümumi sayı 17 min 634-ə çatdırılmışdır. Hazırda rayonun qazlaşdırılmayan sonuncu yaşayış məntəqəsinə - Meşəşambul kəndinə qaz xəttinin çəkilişi davam etdirilir. Cari ilin sonunadək rayonun qazlaşdırılması tam başa çatdırılacaqdır.
Müşavirədə, həmçinin cari ilin 9 ayında rayon əhalisinin elektrik enerjisi, içməli su, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edilmiş, qarşıda duran vəzifələr müzakirə olunmuşdur.