Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Püştətala kəndində keçirilib

05 may 2022 | 16:00

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Balakən Rayon İcra Hakimiyyəti rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir.
   Yerlərdə vətəndaşların mövcud problemlərini öyrənib həllini sürətləndirmək məqsədilə 05 may 2022-ci il tarixdə növbəti səyyar qəbul rayonun Püştətala kəndində keçirilib.
   Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
   Qəbulda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev son illər ölkəmizdə, o cümlədən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Balakəndə aparılan abadlıq və quruculuq işləri haqqında kənd sakinlərinə məlumat verib. Həmçinin rayon rəhbəri aprel ayının 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin söylədiyi nitqindəki əsas məqamları görüş iştirakçılarının nəzərinə çatdırıb.
   Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Kənd sakinləri Abakar Laçınov Katex çayında 600 metr uzunluğunda beton bəndin tikilməsinə, Müzaməddin Mollayev su şəbəkəsinin qurulmasına, Qurban Sofiyev Qaraçay üzərində körpünün salınmasına, Simuzər Şabanova Qaravəli kənd tam orta məktəbində şəhidlərin adına xatirə lövhəsinin qoyulmasına köməklik göstərilməsini xahiş ediblər.
   İcra başçısı müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
   Vətəndaşlar yerlərdə kənd sakinlərinin müraciətlərinə baxılması üçün belə səyyar görüşlərin keçirilməsindən məmnunluqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.                                                           

Keçidlər