Balakəndə növbəti dəfə məhsul bolluğu bayramı keçirilib
Rayonun bütün kənd və qəsəbələrini təmsil edən fermer və sahibkarlar istehsal etdikləri məhsulları nümayiş etdirməklə yanaşı yerli və xarici bazarlara çıxmağın yolları müzakirə edilib.Balakən rayonunu iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları təşkil edir.
Burada bostan-tərəvəz, meyvəçilik, heyvandarlıq, taxılçılıq xüsusi yer tutur. Son illər rayon fermerləri qarğıdalı istehsalına xüsusi diqqət yetirir. Belə ki, ötən il rayonun tarixində rekord miqdarda- 41 min ton məhsul əldə edilib. Bu il də yerli fermerlər yeni rekorda imza atmaq əzmindədirlər. Rayonda ikinci dəfə təşkil edilən məhsul bolluğu bayramının keçirilməsinin başlıca məqsədi yerli istehsalçıların əməyini qiymətləndirməkdir. Eyni zamanda belə tədbirlərə ölkəmizin digər yerlərindən eləcə də xarici ölkələrdən iş adamları cəlb etməklə onlarda yerli fermerlərin məhsullarına maraq yarada bilmək, birgə əməkdaşlıq əlaqələri qurmaqdır.
Balakənin milli adət-ənənələrini özündə əks etdirən məhsul bayramında fermerlərin bu il əldə etdiyi məhsullardan hazırlanmış çörəklər, sacüstü maxara, qarğıdalıdan hazırlanmış qida məmulatları, şirniyyatlar təqdim edilib. Eyni zamanda yerli istehsalçıların qarğıdalı və buğda unundan hazırlanmış xüsusi tort kəsilərək tədbir iştirakçılarına paylanılıb. Bayram tədbiri konsert proqramı ilə davam etdirilib.