Şriftin ölçüsü :

Saytın rəngi :

Meşəşambul kəndinə təbii qaz verilmişdir. Bununla da rayonun yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırılmışdır

04 dekabr 2013 | 16:00

Balakən rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması uğurla başa çatdırılmışdır.
“Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən rayonun sonuncu yaşayış məntəqəsinin – Meşəşambul kəndinin qazlaşdırılması istiqamətində işlər tam yekunlaşmış və dekabrın 3-də kəndə təbii qazın verilməsinə başlanmışdır.
Bu münasibətlə keçirilən mərasimdə rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev və İB-nin nümayəndəsi Natiq Əsgərov çıxış edərək əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışmış, sakinləri kəndə “mavi yanacağ”ın verilməsi münasibətilə təbrik etmişlər.
Qeyd olunmuşdur ki, regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasına uyğun olaraq son illər respublikanın digər regionları kimi, Balakən rayonunda da yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Təkcə son iki ildə rayonda 14 minə yaxın abonentə təbii qaz verilmişdir. Hazırda Balakən rayonundakı 54 yaşayış məntəqəsinin hamısında “mavi yanacaq” şölələnir.
Diqqətə çatdırılmışdır ki, rayon mərkəzindən 20 kilometr məsafədə yerləşən, 3626 nəfər əhalisi olan Meşəşambul kəndi rayonun qazlaşdırılan sonuncu yaşayış məntəqəsidir. Bu gündən etibarən kənddə 895 abonent təbii qazdan istifadə edəcəkdir. Beləliklə, rayon üzrə təbii qaz istifadəçilərinin ümumi sayı 19 min 482 abonentə çatdırılmışdır. Balakən ölkədə qazlaşdırmanın tam başa çatdığı ilk rayonlardandır.
Mərasimdə çıxış edən kənd ağsaqqalları, ziyalılar əhalinin sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılmış və evlərə təbii qaz verilmişdir.

Keçidlər