Şriftin ölçüsü :

Saytın rəngi :

Ötən il Balakən rayonuna 20 mindən çox turist gəlmişdir

26 yanvar 2014 | 16:00

Azərbaycanın şimal-qərb qapısı sayılan Balakən rayonu əlverişli iqlim şəraiti, zəngin fauna və florası, yaşıl meşələri, şəlalələri və digər özəllikləri ilə son illər yerli və xarici turistlərin diqqətini daha çox özünə cəlb edir.
Rayonun ərazisində turistlər və gələn qonaqlar üçün maraqlı ola biləcək əvəzsiz təbiət guşələri, qədim tarixi abidələr, habelə müvafiq infrastruktur mövcuddur.
Bütün bunların nəticəsidir ki, rayona gələn turistlərin sayı ildən-ilə artır. Statistik göstəricilərə nəzər salsaq, 2010-cu ildə Balakənə 7 min 935 nəfər, 2011-ci ildə 8 min 974, 2012-ci ildə 18 min 981, 2013-cü ildə isə 20 min 103 nəfər turist gəlmişdir. O cümlədən son 3 ildə rayona gələn xarici turistlərin sayı artaraq 105 nəfərdən 2013-cü ildə 2 min 121 nəfərə çatmışdır.
Mədəniyyət və Turizm Nazirliyi kollegiyasının qərarı ilə respublikamızın 4 nömrəli turizm marşrutuna daxil edilən Balakən rayonunda 12 turizm marşrutu və rekresiya zonaları müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə uyğun olaraq son illər Balakən rayonunda da xeyli işlər görülmüş, müasir tələblərə cavab verən yeni turizm obyektləri yaradılmış, mövcud infrastruktur daha da yaxşılaşdırılmışdır.
Balakən şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında turistlərin, rayona gələn qonaqların, uşaq və gənclərin, habelə yerli əhalinin mənalı istirahətləri üçün hər cür şərait yaradılmış, yeni attraksion və yelləncəklər quraşdırılmışdır. Parkın ərazisində 1200 metr uzunluğunda kanat yolu, həmçinin 132 yerlik 4 ulduzlu “Qubek” oteli fəaliyyət göstərir.
Balakən rayonunda əsasən idman və kənd yaşıl turizmi inkişaf etməkdədir. Bundan əlavə, turistlər dağ, atçılıq, balıqçılıq, ovçuluq və digər turizm növlərinə də maraq göstərirlər.

Keçidlər