Şəhidlərimizin əziz xatirəsi hər zaman qəlblərdə yaşayacaqdır
Müasir Azərbaycan tarixinin ən faciəli, eyni zamanda ən şanlı səhifələrindən olan 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü Balakən rayonunda da silsilə tədbirlərlə qeyd olunmuşdur.
Tədbirlər planına uyğun olaraq faciənin ildönümü ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarında, ümumtəhsil məktəblərində, mədəniyyət evləri və kitabxanalarda, qəsəbə və kəndlərdə anma mərasimləri, xatirə gecələri, konfranslar, inşa yazı və rəsm müsabiqələri keçirilmiş, sərgi və guşələr yaradılmış, müxtəlif idman növləri üzrə xatirə turnirləri təşkil edilmişdir.
Yanvarın 20-də rayon ictimaiyyətinin nümayəndələri “Şəhidlər xiyabanı”na gələrək, burada uyuyan igid həmyerlilərinin məzarlarını ziyarət etmiş, üzərinə qırmızı qərənfillər düzmüşlər.
Mərasim iştirakçıları qanlı Yanvar hadisələrinin təşkilatçılarını, onların Azərbaycandakı havadarlarını lənətləmiş, 20 Yanvarın xalqımızın qan yaddaşından heç zaman silinməyəcəyini, şəhidlərin əziz xatirəsinin hər zaman qəlblərdə yaşayacağını bildirmişlər.
Yanvarın 20-də saat 12-də rayonun bütün yaşayış məntəqələrində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, məscidlərdə şəhidlərin ruhuna dualar oxunmuşdur.