2013-cü ildə sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilmişdir.
2013-cü ildə Balakən rayonunda 181,6 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 21,6 faiz artmışdır. Hesabat dövründə rayonda 5,9 milyon manatlıq sənaye, 57,6 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmiş, 69 milyon manatlıq tikinti işləri görülmüşdür. Əvvəlki illə müqayisədə kənd təsərrüfatı məhsulları istehsalı 7,5 faiz, tikinti işlərinin həcmi 51,3 faiz artmış, sənaye məhsulu istehsalı əvvəlki səviyyədə qalmışdır.
Bu faktlar 2013-cü ilin yekunları ilə bağlı Balakən rayonunda keçirilən yığıncaqda icra hakimiyyətinin başçısı cənab İslam Rzayevin hesabat məruzəsində səsləndirilmişdir.
Rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, Mədəniyyət Mərkəzinin foyesində rayonda istehsal olunan məhsulların sərgisinə baxmışlar.
Balakən rayonunun 2013-cü ildə sosial-iqtisadi inkişafından bəhs edən videoçarx nümayiş etdirilmişdir.
Məruzədə qeyd olunmuşdur ki, 2012-ci ildə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq dövlət qurumları tərəfindən kompleks tədbirlər davam etdirilmiş, qəzalı vəziyyətə düşdüyü müəyyən olunmuş 842 fərdi evdən 739-u sökülərək yenidən tikilmiş və sakinlərə təhvil verilmişdir. Bundan əlavə, zəlzələdən zərər çəkmiş kəndlərdə 2 yeni məktəb binası, 1 uşaq bağçası və 8 mənzilli ev tikilərək istifadəyə verilmişdir. Zəlzələ nəticəsində evləri zərər görmüş ailələrə ümumilikdə 11 milyon manata yaxın kompensasiya ödənilmişdir.
Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilmiş, 1540 şagird yeri olan 6 yeni məktəb binası, habelə təhsil şöbəsi üçün inzibati bina tikilib istifadəyə verilmişdir. Şəhər 1 nömrəli tam orta məktəbi “Ən yaxşı ümumtəhsil məktəbi” respublika müsabiqəsinin qalibi adını qazanmışdır.
Qeyd olunmuşdur ki, 2013-cü ildə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə tikilən və uzunluğu 15 kilometr olan Balakən-Qazma-Darvazbinə avtomobil yolunun tikintisi başa çatdırılmış, Balakən şəhərində məcburi köçkünlər üçün 45 mənzilli yaşayış binası, Kortala kəndində həkim məntəqəsi tikilib istifadəyə verilmişdir. Hazırda “Balakən-1” su-elektrik stansiyasının tikintisində son tamamlama işləri görülür.
Bildirilmişdir ki, 2013-cü ildə rayonda 6880 abonentə qaz xətti çəkilməklə təbii qaz istifadəçilərinin ümumi sayı 18 min 250 abonentə çatdırılmış və beləliklə, rayonun yaşayış məntəqələrinin qazlaşdırılması işi tam yekunlaşmışdır.
Qarşıda duran vəzifələrə toxunan məruzəçi bildirilmişdir ki, cari ildə kənd təsərrüfatının texniki və maliyyə təminatının yaxşılaşdırılması istiqamətində konkret layihələr işlənib hazırlanmalı, dövlətimizin başçısının tapşırığına uyğun olaraq iri təsərrüfatların, kooperativlərin yaradılması istiqamətində lazımi iş aparılmalı, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına nail olunmalıdır. Qeyd edilmişdir ki, 2014-cü ildə şəhərin içməli su və kanalizasiya sisteminin tikintisi, elektrik xətt təsərrüfatının yenidən qurulması, kənd yollarının təmiri və tikintisi, dağ çaylarında sahilbərkitmə işlərinin aparılması, yeni artezianların qazılması və digər layihələrin icrasına başlanılması nəzərdə tutulmuşdur.
Məruzə ətrafında çıxışlar olmuşdur.
Yığıncaqda Milli Məclisin deputatı Kamilə xanım Əliyeva və Prezident Administrasiyasının məsul işçisi cənab Əflatun Rufiyev çıxış edərək 2013-cü ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurları təhlil etmiş, cari ildə qarşıda duran vəzifələr barədə danışmışlar.
Yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.