Rayonda aqrar sahə dinamik inkişaf edir
Ötən ildə rayonda 57,6 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur, bu da 2012-ci illə müqayisədə 7,5 faiz çoxdur. İstehsal olunmuş məhsulun 55,8 faizi bitkiçilik, 44,2 faizi isə heyvandarlıq məhsullarının payına düşmüşdür.
Rayon üzrə ümumi məhsul buraxılışında kənd təsərrüfatı məhsulları istehsalının xüsusi çəkisi 31,7 faiz təşkil etmişdir.
2013-cü ildə rayonda yazlıq və payızlıq bitkilərin əkin sahələri əvvəlki ilə nisbətən 6,1 faiz artırılaraq 11 min 751 hektara çatdırılmışdır.
Ötən ildə rayonda rekord miqdarda - 42 min ton dən qarğıdalı istehsal olunmuşdur. Keçən il meyvəçiliyin inkişafına diqqət daha da artmış, 2012-ci ildə salınmış 123 hektar intensiv meyvə bağlarına qulluq göstərilmiş, Katex kəndində 48 hektar sahədə yeni meyvə bağları salınmışdır. Bu kənddə istifadəyə verilən soyuducu kameralar məhsulların saxlanılmasında mövcud olan problemləri aradan qaldırmış, meyvəçiliyin inkişafı üçün yeni imkanlar yaratmışdır.
Rayonda heyvandarlığın inkişafı da diqqət mərkəzində saxlanılmış, mal-qaranın, davarın, quşların baş sayı xeyli artmışdır.
Rayondə fəaliyyət göstərən “Azəryemsənaye” MMC tərəfindən xaricdən 214 baş iribuynuzlu mal-qara alınaraq rayona gətirilmişdir.
Qazbinə kəndində ətlik istiqamətində yaradılmış ferma rayonda heyvandarlığın inkişafına tezliklə öz töhfəsini verəcəkdir.