Balakənlilər tibbi müayinələrin keçirilməsini yüksək dəyərləndirirlər
Ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsi aksiyası balakənlilər tərəfindən də böyük razılıqla qarşılanmışdır. Rayon əhalisi insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyada fəal iştirak edirlər.
Tibbi müayinələrin mütəşəkkil keçirilməsini təmin etmək üçün xüsusi qərargah yaradılmış, cədvəl təsdiq olunmuşdur. Balakən rayonu üzrə 18 yaşdan yuxarı 67 minə yaxın insanın tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur. RİHB-nın müavini Nəzakət xanım Rüstəmovanın verdiyi məlumata əsasən 17-22 fevral tarixinədək 7 mindən çox rayon sakini tibbi müayinədən keçmişdir.
Bu günlər müayinələrin keçirildiyi Balakən rayon Mərkəzi Xəstəxanasına üz tutanların sayı əvvəlki günlərə nisbətən xeyli artmışdır. İnsanlar onlar üçün yaradılmış bu şəraitdən maksimum yararlanmaq istəyirlər.
Əlbətdə bu cür müayinələrin aparılması ilk növbədə əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Müayinələr Rayon Mərkəzi Xəstəxanası ilə yanaşı, Qabaqçöl qəsəbə xəstəxanasında, həmçinin Kortala, Katex və Talalar kənd həkim məntəqələrində həyata keçirilir. Bundan əlavə, ucqar kəndlərdə yaşayan əhalini tibbi müayinədən keçirmək üçün müxtəlif ixtisaslı həkimlərdən ibarət səyyar briqadalar da yaradılmışdır.
Belə aksiyalar dövlətimizin başçısının xalqımızın sağlamlığının qorunması üçün göstərdiyi qayğının bariz nümunəsidir. Son illər ölkəmizdə səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün çox böyük işlər görülmüş, ən müasir tibbi avadanlıq və cihazlarla təchiz edilmiş onlarla yeni xəstəxana kompleksi tikilib istifadəyə verilmişdir. 2010-cu ilin iyulunda cənab İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilən rayon xəstəxanası məhz belə səhiyyə ocaqlarındandır. Burada quraşdırılan rəqəmsal rentgen, ultrasəs, qastroskop, endoskop müayinə aparatları xəstəliklərin erkən aşkar edilməsində mühüm rol oynayır. Müayinəyə gələnlər daha çox ürək-damar, ağ ciyər, revmatik xəstəliklərindən əziyyət çəkdiklərini bildirirlər. Müraciət edənlər yüksək ixtisaslı həkim-mütəxəssislər tərəfindən müayinə olunur.
Müayinədən keçən insanlar onlar üçün yaradılmış bu şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmiş, belə aksiyaların davamlı olmasını arzulamışlar.