Balakənli məktəblilər ulu öndər Heydər Əliyevin irsini dərindən öyrənirlər
Xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsinin daha dərindən öyrənilməsi məqsədilə Balakən şəhərindəki Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün müəyyən olunmuş mövzular üzrə açıq dərslər davam edir.
Fevralın əvvəlindən başlanan açıq tarix dərslərində indiyədək 240 şagird Ulu Öndərin həyat və fəaliyyəti, zəngin irsi barədə dolğun məlumat əldə etmişdir. Mayın 20-dək davam edəcək dərslərdə rayonun 35 ümumtəhsil məktəbində təhsil alan 695 nəfər XI sinif şagirdinin iştirakı nəzərdə tutulmuşdur.
Tədris prosesinə yüksək peşəkarlığı, elmi və nəzəri biliyi ilə fərqlənən tarix müəllimləri cəlb edilmişlər.
Fevralın 24-də Heydər Əliyev Mərkəzində “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” mövzusunda növbəti açıq dərs keçirilmişdir. Dərsdə Balakən humanitar və texniki təmayüllü liseyin, habelə Qullar və Qazbölük kənd məktəblərinin XI sinif şagirdləri iştirak etmişlər.
Açıq dərsdə şagirdlərə ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi sahəsindəki tarixi xidmətləri barədə geniş və dolğun məlumat verilmişdir.